"Müddətin azaldılması kadrların tam, mükəmməl şəkildə formalaşması baxımından o qədər də məqsədəuyğun deyil. Amma bəzi spesifik sahələrdə bir illik xidmət də kifayətdir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Azərbaycanda ehtiyatdan hərbi xidmətə çağırılan və ya könüllü şəkildə müqavilə əsasında həqiqi hərbi xidmətə daxil olan zabitlər üçün sülh dövründə həqiqi hərbi xidmət müddətinin altı ay azaldılması ilə bağlı səslənən təklifi dəyərləndirərkən deyib.
Ekspert qeyd edib ki, yüksək bal toplayan çağırışçının əlinə silah verib, onu adi qaydada səngərdə otuzdurmaq məqsədəuyğun deyil:
"Çətin sahələr üçün isə bir illik xidmət yetərli deyil. Çağırışçı təcrübə toplayacaq, amma mütəxəssis kimi orduya xeyir verə bilməyəcək. Bu sahədə son illər müəyyən islahatlar aparılır. Bu islahatların yaxşı və uğurlu tərəfləri çoxdur. Məsələn, ali məktəbə daxil olarkən 600 baldan çox toplayan bakalavr və magistr pilləsini bitirən çağırışçılar xüsusi ixtisaslaşmış hərbi hissələrə yerləşdirilir. Bu isə onların intelektual inkişafı baxımından çox əhəmiyyətlidir. Belə vəziyyət kadr bazasının möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir".
Həmsöhbətimiz bildirib ki, ümumi götürdükdə, xidmət keçmək üçün bir il müddət çox azdır:
"Hərbi çağırış üzrə əvvəllər gələn zabitlər 1 il 6 ay, müqavilə əsasında gələnlər isə 3 il xidmət keçirdi. Burada da bəzi məsələlər var ki, həmin sahələrdə müddətin azaldılması məqsədəuyğun sayılmaya bilər. Bəzi sahələr var ki, təcrübə toplamaq baxımından kadrın yerləşdirilməsi, onun bir il xidmət etməsi müəyyən uğur gətirə bilər. Amma ümumilikdə götürdükdə, xidmət keçmək üçün bir il çox azdır. Yaxşı tərəf odur ki, həmin çağırışçılar 1 yaxud 3 il müddətində ixtisaslaşacaqlar. Ancaq ondan fayda götürə bilməyəcəyik. Belədə bu, ancaq kadrların yerləşdirilməsi baxımından baza rolunu oynayacaq. Çətin sahələr üçün isə bir illik xidmət yetərli deyil. Çağırışçı təcrübə toplayacaq, amma mütəxəssis kimi orduya xeyir verə bilməyəcək. Ümumi götürdükdə, orduda xidmət keyfiyyət baxımından xüsusi önəm daşıyır. Hamını bir ucdan orduya gətirməyin nə mənası var ki? Bütün hallarda, bu addımlar Silahlı Qüvvələr quruculuğu baxımından müsbət tendensiya kimi yadda qalacaq".
Qeyd edək ki, Azərbaycanda ehtiyatdan hərbi xidmətə çağırılan və ya könüllü şəkildə müqavilə əsasında həqiqi hərbi xidmətə daxil olan zabitlər üçün sülh dövründə həqiqi hərbi xidmət müddətinin altı ay azaldılması təklif olunur. Bu, məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Hərbi xidmət haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişikliklər paketində əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, ehtiyatdan çağırılan və ya könüllü daxil olan zabitlər üçün xidmət müddəti 1 il 6 ay, müqavilə əsasında xidmətə qəbul edilən zabitlər üçün isə 3 ilədəkdir.
Layihəyə görə, ehtiyatdan çağırılan və ya könüllü müqavilə ilə xidmətə daxil olan şəxslər üçün bu müddət 1 ilə endiriləcək. Bu müddət başa çatdıqdan sonra tərəflərin razılaşması ilə həmin şəxslər daimi zabit heyətinə keçirilə biləcək.
Həmçinin nəzərdə tutulur ki, ali təhsilli və könüllü şəkildə həqiqi hərbi xidmətə daxil olan, habelə müddətli hərbi xidmət dövründə zabit hazırlığı kurslarını müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək.
Rüfət Sultan
Şərhlər