Siyasət 18:58 11.10.2022

Gəncə terrorundan iki il keçdi: Azərbaycan erməni vəhşiliyini dünyaya sübut edə bildimi? – Deputatın şərhi

44 günlük savaşda erməni terrorçuları Azərbaycanın ikinci böyük şəhəri Gəncəni 5 dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə tutublar. 2020-ci ilin oktyabrın 4-də birinci dəfə atılan raketlərin törətdiyi dağıntılara görə Azərbaycan tərəfi məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, qarşı tərəf bu ittihamı rədd etdi. Həmin gün atılan üç raket zərbəsi nəticəsində bir nəfər həlak olub, 36 nəfər müxtəlif bədən xəsarətləri alıb. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən evlər tamamilə dağılıb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Oktyabrın 5-də Ermənistan tərəfindən atılan növbəti raketlər Gəncənin "Grand Qafqaz” Ticarət Kompleksinə düşüb.
 
Səhər saatlarında atılan 3 raket zərbəsi nəticəsində 3 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəyib. Bundan başqa, "İmamzadə” dini kompleksində də dağıntılar olub. Oktyabrın 8-də ermənilər Gəncəyə üçüncü raketi atdılar. Ölən və yaralanan olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Gecə saat 3 radələrində atılan raket Həsən Əliyev və Pərviz Səmədov küçələrində yerləşən qeyri-yaşayış sahəsində xeyli dağıntı törətdi, bir avtomobil tamamilə yararsız hala düşdü. Bundan başqa, 1887-ci ildə xeyriyyə vəsaiti ilə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə də ziyan dəydi. Erməni vandalların oktyabrın 11-də saat 02:00-da atılan raketlər şəhərdə böyük dağıntılar törətdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, şəhər Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən "Skad” tipli ballistik raketlərlə atəşə tutulmuşdu. Raketlər yaşayış ərazisinə düşüb və ətrafda olan bütün binaları dağıdıb. Raket zərbəsi nəticəsində 31 mənzili tamamilə uçub, hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan vurulub. Hücum nəticəsində 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşüb. 10 nəfər həlak olub, 34 nəfər yaralanıb. Oktyabrın 17-də gecə saatlarnda ermənilər yenə "Skad” ballistik raketləri ilə Gəncəni atəşə tutdular. Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində böyük dağıntı oldu. Çünki raketlər əhalinin sıx yaşadığı əraziyə düşüb. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan gördü. Hadisə zamanı 20 ev dağılmış, xeyli sayda mülki şəxs dağıntının altında qalıb. Hücum nəticəsində 15 nəfər həlak olub, 54 nəfər yaralanıb. 

Beləliklə, Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və  yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla,  ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib. 

Gəncə qətliamının ildönümü ərəfəsində Azərbaycan ermənilərin bu vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaq üçün məsələni hansı instansiyalar qarşısında  qaldırdı? Bu qətliamı dünyaya sübut edə bildikmi? 

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Gəncə cinayətini törədənlərin  məsuliyyətə cəlb edilməsi üçün Azərbaycanın hüquq mühafizə orqanları öz imkanları çərçivəsində müəyyən addımlar atıb:
 
 
"Gəncədə Azərbaycan vətəndaşlarına qarşı erməni vandallarının etdiyi hücum hərbi cinayətdir, terrordur. Bununla bağlı prosesi araşdırmaq yolunda Azərbaycan  hüquq mühafizə orqanlarında mühüm addımlar atılıb. Azərbaycan Baş Prokurorluğunda hadisə ilə bağlı cinayət işi başladılıb. Cinayət törədənlərin  məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycanın hüquqi imkanları çərçivəsində müəyyən addımlar atılıb”. 

Bununla belə, deputatın dediyinə görə, beynəlxalq müsatəvidə ermənilərin cinayət əməlinə münasibət bildirilməsi iastiqamətində təəssüf ki, bu günə qədər ciddi irəliləyiş əldə olunmayıb. Bu da H.
 
Babaoğlunun fikrincə, ikili standartlardan qaynaqlanır:
 
"Ermənilərin Gəncə terrorunu törətmələrindən iki il keçir. Bu o demək deyil ki, Azərbaycan məsələni düzgün təqdim edə bilmir, onun hüquqi qiymətləndirməsilə bağlı beynəlxalq qurumlar qarşısında məsələni düzgün qaldıra bilmir. Əsla belə deyil. Məsələ ondadır ki, siyasətdə ikili standartlar olduğu kimi,   beynəlxalq hüququn tətbiqində də ikili standartlar hökm sürür. İnsan hüquqları təşkilatları da bu cür məsələlərə ikili standart eynəyindən baxır. Ona görə də cəhdlərimiz yaxşı nəticələrə gətirib çıxara bilmir. Şərqi Avropada müharibə fonunda da bənzər hadisələr baş verir. Bu zaman onun şahidi oluruq ki, Avropanın insan hüquq təşkilatları, ayrı-ayrı dövlətlər dərhal məsələyə reaksiya verir. Əslində  belə də olmalıdır. Amma Azərbaycana münasibətdə isə belə operativ, ədalətli  reaksiyaları görmürük. Bu bir daha sübut edir ki, bənzər eyni hadisələr zamanı  Avropa institutları fərqli davranır”.

Həmsöhbətimiz bildirir ki, Azərbaycan bu istiqamətdə də mübarizəni sonadək davam etdirəcək:
 
"Azərbaycan döyüş meydanında erməni hərbi cinayətinin cavabını verib. Amma məsələnin hüquqi qiymət alması və dünya tərəfindən qınanılması məsələnin mühüm hüquqi və mənəvi aspektidir. Bütün hallarda  Azərbaycan mübarizəni davam etdirəcək. Erməni hərbi cinayətlərini mütləq  Avropanın müvafiq məhkəmə institutlarında qaldıracağıq”.
 
Rüfət Sultan