HÜSEYNBALA SƏLİMOV
BİLİNMƏYİR YAŞIN SƏNİN...
Əslində indiki anlamda, müasir yanaşmada leqal siyasi partiyaların nə vaxt meydana çıxmasını təxmin etmək elə də çətin bir məsələ deyildir.
Çox güman ki, ilk parlamentlərin meydana çıxdığı dövrlərə təsadüf edir bu. Amma bunlara qədər də siyasət olub. Buna qədər də hakimiyyətlər olubdur.
Ona görə də lap dərinə gedəndə əslində heç kim siyasi partiyaların hansı dönəmlərdə meydana çıxdığını dəqiq deyə bilməz.
O başqa məsələdir ki, ilkin vaxtlarda onlar başqa forma təşkil edirdi, daha çox latent siyasi qruplaşmalar kimi təzahür edirdi. Amma məqsəd yenə eyni idi -hakimiyyətə gəlmək və yaxud da ki, mövcud hakimiyyətdə möhkəmlənmək idi.
Təsadüfi deyil ki, Qərb ölkələri bir yana, Şərqdə bəlkə də ilk politoloji traktat – “Siyasətnamə”, səhv etmirəmsə, 13-cü əsrdə yazılmışdı. Elə bu gün də ən sərt siyasi sistemlərdə belə siyasət bitmir, dəhşətli saraydaxili çəkişmələr xarakterini alır. Məgər dünyanın ən totalitar ölkəsinin – SSRİ -nin tarixində buna əmin olmadıqmı? Kremldə elə çəkişmələr vardı ki, o, bəlkə də dünyanın heç bir dövlətinin tarixində olmamışdı...
“DAXİLİ SİYASƏT”DƏN DAHA YAZAN YOXDUR...
Bunları nədən deyirəm? Daha Azərbaycanın daxili, necə deyər, iç siyasətindən yazan yoxdur. Hamı yalnız hakimiyyətlə bağlı xəbərləri verir, uzağı, onun siyasətini ümumi və yumşaq ifadələrlə şərh edir. Amerikalı sosioloq T.Parsonsun təbirincə desək, ölkə siyasətinin tək bir “aktor”u qalıb - o da hakimiyyətdir. Bəli, siyasi partiyaların, təbii ki, burada söhbət əsl müxalifət partiyalarından gedir, belə fəaliyyətsiz və sakit bir dönəmi olmamışdı, sanki onlar heç yoxdurlar və yaxud da tam qeybə çəkilib, bütünlüklə mühacirətə gediblər.
Amma siyasət bitibmi? Demək olarmı ki, bu ölkədə daha siyasət yoxdur? Əlbəttə ki, olmaz. Əgər hakimiyyət varsa, onu saxlamaq və ya gücləndirmək, eləcə də bu hakimiyyətdə güclənmək meylləri vardırsa, onda deməli, siyasət də var. O başqa məsələdir ki, o, az qala latent bir xarakter alıb, tamamilə hakimiyyət dəhlizlərinə və yaxud da əski dildə desək, “saray”a köçübdür.
Bəli, etiraz etmək olar ki, bütövlükdə siyasət bir məsələdir, müxalifət isə tamam başqa. Leqal siyasi müxaliftəçilik fenomen kimi bir neçə əsr bundan irəli meydana çıxıb, siyasətin tarixisə min illərlə ölçülür. Üstəlik, sərt siyasi siyasi sistemdə güclü müxalifət ola bilərmi?
Bunlarla razıyam. Amma ölkədə müxalifətin düşdüyü vəziyyəti siyasi sistemin sərtliyinin nəticəsi hesab etdiyimiz kimi sərt siyasi sistemin də özünü müxalifətin yoxluğu ilə bağlamaq olardı...
SİYASƏT HAKİMİYYƏT DƏHLİZLƏRİNƏ KÖÇÜB...
Bütün hallarda bu iki məsələdə bir rabitə vardır. Bir daha deyirik ki, siyasət deyilən məsələ heç vaxt bitmir. Hakimiyyətə diqqət edin. Burada bir an sakitlik və asudəlik yoxdur.
Görün, 1993-cü ildən bu tərəfə nə qədər yüksək rütbəli məmur vəzifəsilə, bəzən də mülkü və azadlığı ilə vidalaşıbdır! Əslində onların heç biri digərlərindən daha çox korrupsiyalaşmamışdı və hakimiyyətin ümumi davranışı necə idisə, onlar da həmin davranışın hüdudlarında “hərəkət” edirdilər.
Düzdür, öz siyasət və yaxud komanda həmkarlarından “irəli” getməyə cəhd edənlər də az deyildi, di gəl, ümumi hakimiyyət fonunda onlar da elə də tünd rəngdə görünmürdülər.
Bunu deməklə kiminsə təqsirini azaltmaq və yaxud da kiməsə bəraət qazandırmaq niyyətində deyilik. Əsla... Amma hər bir şəraitdə, xüsusən də hakimiyyətdə və onun xüsusi halı kimi sərt siyasi sistemlərdə siyasət yenə kollektiv məşğuliyyət olaraq qalır, burada hamı davranışını ümumi fona və siyasi “test”lərə uyğun olaraq nizamlayır...
Elə bu səbəblərdən də tamam hamısını olmasa da, hakimiyyətdə baş verənlərin bir çoxunu elə hakimiyyətdaxili çəkişmələrin nəticəsi kimi də səciyyələndirmək və ya xarakterizə etmək mümkündür.
ZORƏN DİSSİDENTLƏR...
Qərəz, siyasət davam edir. Amma onu “görmürük” və yaxud da ki, görmək istəmirik. Həm də ona görə görmürük ki, getdikcə əsl siyasət və əsl siyasi fəaliyyət haqqında yazmaq da çətinləşir.
Bunun bir səbəbi əgər “saray çəkişmə”lərinin geniş auditoriya üçün qapalı olmasıdırsa, digəri söz azadlğı ilə yaşanan məhdudiyyətlərdir...
Standart, indiyədək alışdığımız siyasətə, cəmiyyətin dinamikasına gələndə isə ölkənin üzünü ağ edənlər daha çox azsaylı “dissident”lərdir. Bəli, onlar nəsə deyir, yazırlar və biz də məhz bunlara görə Orta Asiya ölkələrindən bir az fərqlənirik... Amma “dissident” sözünü dırnaqda yazdım. Ona görə ki, bu adamların çoxu əslində özlərini dissident - filan da hesab etmirlər, onlar sadəcə, yalan danışmağı və yalan xoruna qoşulmağı bacarmırlar...
Nə demək olar? Hər bir adam bax, beləcə, heç olmasa, öz vicdanının diqətisilə yaşasaydı, o halda ölkədə hər şey – siyasi sistem də və hətta iqtisadi münasibətlər də tamam başqa olardı...
NÖVBƏTİ “DALĞA”NIN İNTİZARINDA...
Ən qəribəsi bilirsiniz, nədir? Dünya qaynayır, böyük dinamizm var. Amma sanki bütün bunlar Azərbaycandan yan keçir. Demirik ki, burada hər şey dünyadakı dəyişikliklərlə həmahəng olmalıdır. Elə Azərbaycanın müxalifət sferasını iflic edən səbəblərdən biri də o oldu ki, ölkənin içinə deyil, daha çox dışına diqqət kəsildilər.
İndisə müxalifətin ən ağıllı və hətta ən ardıcıl adamları da deyirlər ki, daha heç nə mümkün deyildir, ona görə ki, ikinci “böyük demokratiya dalğası” çəkilibdir, üçüncüsünün isə bizim sahillərə nə vaxt yetişəcəyi heç kimə bəlli deyildir...
Amma bütün siyasi öhdəliklərdən, siyasi mənsubiyyətlərdən imtina edəndən sonra belə hər birimizin bir mənsubiyyətimiz yenə də qalır – o da vətəndaşlığımızdır. İnanın, hər birimiz layiqli vətəndaş və layiqli şəxs olmağa çalışsaq, çox şey dəyişə bilər. Nahaq yerə A.Soljenitsın demirdi ki, heç nə bacarmırsınızsa və hətta heç nəyə gücünüz çatmırsa, onda, o halda heç olmasa, ümumi yalana qoşulmayın. Bizdən də çox şeylər və ya ifrat böyük fədakarlıq tələb olunmur. Ən azı ardıcıl və prinsipial olsaq və öz vicdanımızın diqtəsilə hərəkət etsək, bu ölkədə müəyyən islahatların aparılmasına nail ola bilərik. Bəli, bizə islahatlardan və dinc dəyişiklikdən başqa bir şey də lazım deyildir...
A.Soljenitsındən söz düşmüşkən, inanmıram ki, hər hansı birimiz ondan daha çox iztirab çəkmiş olsun. Hətta 50 il bundan əvvəl kiməsə desəydin ki, SSRİ dağılacaqdır, səni ağılsız sayardı.
Bəlkə də ən optimistlər də - C.Oruell kimilər də bunun belə tezliklə baş verəcəyini təxmin etmirdilər, halbuki təsadüfdənmi və yaxud da başqa səbəbdən, amma C.Oruell əsərlərindəki ədədlərdə böyük yanlışlığa yol verməmişdi.
Qərəz, A.Soljenitsın inandı və gözlədi, axırda da gözlədiyini görə bildi. Bilmirəm, bəlkə bizim müxalifətçilərimiz də A.Soljenitsın kimi gözləməyə qərar veriblər. Amma Soljenitsın gözləməkdən öncə Sibiri görmüş və nə az, nə də çox, “Arxipelaq...”ı, “İvan Denisovun bir günü”nü yazmışdı...
Üstəlik, Azərbaycanın düşünən və narahat adamlarının istəyi elə də böyük deyildir. Bir daha deyirəm ki, onlar yalnız müəyyən islahatların aparılmasını və bəlkə də canlarından da artıq sevdikləri dövlətin normal və hüquqi dövlətə çevrilməsini arzulayırlar...
HEÇ YERİDİRMİ?..
Nə isə... Necə deyər, enək yerə... Görək, bu yaxın perspektiv nələr vəd edir? Neçə dəfə yazmışam ki, bütün hallarda il maraqlı olmağı vəd edir. Güman, o, əvvəlki illərdən daha yadda qalan olacaqdır. Elə indidən söz demək və fikir bildirmək üçün yetərincə predmet vardır.
Ötən həftə hamı xarici işlər naziri S.Lavrovun mətbuat konfransında dediklərini müzakirə edirdi. Demirəm müxalifətçilər də durub bu xora qoşulmalı idi. Amma deyiləsi söz çoxdur. Məsələn, bizim bəzi diplomatlardan və “müstəqil politoloq”lardan soruşmaq olardı ki, axı nə oldu, ötən yaz “Lavrov planı” deyib səs salmışdınız ki, artıq Qarabağ qayıdır!..
Bəs nə oldu? Niyə qayıtmadı?.. Ürək ağrısı ilə olsa da, lap əzəl gündən o söhbətlərə ironiya edirdim. Ona görə ki, Rusiyanı tanıyırdım və Qarabağ probleminin onun üçün önəmini dərk edirdim.
Ona görə də erməni əsilli S.Lavrovun (buna internetdə onun bioqrafiyasına baxmaqla əmin ola bilərsiniz! Yazılanlara görə, guya bu adamın atası erməni olubdur! Dəqiq deyə bilmərəm, amma belə yazılıb!) dedikləri məni qətiyyən təəccübləndirmədi. Hətta düşünürəm ki, məqam da çox “uğurla” seçilibdir.
Hazırda ruslar böyük eyforiya içindədirlər. Düşünürlər ki, D.Trampın sayəsində ABŞ qlobal iddialarından əl çəkəcək və onlara dünyada geniş meydan açılacaq...
Yaxın günlərin söhbətidir. Rusiya telekanallarında növbəti siyasi şou göstərirdilər. “ABŞ qlobal iddialarından əl çəksə Rusiya nə qazanacaq?” sualına adətən çərənçiliyilə seçilən V.Jirinovskinin olduqca qısaca cavabı oldu: “SSRİ-ni bərpa edəcəyik!”...
Güman edirəm, izafi şərhə heç ehtiyac yoxdur. İndi özünüz tək bircə, bəli, bircə suala cavab verin: “Belə məqamda da heç kənara çəkilməyin vaxtıdırmı?”...
Qaynarinfo.Az
Şərhlər