Hüseynbala Səlimov
Siyasət 09:11 27.09.2021

Gürcülər üçün daha bir sınaq...

Hüseynbala Səlimov

Niyə görəsə bəzi ölkələrdə, daha dəqiq desək, bir sıra post-sovet ölkələrində yerli idarəetmə orqanlarına seçkilər əhəmiyyətinə və önəminə görə prezident və parlament seçkilərindən sonra, üçüncü yerdə gəlir.

Bunun əsas səbəbi odur ki, yerli idarəetmə orqanları bu ölkələrə müəyyən təzyiqlə qəbul etdirilib və bu ölkələrdə hətta gizlətmirlər ki, yerli özünüidarəetmə orqanları onlara guya Avropa Şurası tərəfindən "sırınmış” strukturlardır.

Bəs konkret olaraq bir ölkədə, Gürcüstanda vəziyyət necədir? Bunun dəqiq cavabını verməyə bir az çətnlik çəkirik, amma iki məqamı qeyd edə bilərik. 
Birincisi, bu ölkənin yeni müstəqillik dövründə ən çox yadda qalan prezidenti Mixeil Saakaşvili siyasi olimpə bələdiyyələrdən, Tiflis şəhərinin bələdiyyə başçısı kimi gəlmişdi. İkincisi, bu il oktyabr ayının ikisində Gürcüstan bələdiyyə seçkiləri keçirəcək və bunlara maraq demək olar ki, sonuncu parlament seçkilərindən heç geri qalmır.

Birmənalı şəkildə demək olar ki, hər seçki Gürcüstan üçün bir sınaqdır, onlar Avropada ciddi şəkildə izlənir. Qeyd edək ki, sonuncu parlament seçkiləri Tiflis üçün elə də rəvan keçmədi. Hazırda Avropa ilə Tiflis arasında müəyyən soyuqluq yaranıb. Səbəbi də budur ki, hakim "Gürcü arazusu” təkrar parlament seçkilərinə getmədi.

Düşünürük ki, yerli seçkilər də hakim partiya üçün problemli olacaq. Müxalif "Vahid milli hərəkat partiyası”ndan savayı digər siyasi-ictimai strukturlar belə eks-prezident Saakaşvilini ölkəyə qaytaracaqlarını bəyan edirlər. Əlbəttə, bütün bunlar siyasi şüarlardır, amma Saakaşvilini nə qədər çox dəstəkləyən olsa, hakim partiyanın tərəfdarları bir o qədər az olacaq...

Oxucu soruşa bilərdi ki, bəs biz niyə Gürcüstana bu qədər diqqət yetiriririk? Öncə onu qeyd edək ki, bu ölkə Azərbaycan üçün çox mühümdür və hələ ki, Tiflis Bakı üçün Qərb qapıları rolunu oynayır. Heç sözsüz ki, əks münasibət – Gürcüstanın Azərbaycana münasibəti tamam simmetrik və səmimi deyil. Məsələn, gürcülər Azərbaycanla Ermənistanın münasibətlərinin yaxşılaşmasında maraqlı görünmürlər. Səbəbi də aydındır: bu halda Gürcüstanın Azərbaycan üçün önəmi birə on azalacaq. Bircə anlığa bir suala cavab verməyə çalışın: əzəldən Bakı ilə İrəvan arasında problem olmasaydı, bölgədə hansı vəziyyət olardı? Birmənalı şəkildə demək olar ki, bizim kommunikasiya xətlərinin bir hissəsi Ermənistandan keçərdi ki, bu da Gürcüstana sərf etmir. 

Amma bütün hallarda dünya praktikasında müəyyən qayda və nizam var. Bir ölkənin başqası ilə ticari-iqtisadi əlaqələri 25-30 faizdən çox olanda bu, artıq normal hal sayılmır. Bunu və ermənilərin xislətən  satqınlığa meylli olmasını, etibarlı tətəfdaş olmamasını nəzərə alsaq, demək olar ki, Bakı və Tiflisin biri-birnə daim ehtiyacı olacaq. 

Həm də regionda böyük geosiyasi eksperiment gedir. Bunlardan biri də Gürcüstan ətrafında cərəyan edir. 

Avropanın və ümumiyyətlə, NATO-nun Gürcüstanla əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bütün region üçün təsirsiz ötüşməyəcək. Hal-hazırda regionda müxtəlif geosiyasi güclər arasında balans yoxdur, Rusiyanın iştirakı daha qabarıq və təsirlidir. Bu baxımdan bir daha deyirik ki, Gürcüstan Avropa ilə münasibətlərdə uzağa gedə bilsə, bu, bütün Cənubi Qafqaz üçün yaxşı olar. Bunun üçünsə Tiflis özünü demokratiq ölkə kimi təsdiq etməlidir. Ən etibarlı yol isə düzgün seçkilər keçirməkdir. Ona görə də oktyabrın 2-də keçiriləcək yerli seçkilər də az rol oynamayacaq. Bir az əvvəldə qeyd etdik ki, hazırda Avropa ilə Tiflis arasında bir soyuqluq var və yerli seçkilər bu soyuqluğu artıra və ya azalda bilər. Çox qalmayıb və bu səbəbdən də səbr edək, görək, bunlardan hansı olacaq...