5 noyabrda Gəncə şəhər İncəsənət Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, ADRA Tələbə Gənclər Təşkilatının və Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə həyata keçirilən "Gəncə" - Gəncənin gənc rəssamlarının sərgisinin açılışı olub.
Açılışda çıxış edən Gəncə şəhər Mədəniyyət şöbəsinin nümayəndəsi Bəxtiyar Muradov layihəni mədəni mühit üçün zəruri olduğunun və sərginin Gəncənin 2016 –ci il “Avropa Gənclər Paytaxtı” olmaq mübarizəsi uğrundakı yolda bir addım kimi qiymətləndirdi. Gəncə şəhər uşaq rəssamlıq məktəbinin direktoru Habil Əzizov isə məktəbin bir çox istedadlı tələbələr yetişdirdiyini və onların cəmiyyətdə böyük nəaliyyətlər əldə etməsini arzu etdi. Layihə rəhbəri Mehbarə Abbasova öz çıxışında layihə haqqında məlumatlandırıb dəstək verən bütün qurumlara təşəkkürünü bildirdi.
Sərgidə gənc rəssamların müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunur. Ekspozisiyada Amil Quliyev, Orxan Qarayev, Vüsal Rəhim, Şəhla Nəzərova, Məhər Məhərrəmov, Ülviyyə Verdiyeva, İmaməddin Həsənov və digər gənc rəssamların əsərləri ekspozisiyaya daxil edilib. Qeyd edək ki, sərgi 8 noyabradək açıqdır. Giriş sərbəstdir.
Layihənin məqsədi bölgədə olan mədəni həyatın inkişafına təkan vermək, bədii sərgi həyatını canlandırmaq, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni ilkin olaraq qurmaq və gələcək inkişafına zəmin yaratmaq, Gəncədə müxtəlif istiqamətlərdə işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir. Layihə çərçivəsində təşkil olunan sərgi Gəncə şəhərinin bədii həyatının hazırki vəziyyətini nümayiş etdirəcək.
Qaynar.info
Şərhlər