Sağlamlıq 16:49 27.05.2019

Gözəllik uğrunda ölüm: Burun əməliyyatına gedənlərə xəbərdarlıq

Son zamanlar insanların, xüsusilə də xanımların çoxu burun əməliyyatı keçirir. Kimiləri sağlamlıq, kimiləri isə gözəllik uğrunda bıçaq altına yatsalar da, bəzən də bu əməliyyat insanların sonunu gətirir. 

Burun əməliyyatında və ya çıxdıqdan sonra dünyasını dəyişən gənc xanımların xəbərləri ölkə gündəmindən düşmür. 

Əslində kənardan "plastik əməliyyatdı, nə kimi ağırlığı, çətinliyi ola bilər ki?" kimi fikirlər səslənsə də, ölümə gətirib çıxarırsa, demək ki, elə də yüngül və risksiz  əməliyyat deyil. 

Məsələ ilə bağlı tanınmış rinoplastik Teymuraz Rəsulov ilə əlaqə saxladıq. O, Qaynarinfo-ya açıqlamasında burun əməliyyatı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi:
 


"Burun əməliyyatı və sonrasında ölüm baş verməsinin səbəbləri çoxdur. Bunu dəqiq araşdırmaq lazımdır. Analizlərdən və kardioloji yoxlanışdan keçmək vacibdir. Qan göstəricilərinə diqqətlə baxmaq lazımdır. Yəni, əməliyyatdan əvvəl planlı şəkildə araşdırmaq, analiz aparmaq mühimdir. Həmişə anestezinin riski olur. Hər şey qaydasında olduğu zaman, problem də olmur. Ancaq araşdırmadan öncə dəqiq nəsə demək olmur". 

Bəzən əməliyyat keçən insanlarda bir müddət sonra burnunda yenidən qüsur yaranır. Bəzən ikinci, hətta üçüncü əməliyyatdan keçməli olursan. Teymuraz Rəsulov bunun səbəbinin həm xəstədən, həm də həkimin təcrübəsindən asılı olduğunu qeyd edib:

"Onun da səbəblər çox olur. Əməliyyat kimi, əməliyyat sonrası da çox önəmlidir. Pasiyent həkimin dediklərinə düzgün riayət edərsə, zədədən qoruyarsa, elə problemlər olmur. Ancaq həkimin də təcrübəsindən çox şey asılıdır. Nə qədər təcrübəli olsa, bir o qədər yaxşıdır. Əməliyyat sırasında və ya yeni vaxtlarda görünməyən fəsadlar bir müddət sonra meydana çıxırsa, demək ki, hər hansısa qüsur olub, sadəcə şişkinliyə görə görünməyib. Bir müddət keçdikdən sonra tam olaraq formalaşır". 

Rinoplastika əməliyyatından keçən insanlarda demək olar ki, bir-birinə oxşar burun forması olur. Hətta cəmiyyət arasında bu artıq qınaq obyektinə çevrilib.  "Kimə baxırsan eyni burun, təbiilik qalmayıb" kimi fikirlər səslənir. Teymuraz bəy bu məsələyə münasibətində belə olbu: "Eyni burun mümkün deyil. Pasiyent istəsə belə, həkimlər öz məsləhətlərini verir ki, bu forma üzünüzə uyğun olmaz. Nəyi edə bilərik, nəyi edə bilmərik deyə bildiririk. Orada da bir çox amillər var, dəridən asılı olur, ölçüsündən asılı olur... Şəkil göstərəndə də deyirik ki, hamı da eyni burun olmur. Sadəcə profildən oxşada bilərik". 

Röya Kərimli