Beynəlxalq hesabatda Gürcüstanın azərbaycanlıların yaşadığı regionlarda toponim və hidronimlərin adlarını dəyişdirməklə onların mədəni və tarixi irsini məhv etdiyi əksini tapıb
Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov Tbilisi şəhərinin meri Kaxa Kaladzenin görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrin abadlaşdırılması barədə çıxışını diqqətəlayiq manevr kimi qiymətləndirib.
Sputnik Azərbaycan-a müsahibəsində Elbrus Məmmədov qeyd edib ki, o, şəhər rəhbərliyinin Gürcüstanın tarixi mədəni irsinin qorunması istiqamətində atdığı istənilən təşəbbüsü alqışlayır, amma Kaxa Kaladzenin belə bir söz dediyini eşitməyib.
Bundan əvvəl Report belə bir məlumat yayıb ki, Tbilisinin bərpa və yenidənqurma layihəsi hazırlanıb. Kaladze bu layihəni təqdim edib və bildirib ki, görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrdəki barelyeflər yenilənəcək. Amma bu küçələrin adlarının dəyişdirilməsi məsələsinə baxılmır.
Onun sözlərinə görə, Tbilisidə "Bakı", Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İbrahim İsfahanlı, Nizami Gəncəvi, Əhməd Cavad, Mir-Həsən Vəzirov və Azərbaycanın digər fikir adamlarının adını daşıyan küçələr var. Poniçala (Soğanlıq) qəsəbəsində isə Rəşid Behbudovun adını daşıyan küçə mövcuddur.
Məmmədovun sözlərinə görə, gürcü mediası bu layihə barədə heç nə yazmayıb. Amma bundan daha prioritet məsələlər var ki, onlar həllini tapmalıdır.
"Hələ yarım il əvvəl biz şəhər meriyasına müraciət etmişdik ki, İbrahim İsfahanlı küçəsindəki barelyef üçün trafaret yazılsın. Hələ də meriyanın bununla maraqlanmasını gözləyirik. Avropa təşkilatlarının Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı ərazilərindəki toponimlərlə bağlı hesabatı fonunda Kaxa Kaladzenin azərbaycanlıların adlarını daşıyan küçələri abadlaşdırmaq barədə açıqlaması, diqqəti çətin həll olunan problemdən daha tez həll olunan problemə yönəltmək cəhdidir " – deyə Məmmədov bildirib.
O qeyd edib ki, Tbilisi Azərbaycan Dram Teatrının problemi indiyədək həll olunmamış qalır. Teatrın binası təmir edilməyib. Gürcüstanın Mədəniyyət Nazirliyi yeni teatrın tikintisi üçün yer ayıracağını anons edib. Onlar Nəriman Nərimanov muzeyində olduğu kimi, teatrı tarixi yer kimi aradan götürmək istəyirlər.
"Bu elə, ya da belə, Qafqazın ilk teatrıdır. Ən absurd olanı da budur ki, yeni teatrın tikintisini SOCAR öz üzərinə götürüb. Bunu niyə Azərbaycanın neft şirkəti eləməlidir? Tbilisidə bir çox teatr fəaliyyət göstərir. Onlardan biri də Aleksandr Qriboyedov adına rus dram teatrıdır. Teatr dövlət büdcəsindən maliyyələşir və onun illik büdcəsi 130 min laridir. Erməni dram teatrı fəaliyyət göstərir və demək olar, hər il təmir edilir. Ona hər il dövlət büdcəsindən 650 min laridən artıq vəsait ayrılır. Təmir gürcü vergi ödəyicilərinin hesabına edilir, Ermənistanın deyil. Azərbaycan Dram Teatrının isə 160 min lari büdcəsi var və 20 ildir təmirini gözləyir. Tbilisi hakimiyyəti öz problemlərinin həllini başqalarınını çiyninə qoyur. Niyə?" — deyə Məmmədov bildirir.
Onun fikrincə, bu, azərbaycanlıların Gürcüstanda qarşılaşdıqları süni problemlərdir. Məmmədovun sözlərinə görə, Tbilisidə müsəlman icmasına aid qədim qəbiristanlıq Botanika bağının salınması adı ilə dağıdılıb. Min illər ərzində yaradılmış unikal mədəni tarixi obyektlər məhv edilib. Bu qəbiristanlıq demək olar ki, Tbilisinin müsəlman icmasının tarixinin faktiki əksi idi. Qəbiristanlıq yer üzündən silindi, yalnız Mirzə Fətəli Axundovun qəbri ətrafındakı 100 kvadratmetrlik ərazi qaldı.
Azərbaycanlı icması dəfələrlə hakimiyyətə müraciət edərək həmin qəbiristanlığın yerində fəxri xiyabanın salınmasını xahiş edib, lakin nəticə olmayıb.
Xatırladaq ki, Gürcüstan hakimiyyəti məqsədyönlü şəkildə türk toponimlərini gürcü toponimləri ilə əvəzləyir və bu siyasət 70 ildir davam edir. 2017-ci ilin dekabrında Milli Azlıqların Məsələləri üzrə Avropa Mərkəzi "Nomen Est Omen? Naming and Renaming of Places in Minority Inhabited Areas in Georgia" adlı hesabat yayıb.
Hesabat Gürcüstan arxivlərində və azərbaycanlı əhalinin məskunlaşdığı Borçalıda aparılan tədqiqatlar və monitorinq əsasında hazırlanıb. Bu hesabat Gürcüstanın regionlarda milli azlıqlara qarşı həyata keçirdiyi siyasəti anlamağa imkan verir. Orada qeyd olunduğuna görə, milli azlıqların, öz növbəsində azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə toponimlər və hidronimlərin adları dəyişdirilir. Sözügedən hesabatda son 50-70 il ərzində müntəzəm olaraq həyata keçirilən siyasətin konkret yekunları əksini tapıb.
Diqqətəlayiq haldır ki, sözügedən hesabatda əsasən türk (azərbaycanlı) toponim və hidronimlərinin adları dəyişdirildiyi, özü də bu siyasətin digər milli azlıqlara və onların toponimlərinə qarşı həyata keçirilmədiyi qeyd edilib.
Məmmədov qeyd edib ki, sözügedən sənəd Gürcüstan hakimiyyətinin milli azlıqların hüquqlarının müdafiəsi sahəsindəki arqumentlərini əsassız sayır. Burada qeyd olunur ki, azərbaycanlıların mədəni və tarixi dəyərləri, eləcə də özünüifadəetmə hüququnu müdafiə etmək sahəsində Gürcüstanın gətirdiyi sübutlar yetərsizdir.
Hesabatda faktiki olaraq etiraf edilir ki, Azərbaycan regionları, eləcə də onun tarixi, mədəni irsi gizli şəkildə yenidən formatlanır və bütün bu fəaliyyətlər Gürcüstanın azərbaycanlı icmasının əleyhinə yönəlib.
Şərhlər