Nazlı Ağayeva
Ölkə 15:19 31.05.2020

Hakim xalanəvəsinə məktub

Nazlı Ağayeva

(Əvvəlki yazının sonu)

Bir qaraşın, cırqənət qız varmış. Əl-ayağa dolaşmasın deyə anası hər gün onunla bağda təzə ev tikən ustaya çay göndərirmiş. Bir dəfə qız çay aparanda usta damın üstündə işləyirmiş. Yuxarı baxa-baxa onu xeyli çağıran qız birdən yerdəki talaşalara ilişib yıxılır. Çaynik sınır, qız ağlamağa başlayır. O anlarda işinə ara verib siqaretini odlayan usta aşağıdakı mənzərəni görüb damdan düşür. Qızı kiritməyə çalışıb: "Ağlama bala, anana söylərəm, çayniki mən sındırmışam”, – deyir. O zaman qız daha bərkdən hönkürür:

– Çaynikə görə ağlamıram, sən eşitmirsən deyə ağlayıram.

O axşam o usta tut arağından vura-vura mərc gəlibmiş ki, bu uşaq böyüyəndə oxumuş adam olacaq. Artıq nə o usta həyatdadır, nə də onun mərc gəldiyi adamlar. Sadəcə, ürəyi neçə yerdən çat vermiş çaynik sındıran qız qalıb ki, ondan da həyatın xəbəri yoxdur... 

*
Özümdən təxminən iyirmi yaş böyük xalam oğluna "dayı” deyirəm. Necə ki, min məşəqqətlə böyütdüyü tək oğlunu xalam zəhmətə alışdırdı. Dayımın uşaqları da özü kimi zəhmətkeş, dürüst böyüdülər. Böyük oğlu əvvəl məktəbin gözü oldu, sonra ali məktəbin seçilən tələbələrindən, nəhayət, işlədiyi yerlərdə ad qazandı. Bir neçə il eyni rayonda çalışdıq. Onlar gənc ailə olaraq, mən anamla bərabər başqa-başqa küçələrdə kirayədə yaşayırdıq. Anama dəyməyə gələrdilər tez-tez, onu evlərinə qonaq aparardılar. Qayıdandan sonra anam hey allaha şükür edərdi ki, onlara belə bir mükəmməl övlad-nəvə verib. "Bəs mən?” deyə şitənəndə anam da eynən yarı zarafat-yarı gerçək deyərdi ki, səni allah məndən çox bu camaata verib. Özün-özünə çatmırsan heç...

Anamı anlayırdım. O, parlaq gələcəyi olan bacarıqlı vəkil idi, mənim perspektivim də belə. Keçmişdə qələmlə yazardım, sonralar kompüterdə. Keçmişdə adam evində kirayəçi idik, sonralar icra hakimiyyətinin tabeliyində olan JEK köşəsində. 
Anam onu məndən çox sevərdi. Atasını da qardaşlarımdan. O uşaq anamın aman-zaman bacısının bütöv ömrü qarşılığında əlində qalan tək oğlunun nübar övladı idi. Mən o uşağı həm də mənəvi zənginliyinə görə sevərdim. Anama "nənə”, mənə "bibi” deyərdi. Daha demir, anam həyatda olmadığı üçün, mən isə həyatında. 

*

Son dəfə bizə on bir il əvvəl anamın hüzürünə gəlmişdi. Mərasimlər bitəndən sonra bir payız axşamı yavaşdan qapını döydü. Ağır qəzadan sonra bir ildi iki əsa ilə hərəkət edirdim. Ən dəhşətlisi isə daha anam yox idi. Anamın qoxusunu ala biləcəyim xalam da. 

Böyük şəhərdə böyük işdə işləyirdi. Çoxdandır görməmişdim, olğunlaşıb təmkinli, nüfuzedici şəxsə çevrilmişdi. O halında bir az uzaq gəldi mənə. Amma çox təsirləndim. O da qarşılaşdığı mənzərədən mütəəssir olmuşdu. Oturduğu bir neçə saatda bir dəfə də olsun telefonu çağırmadı. Söndürübmüş. Tələsdiyinə, sürücü ilə gəldiyinə aid bircə əlamət hiss etdirmədi. Tutqun səslə vidalaşıb getdi.  

Ötən yayda o da anasını itirdi. Xalamın dünyalar qədər sevdiyim və xəbərini aldığımda uşaq kimi səslə ağladığım cəfakeş gəlini bizləri tərk etdi. Yasda adam çox idi. Əksəriyyət "müəllimi” görmək, ona görünmək üçün ayağını sürüyürdü. Mən çıxanda iflic xəstəsi dayımı tapıb, ona sarıldım.   
 
***

Son zamanlar ətrafında yaranan tıxac bu ölkədə ən "təbii” haldır. Titul, vəzifə xəstələri anında tutmağa zəif damar tapıb virus kimi adamın canına işləyirlər. Yuxarıdakılar bir cür, aşağıdakılar başqa cür ürək bulandırırlar. Bu həyat sınağından da keçəcəksən.    

İxtisas imtahanlarından necə çıxdığını görmüşəm. Aldığın qiymətlərin "amansız” izləri qan çanağına dönmüş gözlərindən oxunardı. Sən o imtahanlara canını qoydun. Çünki ordan keçməyə başqa bir şeyin yoxdu. Və hər şeyə rəğmən, hədəfindəki arzuya çata bildin.  

Sonrakı illərdə, əminəm, xəyallarındakı ədalətli hakimi həyata gətirə bilmisən. Əminəm səni canları qədər sevib gələcəyinə güvənən o iki nənəni unutmamısan. 

Onda qoy deyim bu yazını niyə məhz indi yazdım. Buralarda sadəcə varliğı ilə dünyanın çox pisliklərini təmizə çıxaracaq səlahiyyətli biri var. Barəndə danışanda fəxrimizdi, əziz-xələf "xalanəvəsidi” deyir. Kimsəyə davranış dərsi verəcək haqqa sahib deyiləm. O hesabla gərək mən də bunun yaxını olam mənasında həyəcanlandım. Yoxsa ki, hər yetənin ailə xatirələrində nə işi vardı...

Heç vaxt səndən heç bir umacağım olmayıb. Yalnız bir xahişim var, özünü gerçək fürsətçilərin saxta canfəşanlıqlarından qoru. Bilirəm, bu mövzuda mənim sənə məsləhət verməyim lətifələrin ən gülməlisidir... 

Məni ciddiyə almayan anamla xalam daim səni "böyük adam” qismində görürdülər. Mən isə qismi hələ uzaq keşmişdə səmimiyyət dolu orta məktəb inşalarından kəşf etmişdim. O kəşfin müəllif haqqını itirməmək ümidi ilə: 

– Yolun açıq olsun, oxumuş-böyük Adam... 

P.S. Oxucularıma: Bu dəfə də bağışlayın, bir daha şəxsi zəmində yazmayacam.