"Gömrük rüsumu dərəcələrinin daha 3 il müddətinə uzadılması həmin qərarla bağlı olan sahələrin elastikliyinə, qiymət artımına səbəb olmamasına, yerli istehsalın təkmilləşdirilməsinə, paralel olaraq idxal amilindən xilas olmağımıza xidmət edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik etməsilə ixrac rüsumu dərəcələrinin 3 il müddətinə uzadılmasının verəcəyi üstünlüklərdən danışarkən deyib:
"Nəzərə alaq ki, Azərbaycanda gömrük dərəcələrində kifayət qədər pilləlilik var. Eyni zamanda, müvafiq qərarlarla bəzi sahələr demək olar ki, gömrük rüsumlarından tamamilə azad olunub. Bu, strateji cəhətdən vacib, istər sənayenin, istərsə də biznesin inkişafına xidmət edən sahələr və ərzaq təhlükəsizliyilə bağlı reallaşan bir çox proqamlardır.
Mövcud vəziyyətdə gömrük dərəcələri müddətinin daha 3 ilə uzadılması müəyyən dövrdə yenidən sözügedən sahələrin elastikliyinə, qiymət artımına səbəb olmamasına, yerli istehsalın təkmilləşdirilməsinə, paralel olaraq idxal amilindən xilas olmağımıza xidmət edən bir siyasətdir. Sənaye parkları və sənaye məhəllələrində artıq qeyri-neft sektorunun şaxələnməsinə doğru gedirik. Bu isə o deməkdir ki, artıq Azərbaycanda istehsal olunan məhsulların şaxələnməsilə mərhələli şəkildə onun tərkibində olan idxal amilinin xüsusi çəkisi də tədricən aradan qaldırılacaq. Bu layihə ümumilikdə kompleks şəkildə məhz həmin istiqamətə xidmət edəcək”.
Ekspert bununla belə düşünür ki, ola bilsin, müəyyən dövrdən sonra əlavə imtiyazlara da ehtiyac olsun:
"Düşünürəm ki, Nazirlər Kabineti ona da operativ, elastik reaksiya verməlidir. Elə bir sahəyə ehtiyac yarana bilər ki, orada da idxal rüsumundan azad olmaya gedə bilərik. Yaxud da sahələrdən hansılarındasa mövsümi və yaxud qısa müddətli azalmaya da gedə bilərik. Bu nöqteyi-nəzərdən də müdaxilə imkanlarımız geniş olmalıdır”.
Rüfət Sultan
Şərhlər