Xəbər lenti

“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
Ölkə 15:51 19.06.2019

“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

İyunun 19-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisindəki "Qobu Park” yaşayış kompleksində Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş "Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib. 

Festivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır. 
Festivalın açılış mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, qaçqınlar və məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir. 
Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramında bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Onların təhsil, səhiyyə və digər problemlərinin həllində Heydər Əliyev Fondu da fəal iştirak edir.
Bir daha xatırladılıb ki, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olan məcburi köçkün abituriyentlər təhsil haqqı ödəməkdən azaddırlar. Hər il yüzlərlə gənc bu imtiyazdan istifadə edir. Məcburi köçkünlərin məşğulluğunun artırılması üçün son bir il ərzində Dövlət Komitəsinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkün qəsəbələrində üç dəfə əmək yarmarkası keçirib. Görülən işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 16 ildə 75 faizdən 12 faizədək azaldılıb. 
Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib. 
Festival qəsəbədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb. 
Festival 10 gün müddətində Bakı və Gəncə şəhərlərində, Abşeron və Biləsuvar rayonlarında məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə davam etdiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->