ABŞ İran ilə danışıqların davam etdiyi bir vaxtda Yaxın Şərqdə hərbi gücünü genişləndirməyə hazırlaşır.
Qaynarinfo-nun "The Washington Post"a istinadən məlumatına görə, bölgədəki ABŞ hərbçilərinin sayı yaxın zamanda 50 min nəfərə çata bilər.
Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi xəbərdə bildirilir ki, Pentagon regiona minlərlə əlavə hərbçinin göndərilməsini planlaşdırır. Bu addımın İranla artan gərginlik fonunda təzyiqi artırmaq strategiyasının tərkib hissəsi olduğu qeyd olunur.
Məlumata görə, USS George H.W. Bush aviadaşıyıcısı və onu müşayiət edən hərbi gəmilərdə təxminən 6 min hərbçi artıq bölgədə yerləşdirilib. Bundan əlavə, Boxer amfibiya qrupu və 11-ci Dəniz Piyada Ekspedisiya Birliyindən 4 200 hərbçinin də yaxın günlərdə regiona çatacağı gözlənilir.
Bildirilib ki, mövcud qüvvələrlə birlikdə ABŞ-ın Yaxın Şərqdəki ümumi hərbi kontingenti 50 min nəfərə qədər arta bilər.
Xəbərdə həmçinin qeyd olunur ki, Vaşinqton Hörmüz boğazı üzərindən dəniz nəqliyyatına nəzarəti gücləndirmək və İran üzərində iqtisadi təzyiqi artırmaq variantlarını da nəzərdən keçirir. Danışıqların nəticəsiz qalacağı halda hərbi ssenarilərin genişləndirilməsi ehtimalı istisna edilmir.
Ağ Ev isə açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramından imtina etməyəcəyi təqdirdə geri addım atmayacaq və bütün variantlar masada qalır.
Günay
Şərhlər