Dünya 12:01 17.09.2021

Rusiya təzyiq etdi, “Google” və “Apple” Navalnının tətbiqini sildi

"Google” və "Apple” müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının "Smart Vote" tətbiqini "Google Play” və "App Store”dan silib. 

Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, Navalnının şərikləri bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Roskomnadzor xarici İT şirkətlərini Rusiya seçkilərinə müdaxilə etməmələri barədə xəbərdar edib və onlardan "Ağıllı Səsvermə tətbiqi və veb saytına giriş məhdudiyyətlərini aşmaq imkanlarını verməyi" dayandırmağı tələb edib.

Roskomnadzor rəhbərinin müavini Vadim Subbotin "Google” və "Apple” tətbiqlərini mağazalarından silməkdən imtina etdikləri təqdirdə cərimələnə biləcəklərini söyləyib.

Avqustun sonu və sentyabrın əvvəlində Roskomnadzor "Apple” və "Google”dan Navalnı tətbiqini "App Store” və "Google Play”dən silməyi tələb edib, çünki qurumun mövqeyinə görə, tətbiq Rusiyada qadağan edilmiş FBK-nın fəaliyyətini davam etdirmək üçün istifadə olunur.

Xəyal