Nazlı Ağayeva
Anamın kitabından:
"Kənddə başqaları naxıra bir sürü qoyun qatardı. Bizim bircə baş qoyunumuz vardı. Bir gün xəbər gəldi ki, örüşdə kiminsə qoyununun ayağı qırılıb. Ağrı çəkməsin deyə kəsib gətirirlər. Atam anama dedi ki, qab-qacağı hazırla, isti vaxtdır, ət ağırlaşmasın. Anam doluxsunub güclə dilləndi:
– Xalxın on beş-iyirmi qoyunu var naxırda, deyirsən, allah bizdən kəsər?
– Allah bizdən kəsib ki, o boyda naxırda bircə heyvanımız vardı da.
Bir azdan gördük naxırçı utana-utana çəpərdən boylanır...”
Tut ağacı boyumca...
Adam dostumdu deyə bilərəm, çünki, yoxluğunu hiss etdiklərimdəndi. Həyat tərzi tam tərsim olsa da, duyğularımızda xeyli oxşarlıq vardı. Çoxlu kitab oxuyub onlarla əsil şeiri yaddaşına köçürtmüşdü. Nədənsə təsirlənən kimi gözlərini yumub o mirvariləri ipə düzürdü. Uşaq kimi kövrək ürəklə riskli əməlləri necə bir yerə sığışdırırdı hələ məəttələm. Qəhrəmanım deyildi, amma neçə-neçə imkansızın əlindən tutub qaldırdığının şahidi olmuşdum. Həbs görmüş bütün azad adamlar kimi ədalət sevdalısı idi. Bu yöndə rastına çıxan haqsızlıqlara kədər və yumor hissini itirmədən "düzəliş” etməyə çalışırdı. İxtisaslı, peşəkar ticarətçilərdəndi. Artıq elələrinə yer olmayan illərdə rastına çıxan hər işlə məşğul olurdu.
...Bir dəfə cibində saxta min dollar başqa bir səbəbdən ilişdirirlər onu. Ənənəvi olaraq üzünə qadın durğuzub pul istəyirlər. Adam onlara veriləcək pulu olmadığını söyləyir. Müstəntiq şəxsi əşyalarının arasındakı pulu göstərərək soruşur:
– Necə yoxdur, bəs bu nədir?
– Bu, Rusiyada işləyən qohumun əmanətidir. Ailəsinin ehtiyacı var, verə bilmərəm.
Onlar deyir, bu deyir, olmur. İşi aparan əməkdaş özünə əl qatır ki, əslində bu işin qiyməti iki mindir, rəis hörmət eləyib sənə. Ver mini, yoxsa bu hörmətdə adam neçə sutka burdasan. Adam "əmanətin” üstündə çox dirənib, bunlar əl çəkməyiblər.
Axırda bezib pulu atır üstlərinə, çıxıb gedir evinə. Bir-iki gündən sonra gəlib tökülürlər bunun dükanına: "Dövlətin orqan işçisinə saxta dollar sırıyanın anasını ağladarıq”, - deyə hədə-qorxu gəlirlər. Adam da qayıdır ki, "Vermirdim də, özünüz əl çəkmədiniz, indi yenə məsləhət sizindir. İstəyirsiniz, aktlaşdırın, gedim sutkalığa”. "Sutkalığa ehtiyac yoxdur, rəisin barmağına bir layiqli üzük hədiyyə edərsən, birini də müavinə, məsələ bağlanar”, - deyirlər. Təmkinini pozmadan əməliyyat qrupuna parıldayan iki "geydirmə” üzük verib gülümsəyir:
– Verməyinə verirəm, amma daha saxtadır deyə bunu da qaytarsanız, inciyərəm.
...Ötən yayda mənimlə vidalaşmağa gəlmişdi. Xeyr, bir yerə gedəcəyi yoxdu. Gəlmişdi desin ki, bəlkə bir daha görüşməyəcəyik. Diaqnozu ağır imiş. Müalicə bir yana, sadəcə prosesin yüngül keçməsi üçün deyilən məbləğ bizim zümrəmizə görə əlçatmaz rəqəm idi. Ölkədə iş yeri üçün qoca, pensiya üçün cavan hesab edilən əliboş vətəndaş üçün qaçılmaz təbii fəlakət... Dostum öz fəlakətini gülə-gülə qarşılayıb mənalı keçirməyi qərara almışdı. Başlanğıc olaraq gedəndə bizdən bir neçə kitab da götürdü.
Dostum Azadlıq hərəkatında vətənin müstəqil gələcəyi üçün canı ilə, malı ilə özünü hər cür təhlükəyə sipər edən Moskva təhsilli sovet "zavmağı” idi. O mübarizədə təmənna, məqsəd güdməyən bir çoxları kimi keçid dövründən keçə bilməyib zaman kəsiyində qaldı. Bizləri tapdayıb "yağlı yer tutanların” nəfsi, diktəsi ilə gəmirilən müstəqil ölkənin çarəsiz vətəndaşı olaraq abrına qısılıb taleyini yaşadı.
Zamanının barmaqla göstərilən söz və nüfuz sahibi yaraşıqlı kişidən geriyə qalan yalnız vərdişlərdi... Ağappaq ütülü köynəyinin üstünə düşən balaca tut ləkəsinə görə kafeyə getmədi. Məni azca şikəst halımda əl tərpətməyə onsuz da qoymazdı. Yeməyi evə gətizdirdik.
O süfrədə nələr yox idi, allahım...
***
Ölkənin maraqlı hadisələrlə çalxalandığı bir vaxtda gündəmlə və bəlkə bir-biri ilə də əlaqəsi olmayan bu hekayətləri niyə yazdım? Tünlükdə itib-batmaq qorxusundan ola bilərmi, əcaba? Özümü ifadə edə bilməməkdənmi çəkindim? Nə də olsa paytaxtdan uzaqda hər şey başqa cür görünür. Üstəlik böyük şəhərlərin böyük siyasətlərinə girişmək iddiası mənim tükənməkdə olan nəslimi aşar. Səksənlərin gəncliyi olaraq biz öz sözümüzü yüz minlərin meydanında, onlardan biri olaraq dedik. Gücümüz çatan yerə qədər o missiyanı daşıdıq, daşıyırıq. Hərçənd altmışı haqlamış canımızda çox qırğınlıqlar var, amma onlardan heç biri təminatlı yaşayış və yaxud şöhrətlə bağlı deyil. Sırf nədən olduğunu ifadə etməyə ömrüm yetməsə, qocalığın boynuna atarıq. Ki, o da cürbəcür axmaq əlamətlərlə bir yandan üstümüzə gəldi.
Şərhlər