El içində deyirlər ki, "Bəy verən atın dişinə baxmazlar”. Bizim şou-biznes nümayəndələri də gündəmə gəlmək üçün min oyundan çıxırlar. Aldıqları bahalı hədiyyələrlə öyünüb özlərini reklam edirlər.
Bu həftə şou əhlinin, eləcə də, sosial şəbəkələrin ən çox müzakirə olunanı isə İmadəddin Nəsiminin "Məndə sığar ikən cahan...” mətləli qəzəlinə oxuduğu "Pəncü-şeş” mahnısı ilə ifaçı Afət Fərmanqızı oldu. Ona canlı yayımda 240 min dollarlıq "Gelandewagen” markalı avtomobili isə Rusiyada yaşayan azərbaycanlı iş adamının hədiyyə etdiyi ortaya çıxdı.
Lakin elə düşünməyin ki, şou əhli arasında təkcə Afət bahalı hədiyyələrlə mükafatlandırılır.
Oxu.Az incəsənət aləmində avtomobil hədiyyə olunan məşhurların kimliyini araşdırıb.
Maraqlı və gizli qalan məqamlar üzə çıxıb.
Afət Fərmanqızına canlı efirdə möhtəşəm hədiyyəni təqdim edən "Xəzər” TV-də yayımlanan "Hər Şey Daxil” verilişinin aparıcısı Tarix Əliyevə ötən il doğum günündə dəyəri 250 min dollarlıq avtomobil bağışlanıb.
Tarix ağ "Gelandewagen”ə sahib olduğu barədə məlumatı öz "Instagram” səhifəsində paylaşıb. Yeni avtomobilinin şəklini yayan prodüser "Gərək həyatında sənə dəyər verən insanlar olsun və sənin arzularını reallaşdırmağa kömək olsunlar. Allah hamının ürəyinə görə versin. Xətasız, bəlasız sürüm”, - şərhini yazıb.
Qeyd edək ki, Tolik illərdir ki, "Porshe” markalı avtomobil sürürdü.
Ötən il 39 yaşını təmtəraqlı şəkildə qeyd edən rəqqasə Fatimə Fətəliyevaya bahalı avtomobil hədiyyə olunub.
Rəqqasənin həyat yoldaşı ona qırmızı lentlərlə bəzədilmiş dəyəri 100 min manatlıq "Lexus” markalı avtomobil hədiyyə edib. Məşhur həmin avtomobili yaşadığı binanın dayanacağına gələn zaman görüb. O, sevinc dolu anları "Instagram” səhifəsində paylaşıb.
"Maşın Şou”nun "Xanımlar və cənablar” adlı yubiley buraxılışında iştirak edən aktyor İlkin Misgərliyə dəyəri 13 min manatlıq avtomobil hədiyyə olunub.
Qara rəngdə olan "Kia Rio” markalı avtomobili isə aktyora yüksək vəzifəli şəxs hədiyyə edib.
Məşhur müğənni Rüfət Axundov da avtomobil hədiyyə alan məşhurlar sırasındadır.
Həmkarlarından fərqli olaraq, Rüfətə yeni yox, köhnə, dəyəri 10 min manat olan "Moskviç” markalı avtomobil hədiyyə olunub. Sənətçi "Instagram” hesabında avtomobilin fotosunu "Çox sevdiyim və dəyərli hədiyyəm” şərhi ilə paylaşıb. Avtomobilin "90 RA 333” nömrəsi diqqət çəkib.
Ad günündə bahalı hədiyyə alan daha bir məşhur isə müğənni Aytac Vidadiqızıdır. Doğum günündə sənətçiyə retro avtomobil bağışlanıb.
Aytac dəyərli hədiyyəsinin videosunu "Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
İki il öncə beşqat dünya çempionu, karateçi Rafael Ağayevə avtomobil hədiyyə ediblər.
Karateçi yeni "Audi” markalı maşınının yanında foto çəkdirib. Həmin görüntünü isə Ağayev "Instagram” səhifəsində paylaşaraq bu sözləri yazıb:
"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür”.
Avtomobil bahalı "99 XM 999” nömrə nişanı ilə diqqət çəkib.
Şərhlər