Hüseynbala Səlimov
Ötən həftə Bakıda iki generalın - Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı Kertis Skaparottinin görüşü baş tutdu.
Hər iki generalı ilk olaraq dövlət başçsısı qəbul etdi, daha sonra isə bilavasitə generalların görüşü başlandı.
Əslində bu, indiyə qədərki ənənənin bir növ məntiqi davamı idi və generallar da bu ənənəyə sadiq qaldılar,- birinci görüşü Bakıda başladıqları kimi növbəti tədbiri də burada keçirməyə qərar verdilər.
Amma sözsüz, bu, həm də Bakının apardığı hərbi siyasi kursa sayğının göstəricisi kimi yozulmalıdır.
Belə ki, prosesdə iki böyük dövlətin çox yüksək hərbi məmurunun iştirakı onların təmsil etdikləri dövlətlərin Bakının Dünyanın hərbi-siyasi arxitekturasındakı yerilə hesablaşmasını təsdiq edən daha bir jest idi.
Bu qəbildən olan ilk görüş zamanı rusiyalı analitik və politoloqlar yazırdılar ki, Bakı çox tez zamanda müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən Minski tamamilə əvəz edə bilər və hiss olunurdu ki, nəinki rusiyalı siyasi təhlilçilər, eləcə də müxtəlif çəkili diplomatlar və siyasətçilər bunda maraqlıdırlar, çünki belə görüşlərə həqiqətən inkişaf etmiş, üstəlik, illərdir ki, Mockvadan uzaqlaşıb - yaxınlaşmaqla məşğul olan Belarusdan fərqli həm Qərblə, həm də ki, Rusiya ilə daha müəyyən siyasət aparan Azərbaycanın sahiblik etməsi daha məntiqli görünürdü.
Bilirsiniz, bunun özü də çox böyük irəliləyişdir və etiraf etmək gərəkir ki, Azərbaycan siyasətinin və diplomatiyasının uğurudur.
Yerləşdiyimiz region elə geosiyasi arealdır ki, burada Kremlin böyük maraqları var. Üstəlik, əski sovet regionunda indi bəlkə də Kremlin yalnız Baltik ölkələrilə bağlı iddiası yoxdur, çünki istər -istəməz hamı barışmalı olub ki, keçmiş sovetlərin bu seqmenti artıq Avropanın ayrılmaz hissəsidir.
Amma qalan keçmiş sovet ölkələrilə bağlı bunu qəti demək olmur, Rusiya daim bu ölkələri təhdid edir, onları özünün hərbi– siyasi orbitinə cəlıb cəlb etməyə, yenidən öz satellitlərinə çevirməyə çalışır.
Siyasi prosesləri çoxdan izləyən oxucular, xüsusən də orta yaşlı oxucu nəsli bu müstəvidə necə çətinliklərin yaşandığını gözəl bilir və xatırlayır.
O dövrün orta statistik vətəndaşından belə soruşsan ki, Kreml axı nə istəyirdi, nəyə çalışırdı, birmənalı şəkildə deyəcək ki, məqsəd Rusiyanın hərbi bazalarını qaytarmaq, milli sərhədlərdə rus əsgərlərini yerləşdirmək və gənc dövlətlərin xarici siyasətini və müdafiə sistemini öz maraqlarına tabe etmək idi.
Demək olmaz ki, indi bütün bunlara birdəfəlik son qoyulub və Kreml ambisiyaları ilə vidalaşıbdır. Yox, belə deyildir, sadəcə, artıq Moskva da bəzi reallıqlarla hesablaşmaq zorundadır.
Bu illərin ərzində Kreml sərəncamındakı bütün vasitələrlə bir çox keçmiş sovet ölkələrinin əzmini qırmağa, onları təkrarən Mockva tərəfə yönəltməyə çalışdı: ölkələr ərazilərində böyük siyasi qarşıdurmalar, etnik münaqişələr yaşadılar, hətta ərazilərinin bir hissəsinə nəzarəti belə itirdilər, amma sınmadılar, müstəqillik yolundan sapınmadılar.
İş o yerə çatmışdı ki, onların bəzisində siyasi hakimiyyətlər az qala, ilin fəsilləri kimi dəyişir, sabitlik isə əlçatmaz arzuya çevrilmişdi...
Bu cür sınaqdan çıxan ölkələrdən biri də Azərbaycan oldu: addım -addım öz müstəqil siyasətini yürütdü və Moskvada da başa düşdülər ki, bir neçə ölkə var ki, ən yaxşısı onlarla əməkdaşlıq etməkdir. Bunlardan biri də Azərbaycandır.
Bəli, Bakı neçə illərdir ki, balanslaşdırılmış siyasət yürüdür, hərbi bloklara münasibətdə qoşulmama siyasəti aparır. Elə bu yaxınlarda qoşulmama hərəkatının böyük bir tədbirinə ev sahibliyi edildi və təbii ki, bu tendensiyalar Kremldə də, Ağ Evdə də ciddi şəkildə izlənilir və diqqətlə öyrənilir.
Ona görə də generalların görüş üçün təkrar - təkrar Bakını seçməsi heç də sıradan olan bir hadisə deyil. Bu, çox ciddi münasibət, ən başlıcası da böyük güclərin Azərbaycana baxışının təzahürüdür.
Bəzən belə fikirlər də səslənir ki, guya Bakı həddən ziyadə ehtiyatlı siyasət aparır, NATO-ya can atan Gürcüstandan, Moldovadan və Ukraynadan fərqli olaraq "saatlarını Brüssellə tutuşdurmur” və ümumi prosesdən geri qalır.
Qətiyyən belə deyildir. Birincisi, adı çəkilən ölkələr NATO-ya üzv olmaq üçün çox böyük fədakarlıq və əzm nümayiş etdirsələr də Alyans bunun qarşılığında yetərincə soyuq davranır, onları sıralarına qəbul etməyə tələsmir, az qala, hər il əməkdaşlığın "yeni” formatını və ya tam üzv olmaq yolunda növbəti "pillə” fikirləşib tapırlar, məqsədsə tamam başqadır: Şimali Atlantika Bloku hələ problemli Gürcüstanı, Moldovanı və Ukraynanı sıralarına qatmağa tələsmir.
Skarapotti də Bakıda artıq çeynənmiş və şablona çevrilmiş sözləri üyüdüb tökdü: Azərbaycan NATO üçün önəmli ölkədir, Əfqanistanla bağlı əməliyyatlarda o, çox fəal iştirak edir və buradan çox mühüm yük daşımaları həyata keçirilir və s. və i...
Adam qeyri-ixtiyari özündən soruşur ki, bütün bunları nə qədər eşitmək olar?
Ona görə də Azərbaycan haqlı olaraq siyasətində "sıfır variantı”na üstünlük verir: NATO-dan da, elə KTMT-dən məsafə saxlayır, əvvəldə dediyimiz kimi, bloklara qoşulmamaq siyasəti yürüdür.
Düzdür, bəzən iradlar eşidilir ki, Ukraynanın, Gürcüstanın və Moldovanın Qərblə dərin inteqrasiya yolu tutması ona gətirib çıxardı ki, Qərb dövlətləri Dağlıq Qarabağdan fərqli olaraq Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrə münasibətdə daha birmənalı mövqe tutdu.
Burada iki ciddi nüans vardır. Birincisi, Qərbin hansı mövqe tutmasından asılı olmayaraq sadaladığımız münaqişələrin də heç biri həll edilməyib, hətta deyərdik, bəzisi Dağlıq Qarabağ münaqişəsindən daha qəliz duruma düşübdür.
İkincisi, Dağlıq Qarabağ probleminə fərqli münasibətin kökündə bir başqa amil dayanır: həmsədr ölkələrin özlərində belə çox güclü erməni diasporası və lobbisi var və onlar həmin ölkələrin siyasətinə ciddi təsir edirlər.
O ki qaldı bizim apardığımız hərbi-siyasi kursa, demirik ki, Kremli bu, tamam qane edir, yox, belə deyil, amma hesablaşmaq məcburiyyətindədirlər. Budur, general Gerasimov özünün NATO - dakı həmkarı ilə görüşmək üçün bura – Bakıya təşrif buyurur.
Düzdür, ruslar bunu da çox özünəməxsus şəkildə təqdim edirlər; guya ki, Gerasimov burada görüş yox, qəbul keçirir! Məsələn, "Nezavisimaya qazeta” görüşə həsr olunmuş yazıya belə başlıq qoymuşdu: "Qerasimov prinyal qlavkoma NATO v Baku” – yəni, Gerasimov Bakıda NATO-nun qərargah başçısını qəbul etdi!..
Düşünürük ki, burada xüsusi şərhə ehtiyac yoxdur. Amma nə olursa-olsun, bu və ya digər bir qəzet yazılarına hansı başlığı seçirsə-seçsin, bir məsələ aydındır: Bakı çoxdan hərbi-siyasi seçimini edibdir və Rusiya da bununla hesablaşmağa məhkumdur...
Şərhlər