Bəzi marketlərdə məhsulların qiymətinin 1 kiloqramlıq vahidə görə deyil, 100, 250 və ya 500 qramlıq ölçülərə əsasən göstərilməsi alıcılar arasında narazılıq doğurub.
Bəs bu praktikada qanun pozuntusu varmı, yoxsa sadəcə marketlərin reklam və təqdimat siyasətidir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, marketlərdə qiymətin müxtəlif çəki vahidləri ilə göstərilməsi özlüyündə qanunsuz sayılmır. Onun sözlərinə görə, əsas məsələ məlumatın təqdim olunma formasıdır:
"Əgər qiymət konkret çəki vahidinə görə müəyyən edilirsə, həmin çəki də etiketdə aydın şəkildə qeyd olunmalıdır. Əsas prinsip odur ki, qiymətlər açıq, başa düşülən və müqayisə edilə bilən formada təqdim olunsun. Alıcı yanlış yönləndirilməməlidir. Belə təqdimat formaları xüsusilə toyuq məhsulları, çərəzlər və meyvə quruları, konfetlər, şokaladlar kimi məhsullarda daha çox rast gəlinir".
Reklam və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyə toxunan iqtisadçı vurğulayıb ki, qanunvericilik düzgün və dolğun məlumatın təqdim olunmasını tələb edir:
"Reklam yaradıcı ola bilər, amma məhsul haqqında doğru və tam məlumat verməlidir. İstehlakçı aldanmamalı, yanlış yönləndirilməməlidir. Müştəri də gördüyü qiymətləri müqayisə edib analiz edə bilməlidir".
Onun sözlərinə görə, alıcı əlavə məlumat əldə etmək hüququna malikdir və ehtiyac olduqda satıcıdan açıqlama tələb edə bilər. Satıcının isə məlumatları düzgün təqdim etmək öhdəliyi var:
"Əgər istehlakçı aldadıldığını düşünürsə, məhsulu qaytarmaq və ya müvafiq qurumlara şikayət etmək hüququna malikdir".
Günay İlqarqızı
Şərhlər