Adil Qeybulla: "Pasientin, xüsusən də gənc şəxsin əməliyyatda dünyasını dəyişməsi ciddi araşdırılmalıdır"
Məlum olduğu kimi, bu günlərdə Bakıda özəl klinikalardan birində burun estetik əməliyyatı (rinoplastika) zamanı 16 yaşlı yeniyetmə oğlan dünyasını dəyişdi. Faktla bağlı araşdırma işləri aparılır.
Qeyd edək ki, buna qədər bir neçə gənc və yeniyetmənin burun estetik əməliyyatından sonra dünyasını dəyişdiyinin şahidi olmuşuq. Məsələn, iki il öncə Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan 18 yaşlı qız rinoplastika əməliyyatının qurbanı olmuşdu. Hadisədən bir qədər sonra onun əməliyyat olunduğu özəl klinika bağlanmışdı.
Gəncədə isə 17 yaşlı Aygül Orucova özəl tibb mərkəzlərinin birində burnundan əməliyyat olunarkən dünyasını dəyişmişdi. Həmin hadisədə əməliyyat zamanı gənc qız narkozdan ayıla bilməmişdi. Həkimlərin bütün səylərinə rəğmən qız dünyasını dəyişmişdi.
Əlbəttə ki, istər klinikaların bağlanılması, istərsə də həkimlərin cəza alması estetik gözəlliyin qurbanı olmuş gəncləri geri qaytarmır.
Ümumiyyətlə, müşahidələr də onu göstərir ki, illər öncə Amerika, Avropada, İranda dəb halını alan plastik əməliyyatlar artıq Azərbaycanda da sürətlə artmağa, adiləşməyə başlayıb. Nəticədə gözəllik qurbanı olanların da sayı da artmaqdadır. Əgər əvvəllər şou-biznes nümayəndələri, sənətçilər estetik əməliyyatlara üz tuturdusa, hazırda sadə insanlar da müraciət edir, bəzən bu əməliyyatlar üçün banklardam kredit götürür və sairə. İnsanlar keçirəcəyi estetik əməliyyatların onlara həyatı bahasına başa gələcəyini, ölüm riskini bilə-bilə yenə də bu yola addım atırlar.
Heç də gizlin deyil ki, estetik cərrahiyə inanılmaz dərəcədə inkişaf etsə belə, hər zaman təhlükəlidir. Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki, istənilən cərrahiyə əməliyyatının ölüm riski var. Belə ki, əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı varsa, bu da təhlükə yarada bilər.
Təəssüf ki, ölkəmizdə gözəllik qurbanı olanlar daha çox 18-22 yaşlı gənclərdir. Nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər.
Ən çox müraciət olunan estetik əməliyyat hansıdır?
Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat "ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb.
"Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.
"Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.
Araşdırmalara görə ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə "rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.
Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.
Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə, təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.
Bəs gəncləri qurbanına çevirən burun əməliyyatı nə dərəcədə təhlükəlidir?
Qeyd edək ki, əksər mütəxəssislər burun əməliyyatının 18 yaşdan sonra aparılmasını məsləhət görür. Həkimlər xüsusən də yetkinlik yaşına çatmayanların burunun estetik əməliyyatına müraciət etməsinin təhlükəli olduğunu bildirirlər. Erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsi daha çoxdur. Buna səbəb isə yeniyetməlik dövründə digər orqanlar kimi burunun da formalaşması tam başa çatmır. Yalnız 18-19 yaşdan sonra bu proses yekunlaşır. 18 yaşdan əvvəl burun əməliyyatı edilərsə, gələcəkdə mütləq tənəffüsdə problemlər ortaya çıxarır. Maraqlıdır ki, son illərdə gənc qızlar qədər gənc oğlanların da estetik əməliyyata müraciətləri artıb.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla musavat.com-a danışıb: "Bir şeyi həmişə nəzərdə saxlamaq lazımdır ki, istənilən şəxsin evdə və yaxud xəstəxanada dünyasını dəyişirsə, mütləq bu məhkəmə tibbi ekspertizanın subyekti olmalıdır. Yəni, mütləq ölümün səbəbi araşdırmalı, diaqnoz qoyulmalı, sonra verilməlidir. Çox təəssüf ki, çox zaman bu səs-küyə səbəb olsa da, sonradan ört-basdır edilir, olduğu kimi qalır.
Sonuncu hadisədə də çox güman ki, bu cür olacaq. Müxtəlif rəylər veriləcək, bu rəylər daha çox özünü müdafiə xarakteri daşıyacaq.
İkinci bir bir tərəfdən, dünya ölkələrində şəxs estetik əməliyyata girməzdən əvvəl psixoloq və hüquqşünasla danışılır, ümumi müqavilə imzalanır, daha sonra estetik əməliyyat aparılır. Çünki müraciət edənlər xəstə sayılmır, onlar xüsusi statuslu pasiyentlərdir. Yəni, bu pasiyentlər əməliyyata girməsələr də sağlamlığı təhlükə altında olmur.
Qeyd olunduğu kimi, ölkəmizdə burun əməliyyatı, rinoplastika geniş yayılıb. Bu əməliyyat zamanı pasiyent tənəffüs orqanları müayinəsindən keçir və əməliyyat üçün narkoz alır. Yəni burada ciddi təhlükə olmur. Əgər problem olubsa, bu mütləq araşdırılmalıdır. Nəzərə alaq ki, pasiyent gənc olub, onda təhlükə riski azdır. Bir daha qeyd edirəm ki, əməliyyat zamanı və yaxud əməliyyatdan sonra pasiyent dünyasını dəyişirsə, bu məsələ ciddi araşdırılmalıdır. Ola bilsin ki, pasiyent əməliyyatdan öncə tam araşdırılmayıb, yoxlanılmayıb və yaxud əməliyyat zamanı hansısa yanlışlığa yol verilib, qanaxma baş verib və sairə. Düşünürəm ki, bu araşdırmalardan sonra daha dəqiq obyektiv rəy verə bilərik. Ümumiyyətlə, sağlam və gənc şəxsin əməliyyata girib, dünyasını dəyişməsi təəssüfedici və yolverilməz haldır.
Düşünürəm ki, cəmiyyətimiz maraqlı olmalıdır ki, bu cür məsələlər sona qədər araşdırılsın".
Adil Qeybulla onu da bir daha vurğuladı ki, estetik əməliyyata girməzdən əvvəl mütləq psixoloqla məsləhətləşmək lazımdır: "Burun formasının dəyişdirmək istəyən şəxsi psixoloq bu istəyindən daşındıra bilər. Bəzən burun çəpəri əyriliyi, bu zaman tənəffüs almaq çətinləşir və yaxud doğuşdan sonra bəzi qadınların qarnı nahiyələrində estetik deformasiya olur ki, bu zaman korreksiyaya ehtiyac olur, bəzən bunlar psixoloji gərginlik gətirir və sairə. Xarici ölkələrdə bu məsələni psixoloq həll edir. Amma təəsüf ki, Azərbaycanda pasiyent birbaşa estetik cərrah ilə təmasda olur, əməliyyata girir və bəzən bu xoşagəlməz halla, ölümlə nəticələnir. Bu məsələ xarici ölkələrdə olduğu kimi tənzimlənmədiyindən hələ də bu sahədə problem yaşayırıq".
İlk estetik əməliyyata girən azərbaycanlı məşhurlar kimlərdir?
Vaxtilə Sovet dövründə plastik əməliyyatlar çox az idi və ancaq Moskvada, mərkəzi klinikalarda aparılırdı. Orada nəinki hər tərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi lazım idi.
Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı keçirən məşhur xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.
Məşhur Azərbaycan müğənnisi Nəzakət Məmmədovanın isə plastik əməliyyat etdirməsi həyatı bahasına başa gəlib. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.
Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymayıb. Və elə əməliyyat stolundaca dünyasını dəyişib.
Şərhlər