Foto 17:03 07.07.2020

Gənc diaspor fəalı: “Komitənin təşəbbüsü ilə xaricdə yaşayan gənc fəallar daha aktiv formada diaspor işinə cəlb edildilər”

Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 18 il ötür. Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyətə malik qurumun fəaliyyəti ilə bağlı Polşada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova ilə söhbətləşdik.

– Lalə xanım, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür. Bir gənc diaspor nümayəndəsi kimi, Sizcə, komitə bu müddətdə hansı işləri görə bildi?

– Düşünürəm ki, gənc bir diaspor nümayəndəsi kimi Azərbaycan diasporunun keçdiyi uzun və tarixi yola mənim qiymət verməyim bir qədər doğru olmaz. Çünki Azərbaycan diasporunda həyatını bu sahəyə həsr etmiş olduqca dəyərli insanlarımız, ziyalılarımız var. Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycanda diaspor quruculuğunun əsası ötən əsrin 90-cı illərində qoyulub. Ümumilli Lider Heydər Əliyevin xeyir-duasıyla birləşən xaricdəki azərbaycanlılar sonradan öz fəaliyyətini koordinasiyalı şəkildə həyata keçirdilər. 2000-ci ilin iyul ayının 5-də əvvəlki adı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə, sonradan Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətə başladı. Komitə fəaliyyət göstərdiyi bu müddət ərzində çox böyük layihələr həyata keçirib. Xaricdə yaşayan azərbaycanlılar arasında qarşılıqlı və faydalı əlaqələrin qurulması işinə böyük töhfə verib. Çox sevindirici haldır ki, minlərlə soydaşımız bu prosesə cəlb edilib və hər il onların sayında ciddi artım müşahidə edirik. Təsadüfi deyil ki, bu gün dünyanın 48 ölkəsində 487 diaspor təşkilatı, 9 dövlətdə isə Azərbaycan Evləri fəaliyyət göstərir. Bütün bunlar komitənin fəaliyyəti ilə bağlı müsbət fikirlər söyləmək, pozitiv mülahziələr söyləmək üçün yetərli amillərdir.

– İki ildən artıqdır komitəyə Fuad Muradov rəhbərlik edir. Onun rəhbərliyi dövründə həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?

– Düşünürəm ki, hörmətli Fuad Muradovun komitə rəhbəri təyin olunması Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində ciddi dönüş nöqtəsi oldu. Onun rəhbərliyi altında komitə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bir gənc diaspor fəalı olaraq deyə bilərəm ki, onun təşəbbüsü ilə xaricdə yaşayan gənc fəallar daha aktiv formada diaspor işinə cəlb edildilər. Məhz onun uğurlu fəaliyyətinin nəticəsidir ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının sayında əhəmiyyətli artım baş verdi. Eyni zamanda xaricdə Koordinasiya Şuraları, Azərbaycan Evləri yaradılmağa başladı. Uzun müddət daxili çəkişmələrın qurbanına çevrilmiş diaspor təşkilatlarının nəzəri fəaliyyətdən əməli fəaliyyətə keçidi təmin edildi. Bilirsiniz ki, bir sıra səbəblərdən erməni diasporu hər zaman güclü olub və bunun tarixi səbəbləri var.
Lakin bu gün Azərbaycan diasporu qısa müddətə böyük yol qət edib və bəzi dövlətlərdə artıq erməni lobbisini geridə qoyur. Bütün bunlar heç şübhəsiz Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, komitə rəhbərliyinin məntiqli və düşünülmüş qərarlarının nəticəsidir. Fürsətdən istifadə edib, diaspor günü münasibətilə bütün diaspor fəallarını təbrik edirəm.

– Polşada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəriniz. Rəhbəri olduğunuz qurumun fəaliyyəti nə yerdədir?

– Bilirsiniz ki, son illər soydaşlarımızın ən çox üz tutduğu ölkələrdən biri Polşadır. Son illərdə Polşaya işləmək, oxumaq və yaşamaq üçün gedənlərin sayında ciddi artım var. Bizim əsas fəaliyyətimiz Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlılar arasında koordinasiya yaratmağa nail olmaq, soydaşlarımızın problemlərinin həllində onlara yardım etməkdən ibarətdir.
Bilirsiniz ki, hazırda dünya koronavirus bəlasından əziyyət çəkir və bu virus bütün bəşəriyyəti təhdid edir. Dünyanın hər yerində həyat donub, şəhərlər kabus halına gəlib. Həyata keçirilən addımlar nəticəsində əksər iş yerləri müvəqqəti bağlanıb.

Bildirmək istəyirəm ki, pandemiyanın tüğyan etdiyi ilk ağır günlərdə Polşa dövlətindən heç bir təzminat almayan soydaşlarımız sığınacaq olaraq bizi – Polşa Azərbaycan Evini seçdilər. Əslində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan Azərbaycan Evləri sırf mədəniyyətimizin təbliği üçün nəzərdə tutulub, yəni, müvəqqəti sığınacaq kimi istifadə üçün şərait yox idi. Amma biz çətin dövrü nəzərə alaraq birlik göstərib, vətəndaşlarımızın burda yerləşdirilməsinə nail ola bildik. İki ay ərzində 150-ə yaxın müraciət aldıq . Elə müraciətlər oldu ki, onlara dərhal, anında yardım etdik. Amma bəzi müraciətləri də səfirliyə də Diaspor Komitəsinə yönləndirdik. Həmçinin Polşada sərhədlər bağlansa da, Belarusda sərhədlər açıq idi və 19 azərbaycanlıya Azərbaycana qayıtmaq üçün yardım göstərdik.

//Sosium.az