Xəbər lenti

Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır
Texnologiya 19:06 15.04.2026

Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır

Sosial şəbəkə platforması "Snapchat”ın sahibi olan "Snap Inc.” transformasiya mərhələsinə daxil olub. 

Qaynarinfo xəbər verir ki, şirkət rəhbəri Evan Şpigel əməliyyat strukturunu yenidən qurmaq məqsədilə işçi qüvvəsinin təxminən 16 faizinə bərabər olan 1.000 nəfərin ixtisar ediləcəyini açıqlayıb.

Bu qərar yalnız mövcud işçiləri deyil, həm də hazırda açıq olan 300-dən çox vakansiyanın bağlanmasını əhatə edir. Şirkət bu addımlar nəticəsində 2026-cı ilin ikinci yarısına qədər illik xərc bazasını 500 milyon dollardan çox azaltmağı planlaşdırır.

"Snap Inc.” üçün bu proses yeni deyil. Şirkət 2022-ci ilin avqustunda işçi heyətinin 20 faizini ixtisar etmiş, 2024-cü ilin əvvəlində isə strateji prioritetlərə fokuslanmaq üçün əlavə olaraq 10 faizlik ixtisar həyata keçirmişdi. Lakin Evan Şpigel bu dəfəki qərarın əvvəlkilərdən fərqli əsaslara söykəndiyini bildirib.

Əvvəlki ixtisarlar pandemiya dövründə həddindən artıq işə qəbul və iqtisadi dalğalanmalarla əlaqələndirilirdisə, yeni strategiya şirkəti daha çevik və sürətli struktura çevirməyi hədəfləyir. Şpigel süni intellektin inkişafının bir çox rutin iş yükünü azaltdığını qeyd edib. Bu texnoloji dəyişiklik sayəsində istifadəçilərə, reklam tərəfdaşlarına və biznes müştərilərinə daha sürətli xidmət göstərilməsi planlaşdırılır.

"Snap Inc.” son illərdə süni intellekti "Snapchat” təcrübəsinin mərkəzinə yerləşdirməyə çalışır. Şirkət "OpenAI” ilə əməkdaşlıq edərək "My AI” çat-botunu istifadəyə verib, daha sonra isə "Google”un "Gemini” modelini inteqrasiya edərək görüntü və video sorğularını dəstəkləyib. Hazırda isə bu texnologiyanın daxili əməliyyatlarda da geniş istifadəsi nəzərdə tutulur. Reklam platformasının optimallaşdırılması, "Snapchat+” abunəliklərinin artırılması və "Snap Lite” tətbiqinin təkmilləşdirilməsi kimi sahələrdə süni intellektlə dəstəklənən kiçik komandaların daha effektiv nəticələr verdiyi vurğulanır.

İxtisar edilən 1.000 əməkdaş üçün sosial dəstək paketi hazırlanıb. Şirkət onlara dörd aylıq təzminat, sağlamlıq sığortasının davam etdirilməsi və səhmlərlə bağlı hüquqların qorunması kimi imkanlar təqdim edəcək.

Aydın
--> -->