Xəbər lenti

Göy, yoxsa gey qurşağı?
Aqşin YENİSEY
Ölkə 11:56 02.06.2023

Göy, yoxsa gey qurşağı?

Medianı modern dünyanın kilsəsi adlandırırlar. Modern bəndəni artıq media vəftiz edir, yaxud günahlandırır. Bu gün dünyada sözü və fikri azad olan adamlar var, amma bu o demək deyil ki, azad media da var.  

Yaşadığımız postmodern xaosun üç əsas kəşfindən biri cəmiyyətin "azad" media vasitəsilə idarə olunmasıdır. Arxasındakı güclər mediaya elə bir azadlıq verirlər ki, ayrı-ayrı qurumların, fərdlərin azadlığını ölçmək və bunu donoslaşdırmaq imkanı olsun. Medianın azadlığı yerdə qalanların azadlığına nəzarət funksiyasi ilə görəvləndirilir. Hakim güc azad medianın təlimatlarına baxaraq qurumların və fərdlərin həyatına müdaxilə edir. Onları ya mükafatlandırır, ya cəzalandırır. 

Yəni medai azadlığı medianın özünə deyil, ona verilən azadlığın sahibinə xidmət edir. Söz aşağılarla yuxarılar arasında alğı-satqı vasitəsinə çevrilir.  

Azadlıq səlahiyyətləşdirilir.

Söz mənəviyyat daşıyıcısi libasını çıxarır, informasiya daşıyıcısı uniformasını geyinir. 

"Azad söz" deyimi, əslində, sözə geyindirilmiş uniformadır. Subyektə görə, sosial haqqdır, obyektə görə, məsələn, linç daşıdır. Azad söz öz sahibini qəhrəmanlaşdıraraq kölələşdirir. 

Azadlıq  yeniçəriləşdirilir.   

Bu vaxta qədər söz gücün gizli şahidi idi, indi isə açıq-aşkar şərikidir!

Məsələn, bu gün "azad media”nın dilində göy qurşağı artıq gey qurşağı deməkdir. Niyə? Çünki arxasındakı güc belə buyurur. 

Göy qurşağını artıq "Gey qurşağı” kimi görməyimizin qarşısıalınmaz səbəbləri haqqında düşündükcə mədəniyyət əmbizinin anac toyuğuna çevrilir adam. 

Bu əmbizdə eşənək atdıqca ortaya çıxır ki, Vakka kimi yazarların kəhanəti deyəsən gerçəkləşir: Yeni bir Orta əsrlərə daxil oluruq. 

Orta əsrlər insanı teosentrik (allahmərkəzli) insan idi, bütün fikirlərin allahdan gəldiyinə inanırdı və bütün həyatını din üzərində qurmuşdu. 

Amma hansı din? Əlbəttə ki, öz məqsədləri naminə təriqətlər halına sala bildiyi din. Təriqətlər bütün dinlərdə dinə yaxınlaşma deyil, dindən uzaqlaşma praktikasıdır. Dinin ali dəyərlərini sektaların şəxsi, siyasi, iqtisadi və s. maraqlarına uyğunlaşdırmaq cəhdləridir. Bu gün bütün dünyada "əsl din” deyə bir şey yoxdur, inanclılar din adı altında Orta əsr təriqətlərinə inanırlar. 

Bu gün heç harada "əsl islam” olmadığı kimi "əsl xristianlıq”, "əsl musəvilik” də yoxdur. "Əsl islam” təriqətləşməmiş islamdır ki, bu da heç kimə lazım olmayan bəşəri dəyərlər toplusudur. 

"Əsl islam” din deyil, mədəniyyətdir! "Əsl islam” müsəlmanın bu gün daş-qalaq etdiyi bir dindir. Bu davranış digər dinlərə də aiddir. 
Təriqəti əsas məqsədi sayca çoxalmaq, dünya insanını zəbt etməkdir. Allahmərkəzli təriqətlər çoxalma prosesində ədəbiyyatın, xüsusilə şerin gücündən istifadə edirdilər.

Bu gün dinindən asılı olmayaraq inanclıların adına din deyib inandıqları işlərinə yarayan Orta əsr təriqətləridir.

Modern çağ insanı antoposentrikdir (insanmərkəzli). O düşünür ki, bütün ideyalar insandan gəlir və insana qayıdır. 

Sosializm, kommunizm, faşizim, liberalizm, neoliberalizm, feminizm, lgbt-çilik və s. modern çağın təriqətləridir ki, ümumi "demokratiya” adı altında iş görürlər. Teosentrik təriqətlər kimi, antroposentrik təriqətlərin də məqsədi dünya insanını zəbt etməkdir.

Bu gün dünyada "əsl din” olmadığı kimi, "əsl demokratiya”da yoxdur. "Əsl demokratiya” da heç kimə lazım olmayan bəşəri dəyərlərdir ki, onun üzərində nə sosialist, nə faşist, nə neoliberal, nə feminist cəmiyyət qurmaq və yaymaq mümkündür. Özünə demokrat deyən də bu modern təriqətlərdən birinin üzvüdür ki, yoluna yaramayan bütün fikir və fərdlərin düşmənidir. 

Yad düşüncəyə aqressiv münasibət baxımından bir qərməti ilə bir neoliberalistin heç bir fərqi yoxdur. 

Modern təriqətlər də dünya insanını zəbt etmək üçün sələfindən fərqli olaraq, ədəbiyyatın deyil, "azad media”nın gücündən yararlanır. Söz və fikir azadlığını da buna görə siyasiləşdiriblər. 

Göy qurşağının Gey qurşağı kimi anlaşılması demokratiya adı altında təriqətləşmiş LGBT-çiliyin media vasitəsi apardığı təbliğatın nəticəsidir. Zəruru qeyd olaraq bildirim ki, modern təriqətlər birmənalı olaraq modern Qərb təriqətləridir. Özlərinə məxsus aşındırıcı şərtləri, tələbləri var. 

İstər dini, istər demokratik təriqətlərin əsas hədəfi kal gənclərdir. Dini təriqətlər qədim gəncləri cənnət illuziyası ilə cəlb edirdi. Eyni cənnəti Qərb öz simasında təklif edir. Demokratiya da müasir gənclər üçün cənnətin yerüstü alternatividir.    

Qədim kal gənclər dini cənnət uğrunda kişi kimi canlarından keçirdilər, müasir kal gənclərdən demokratik cənnət üçün canlarını deyil, kişiliklərini qurban vermələri tələb olunur. 

Bu gün ABŞ məktəblərində on yaşından yuxarı bütün uşaqlar cinsi kimliklərini aşındırmağın yolları haqqında düşünməyə məcbur edilirlər. 

Tarixin bütün dövrlərində geylər, lezbiyanlar, biseksuallar filan olub, amma tarixin heç bir dövründə bu, bir seçim olmayıb. 

Əksər xalqların mifologiyasında göy qurşağı dişiliyin simvoludur. Məsələn, Oğuz mifində göy qurşağı Fatma nənənin belinə bağladığı qurşaq mənasında yozulur. Göy qurşağını gey qurşağına çevirən demokratik təriqətlər isə bizə bunu aşılayır: Fatmanın erkəyi, dişisi olmamalıdır!

Və bu təbliğat yaxasına "azad” etiketi yapışdırılmış media vasitəsi ilə aparılır. Bu təbliğatın məqsədi təkcə Şiraslanı geyləşdirmək deyil, həm də keyləşdirmək, arxasındakı güclərdən asılı vəziyyətə salmaqdır. Bunun ən sınanmış yollarında biri onu özünə ibtidai insan formasında göstərməkdir ki, ona mədəniyyət adına təklif olunan seçimlərə gözüyümülü inansın. "Media cəmiyyətin güzgüsüdür” deyimi yalandır, media cəmiyyətin ekranıdır. Oradakı cəmiyyət ona görünən deyil, ona göstərilən cəmiyyətdir.

Məsələn, bu yaxınlarda təsadüfən qarşıma Fransada 2022-ci ildə öldürülən qadınların statistikası çıxdı. 129 qadın, yəni hər iki günə bir qadın öldürülüb "mədəniyyətin beşiyində". Amma biz nədənsə sosial şəbəkələrdə ancaq müsəlman ölkələrində arvad əti yeyən kişilərin görüntüləri ilə qarşılaşırıq tez-tez. Məsələn, mən 2022-ci ildə bircə dəfə də olsun arvadını, sevgilisini çeynə-tüpür edən bir Fransız vətəndaşının şəklini görmədim. 

Hərdən mənə elə gəlir ki, Azərbaycanda sosial medianın ancaq millətin eybəcərliyini tirajlayan xəbərlərə yer verməsi düşünlmüş, həm də Azərbaycandan kənarda düşünlümüş siyasətin nəticəsidir. Bu eybəcər görüntülərlə yaradılan qeyri-mədəni xalq obrazımız gələcəyin bir müstəmləkə zəminini hazırlayır, bəlkə də. 

Yəni mədəni dünyaya göstərirlər ki, baxın, müstəqil oldular nə etdilər; ancaq bir-birilərini bıçaqladılar, qadınları, uşaqları öldürdülər, heç bir dünyəvi dəyəri olmayan milli meyxanaları ilə cinayəti, pis vərdşiləri öydülər, nə bilim, dinlərini terrora, sui-qəsdlərə alət etdilər və s. 

Dunya səviyyəli nə bir rejissor, nə bir yazıçı, nə bir bəstəkar, nə bir rəssam yetişdirə bildilər. Yetişə bilənləri də ya öldürdülər, ya da qovdular.  Qərar verin, belə bir xalq (yaxud xalqlar) azadlığa layiqdirmi?

Bu, mənim ehtimalımdır! Çünki rus müstəmləkəçiliyi təcrübəsi var; ruslar Qafqaz xalqlarını dünyada yaratdıqları onların oğru-quldur obrazının hesabına istismar edirdi. Eyni obrazı ingilislər hindlilərdən, ərəblərdən, fransızlar Afrika xalqlarından yaratmışdılar.  

Rusların ədəbiyyatla etdiyini, indi Şərqdə sayğac mediası vasitəsilə edirlər. 

Dörd yüz ildir ki, ölkələr mədəniyyətin gücü ilə müstəmləkələşdirilir. Dörd yüz ildir ki, dünya bazarına sahib olan ölkələr dünya xalqlarına sərvətini deyil, mədəniyyətini satan ölkələrdir. Media vasitəsilə bizim bu "qızboğan" obrazımızı yaratmaqla həm də bizim mədəniyyət istehsalçısı deyil, mədəniyyət istehlakçısı olmağımızı tətikləyirlər. 

Yəni adam olmaq istəyirsinizsə bizdən mədəniyyət alın. Qlobal görüntüdə zatən biz belə görünürük. Sərvətini satıb, mədəniyyət idxal edən bir toplum.

Mədəniyyəti yaradan iqtisadi gücdür. Əgər bir iqtisadiyyat öz mədəniyyətini yaradıb bazara çıxara bilməyibsə, o iqtisadiyyat deyil, yaşamaq uğrunda mübarizənin bir formasıdır. 

Bəlkə, bizim bu mediativ eybəcər obrazımızı yaratmaqda məqsəd  bizim hələ də yaşamaq uğrunda mübarizə mərhələsini keçə bilməyən ibtidai bir xalq obrazımızı yaratmaqdır. 

Bunları düşünmək üçün əlimin altında kifayət qədər tarixi, mədəni bilgilər var. Birini deyim. 

Görün, XIX əsrdə Şərqə media mənsubu sifətiylə göndərilən Qustav Flober Şərqi necə təsvir edir: 

"Kütləni əyləndirmək üçün Məhəmməd Əlinin təlxəyi bir gün Qahirə bazarında bir qadını piştaxtanın üstündə oturtdu və hamının gözünün qabağında onunla cinsi əlaqədə oldu. Dükan sahibi isə bu zaman qəlyanını çəkirdi... Yenə bir dəfə xalqı özünə güldürmək və özünü gözə soxmaq istəyən bir gənc Qahirə-Şubra yolunda böyük bir meymunun altına uzandı və onunla cinsi əlaqədə oldu. Bir müddət əvvəl bir dilənçi öldü. Axmağın biri idi. Buna baxmayaraq, xalq onun müqəddəs olduğuna inanırdı, onu Allaha yaxın hesab edirdilər. Müsəlman qadınlar onun yanına gedər, sidiyi ilə özlərini murdarlayırdılar. Səhərdən axşama kimi aktiv olan cinsi orqanı ilə küçələrdə dolaşır və tərbiyəsizlik edirdi. Axırda yorulub əldən düşdü və öldü. Qahirədə anadangəlmə lüt gəzən bir molla var idi, öz başına bir təkkə (sufi papağı), cinsi orqanının başına da digər bir təkkə qoyardı, işəmək istəyəndə cinsi orqanının təkkəsini əlinə götürürdü, uşağı olmayan qadınlar ona yaxınlaşır, sidiyinin altına uzanır və əllərini, üzlərini yuyurdular”.

Abzas şərqşünas Eduard Səidin "Orientalizm" kitabındandır.

Halbuki Floberdən əsrlər öncə Misrə gələn romalılar antik Misir mədəniyyəti ilə tanış olub bunun üzərində özlərinin Roma hüquq sistemlərini yaratmışdılar.

Aqşin Yenisey

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->