XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dövlət proqramları Azərbaycanın strateji inkişafında hansı rolu oynayır? - Deputat
Ekonomiks13:46 24.09.2026

Dövlət proqramları Azərbaycanın strateji inkişafında hansı rolu oynayır? - Deputat

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanıb)

Son dövrlərdə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, sosial məsələlərin həllinə və yeni potensial istiqamətlərin formalaşdırılmasına yönəlmiş dövlət proqramlarının sayı və əhatə dairəsi genişlənir. Bu proqramlar konkret hədəflərin müəyyənləşdirilməsi, maliyyə resurslarının istiqamətləndirilməsi və uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsi baxımından mühüm alət hesab olunur.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında dövlət proqramlarının Azərbaycanın milli və ictimai maraqlarının qorunması, eləcə də strateji inkişaf hədəflərinin reallaşdırılmasındakı rolundan danışıb.

Deputat bildirib ki, müxtəlif sahələrin inkişafı üçün Azərbaycanda vaxtaşırı dövlət proqramları qəbul edilir və bu proqramlar ardıcıl xarakter daşıyır:

“Azərbaycanda sənayenin, sosial sahənin və iqtisadiyyatın müxtəlif istiqamətlərinin inkişafı üçün vaxtaşırı dövlət proqramları qəbul edilir və bu dövlət proqramları ardıcıl xarakter daşıyır. 2000-ci illərin əvvəllərinə qayıtsaq, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edildiyini görə bilərik. Bu proses bu gün də davam edir. Qida təhlükəsizliyi ilə bağlı dövlət proqramı və hazırkı mərhələdə yeni, potensial və perspektivli sahələrin inkişafına yönəlmiş dövlət proqramları iqtisadiyyatımıza və büdcəmizə yeni imkanlar qazandırır”.

Hikmət Babaoğlunun sözlərinə görə, dövlət proqramları konkret layihələrin, maliyyə resurslarının və iqtisadi potensialın müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

“Dövlət proqramı əslində hər hansı bir işin konkret proqram, konkret layihələr, konkret maliyyə tutumu və konkret iqtisadi potensialı baxımından dəqiqləşdirilmiş, ölçülüb-biçilmiş fəaliyyət hesab edilir.

Bir neçə gün əvvəl Azərbaycanda metallurgiya sahəsinin inkişafı ilə bağlı 2030-cu ilədək dövlət proqramının qəbul edildiyini gördük. Mən hesab edirəm ki, bu, həm iqtisadi həyatımızda, həm də mənəvi-hüquqi baxımdan ayrıca əhəmiyyət daşıyan hadisədir”.

Deputat yeni dövlət proqramının iqtisadi nəticələrinə də diqqət çəkib:

“Burada ikili qiymətləndirməni üstün tuturam. Birincisi, doğrudan da bu iqtisadi layihələr, artıq Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dövlət proqramı nəticəsində illik 1 milyard dollarlıq əlavə gəlir yaradacaq. Bu özü də ciddi iqtisadi göstəricidir. İkincisi, 5 mindən çox iş yerini təmin edəcək. Üçüncüsü, Böyük Qayıdış proqramına təkan verəcək, onu sürətləndirəcək”.

Hikmət Babaoğlu hesab edir ki, proqramın əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır:

“Bütün bunlarla bərabər, məncə, burada həm də suverenliyimizin bərpa olunması və onun necə böyük üstünlüklər yaratdığına diqqət etməliyik. Şübhəsiz ki, metallurgiya sənayesi əsas etibarilə hazırda Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarındadır. Əgər bizim o ərazilərdə suveren hüquqlarımız bərpa olunmasaydı, belə bir proqramı həyata keçirmək mümkün olmazdı. Bax, bu da məsələnin mənəvi və hüquqi tərəfidir”.

Deputatın sözlərinə görə, proqramın nəticələri sosial və iqtisadi baxımdan da əhəmiyyətli olacaq:

“Mən düşünürəm ki, bu da özlüyündə ayrıca bir hadisədir. Nəticə etibarilə, əlbəttə ki, bu, vətəndaşlarımız üçün rifah, iş yeri və iqtisadiyyatımızın böyüməsi deməkdir”.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.