Xəbər lenti

İdman 15:42 10.09.2019

"Hər mərhələdə Azərbaycan millisi kimisə bədbəxt edir..." (SORĞU)

Futbol üzrə Azərbaycan millisi ötən gün AÇ-2020-in seçmə mərhələsində dünya ikincisi Xorvatiya ilə 1:1 hesablı heç-heçə edərək qrupda ilk xalını qazanıb. 

3 gün öncə Uels millisinə 1:2 hesabı ilə məğlub olan komandamızın belə nəticə verəcəyini kimsə gözləmirdi. 

Bununla bağlı Qaynarinfo sorğu keçirib. Ölkə ictimaiyyətinin futbol sevgisi ilə seçilən tanınmış simaları yığmamızın bu nailiyyətini qiymətləndiriblər. 

Korrespondentlərimiz bu heç-heçəni Xorvatiya millisinin zəif anına tuş gəlməkdə, yoxsa Nikola Yurçeviçin uğurlu işi, futbolçuların potensialının yüksəlməsində görürlər?
 


Fazil Mustafa (Millət vəkili): "Hər bir halda bu heç-heçə uğurlu nəticə sayılmalıdır. Burada təbii ki, Xorvatiya millisinin arxayınçılığı, rəqibi zəif görməsi amili də rol oynayıb. Ancaq Təmkinin cəsarətli davranışı onların hesablarını suya düşürdü. Futbolda olur, bəzən bir oyunçunun riski öz üzərinə alması durumu dəyişə bilir. Qapıçımız da yüksək səviyyədə oynadı. Bu da hesabın artmasını əngəllədi. Unutmayaq ki, topu da təsadüfi 11 metrəli cərimə zərbəsindən keçirmişik. Alt qatda futbolun bərbad vəziyyətdə olduğu məmləkətdə bu nəticə qənaətbəxş sayılmalıdır. Futbolçularımıza uğurlar diləyirəm".

Rəşad Məcid (AYB katibi): "Xorvatiya kimi dünya ikincisi olmuş komandadan bir xal almaq, əlbəttə ki, müsbət qeyd olunası məqamdır. Bu oyunda əsasən gənc qapıçımızın uğurlu oyununu qeyd edə bilərəm. Millimizdəki baş məşqçi dəyişikliyinin isə komandamızda yüksəlişə səbəb olduğunu demək doğru olmaz. Çünki 5 oyuna cəmi 1 xal toplamışıq ki, bu da uğursuz nəticədir. Xorvatların Bakıda xal itkisinə gəlincə, mənə elə gəlir ki, tez qol vurmaları və birinci hissədə davamlı hücum etmələri onlarda xeyli arxayınlıq yaratdı. Bizim komanda isə ikinci hissədə yaxşı oyun göstərib cavab qolunu vurdu".
 


Səbuhi Məmmədli (Jurnalist): "Yadima Vasili Utkinin Rusiyanın NTV kanalında dediyi bir fikir düşdü. DÇ-2002-nin seçmə mərhələsində yığmamız Bakıda Slovakiyanı 2:0 hesabı ilə udmuşdu. Həmin axşam bütün qruplardakı oyunları şərh edən Utkin maraqlı bir fraza işlətmişdi. "Hər mərhələdə Azərbaycan millisi kimisə bədbəxt edir. Bu dəfə də bu taleyi Slovakiya yaşadı". Dünənki oyunu da təxmini belə izah edərdim. Amma təbii ki, qarşıda oyunlar var və Modriçlə komandası AÇ-2020-ə vəsiqə qazanacaq, Slovakiya kimi bədbəxt olmayacaqlar. O ki qaldı oyuna, bircə kəlmə ilə əhval-ruhiyyə oyunudu. Bəxt amili böyük rol oynadı. Emil, Ramil, Bəhlulu, Təmkin kimi oyunçuların fərdi ustalığı nəticə verdi. Yurçüviçə gəlincə, adam normal heyət formalaşdıra bilmir. Ümumiyyətlə, onun bu heç-heçədə heç bir rolu yoxdur". 

Ceyhun Həşimov (Sabiq futbol hakimi): "İlk olaraq futbolsevərləri təbrik edirəm. Ona görə yox ki, ilk xalımızı qazandıq, ona görə ki, döyüşən, oynamaq istəyən milli gördük. İlk dəqiqələr həyəcan hiss olunurdu, ama sonra anladılar ki, oynamaq olar və nətivə göz qabağındadır. Düzdür, bu, sadəcə bir oyundu. Çalışmaq, işləmək, uğurlar qazanmaq lazımdır. Mən rəqibin kimliyindən asılı olmayaraq həmişə inanmışam. Uğurlu nəticə olması üçüb həmişə dəstək olmalıyıq. Uğurlu-uğursuz nəticəni sırf bir nəfərin ayağıan yazmaq olmaz. Son iki oyun göstərdi ki, həm futbolçular, həm məşqçi düz yoldadır. Bu zəncirdir, məşqçi düzgün taktika seçsə, amma hər hansı futbolçu tapşırığın öhdəsindən gəlməsə, demək məşqçinin də, futbolçuların da zəhməti hədər gedəcək. Bu komanda işidir. Düzdür, məşqçi işini düzgün qurmasa, uğur əldə edilməyəcək. Ona görə məşqçinin də işini yaddan çıxarmaq olmaz". 
 


İsa Qəmbər (Milli Strateji Düşüncə Mərkəzinin sədri): "Heç bir hadisənin yalnız bir səbəbi və yalnız bir nəticəsi olmur. Xoravatiya ilə oyunda nisbi uğur əldə etməyimizin də bir sıra səbəbləri var:

1. Böyük yarışlarda uğur qazanan əksər komandalar kimi Xorvatiya da dünya ikincisi olandan sonra nisbi eniş yaşayır.
2. Xorvatlar Slovakiya ilə böyük qələbədən sonra bir az arxayınlaşmışdılar.
3. Onlar düşünürdülər ki, Azərbaycanın müəyyən müqaviməti olsa da, asan qələbə qazanacaqlar.
4. Azərbaycan Millisi isə bu mərhələnin bütün oyunlarını uduzandan sonra ictimai etimadı itirdiklərini dərk edirdilər. (Dünya ikincisi bir komanda ilə oyuna kiçik stadion belə dolmamışdı). Buna görə də həm məşqçi, həm də bütün oyunçular uğurlu nəticədən ötrü fədakarlığa hazır idilər.
5. Xüsusən Millidə ilk dəfə oynayan və ya az oynayan futbolçularımız özlərini sübut etməyə çalışırdılar. İlk növbədə gəncləri - Emil Babayev, Bəhlul Mustafazadə, Ramil Şeydayev, Mahir Əmrəli qeyd etmək lazımdır.
6. Və nəhayət hər oyunçunun bir ulduz günü olur, dünən Təmkin Xəlilzadə yəqin ki, həyatının bugünə ən uğurlu oyununu oynadı və hələlik ən önəmli qolunu vurdu.
7. Yurçeviç haqda bu mərhələ bitdikdən sonra danışarıq".

Rəşad Kəsəmənli (Aktyor): "Millimizin oyununda heç bir irəliləyiş yoxdur, sadəcə, xorvatlar bu oyun üçün düzgün sistem seçməmişdilər. Azərbaycan yığması bütün oyun boyu müdafiə olundu və Xorvatiya da bu müdafiəni yara bilmədi. Ancaq onu deyim ki, qol çox gözəl idi. İkinci top boşa getməsəydi, qələbə də qazana bilərdik. Ümumilikdə isə yığmanın oyunundan razı deyiləm, qənaətbəxş deyil. Uelslə bərbad oyun nümayiş etdirmişdilər. Bu oyunundan da razı qalmadım. Azərbaycan yığmasını özü ilə müqayisə edəndə, cüzi irəliləyiş edib, sonra yenidən qayıdır yerinə. Böyük fərqlə irəliləyiş görsənmir. Bunun üçün nə çarə qılınacağını yəqin ki, AFFA daha yaxşı bilər. Çünki bu gün ortada bir nəticə yoxdur. Bir çarə tapılmalıdır. Ancaq hər bir halda millimizi dəstəkləyirəm. Ən böyük hesabla uduzsa belə, yenə də yanında olmalıyıq". 

Əli Sahib (İdman yazarı): "Xorvatiya millisinin zəif anına düşüb qalib gəldik” deyib futbolçularımızın haqqına girməyək. Rəqib qrup lideridir. Yəqin ki,  güclərini, futbolçularını xatırlatmağa ehtiyac yoxdur. Onların zəif anı belə bizdən daha üstündür. Sadəcə, rəqib qolu tez, biz isə gec vurduq və qalan vaxt ərzində səhvə yol vermədik.  Düşünürəm ki, 1 xalı sərgilənən oyunla haqq etdik və qazandıq. Kardifdəki oyunda da bu xalın işartıları görünürdü. Maraqlı, baxımlı oyun oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm.
 
Yurçeviç barədə onu deyə bilərəm ki, futbolçuların fərdi keyfiyyətinə yaxşı bələddir. Bu da əslində onun işidir. Milli üzvlərinin potensialının artması isə Yurçeviçin deyil, klublarının əməyidir. Emilin, Eminin, Təmkinin, Qaranın, Bəhlulun və sair futbolçularımızın potensialının artmasında Yurçeviçin hansı rolu ola bilər ki? Sadəcə, milliyə dəvət etdiyi futbolçularda yanılmamalıdır. Bunun da öhdəsindən gəldi. Əlindəki heyətlə maraqlı oyun sərgilədi. Halal olsun!"
 


Mənsur Rəğbətoğlu (Jurnalist): "Xorvatiya ilə heç-heçə xoş təəssürat yaratsa da, bunun böyük uğur olduğunu düşünmürəm. Kəlbətin ustası, falçı, "ptiminutka ustaları”ndan ibarət Andorra da son dəqiqəyədək Türkiyə ilə vuruşdu, axırda türklər biabırçılıqdan zorla qurtardılar canlarını. Buna görə də, bizim guya peşəkarlardan ibarət komandamızın heç-heçəsi sinəmi o qədər də qabartmır ki, yaxşı nəsə olacaq. Ən azı ona görə ki, biz özümüzü "futbol ölkəsi” adlandırırıq, amma ilin axırında idman nailiyyətlərimiz sadalananda gimnastika, şahmat, güləş, nə bilim dəvə quşu yarışlarından, pendir yuvarlamadan danışırıq. Düşünmürəm ki, özünü "futbol ölkəsi” adlandıranların vətənlərində adi bir heç-heçə böyük nailiyyət kimi danışılır.

Adını da deyə bilmirəm o məşqçinin, indi gəlib yaxşı edib, belə kefindən gəlib - özü bilər, bəlkə istirahət etməyə gələn bir ərəbdir, tutub avropalı futbol mütəxəssisi adıyla qoyublar bunların başına ki, nəsə eləsin, bunu da bilmirəm. Bir onu bilirəm ki, bizim futbolçular hələ özlərini yaxşı tanımırlar, özlərini tapa bilmirlər. Niyə futbol oynayırlar, ümumiyyətlə, futbolu niyə oynayırlar, futbol nə olan şeydir – bunları bilmirlər. Kimsə danışanda eşidiblər ki, yumru bir şey olur, meydana çıxıb onu qovmaq lazımdır. İndi Xorvatiya ilə heç-heçə ediblər, yaxşı ediblər, düzdür, udanda sevinirəm, amma mən bunlardan əlimi çoxdan üzmüşəm, özləri bilərlər”.

Aqşın Evrən (Yazar): "Ən önəmlisi budur ki, dünənki oyunda futbolçularımızda özünəinam hissi var idi: 100 faizlik qol epizodlarını çıxaran qapıçı Emil Balayevdən tutmuş, xorvatların cərimə meydançasında bir neçə nəfəri aldadadan Nazarova qədər... Təmkin Xəlilzadənin vurduğu qol bu uşaqlarda özünəinam hissinin olduğunu göstərir. Əvvəl isə belə deyildi: futbolçularımız ötürmə etməyə qorxurdular. Amma dünya ikincisi ilə bərabərliyə aldanıb yüksək fikirlərə qapılmaq lazım deyil. Millidə ciddi problemlər var. Xorvatlar mərkəzi xətti çox asanlıqla keçirdilər, oyun zamanı bloklararası əlaqə itirdi.

Yurçeviçə güvənmirdim, amma düşünürəm ki, ona vaxt vermək lazımdır. Onsuz da yeni məşqçi gətirib qısa müddətdə nəyəsə nail olmaq mümkün deyil. Bir də millidə ustalıq səviyyəsi digərlərinə nisbətən yaxşı olan futbolçular var - Şeydayev, Nazarov, Mahir Əmrəli. Belə futbolçuların sayını artırmaq lazımdır. Təkcə taktiki sxemlə nəyəsə nail olmaq mümkün deyil. Dünən futbolçular meydanda əməlli-başlı mübarizə apardılar, təkcə elə buna görə onlara dəstək olmaq, inanmaq lazımdır".
 


Kamran Əsədov (Tarixçi-alım): "İlk növbədə qeyd etmək istəyirəm ki, milli komandamız qrup mərhələsində çıxış etdiyi oyunlarda pis təsir göstərməyib. Futbol təkcə peşəkar oyun deyil, eyni zamanda bəxt amilinin rol oynadığı bir oyundur. Misal üçün, Yunanıstan Avropa çempionu olmuşdu, amma indi Lixteynşteynlə heç-heçə edir və sair. 

Millimizin üzvləri artıq öz üzərlərində çalışırlar. Çünki daha milli çempionat maraqlı deyil. Klub az, azarkeş yox, potensial itib batır. Ona görə də, futbolçularımız beynəlxalq oyunlarda tam güclərini qoyurlar ki, bəlkə bəxtləri açıldı, onları kimsə aldı. 

Xorvatiya ilə heç-heçə gözlənilən idi. Hətta qalib belə gəlmək olardı. Bu Xorvatiyanın zəif oyunu, nə də Yurçeviçin fəaliyyətinin nəticəsi ilə bağlı deyil. Artıq "Neftçi", "Qarabağ", "Qələbə", "Sumqayıt", "Keşlə" kimi klublar futbolçu yetişdirə bilir. Ən azından orada çıxış edən futbolçular Avropa Liqasında 1-2 turda iştirak edib təcrübə qazanır. Yəni, millinin baş məşqçisi o qədər də əziyyət çəkmir, əziyyəti klub məşqçiləri çəkir. Bu futbolçularla mən də məşqçi olsa idim, bərabərə qalardıq. Baş məşqçi sadəcə olaraq hansı oyunçunu harda oynamaq, lazımı anda düzgün oyunçu dəyişikliyi edib oyuna müdaxilə edə bilən şəxsdir. Yurçeviç isə bizim futbolçuları tam şəkildə tanımır. Yoxsa bir neçə oyun uduzandan sonra qapıçı dəyişikliyi etməzdi.

AFFA da gərək tez-tez baş məşqçi dəyişməsin. Çünki o məşqçi futbol və futbolçularımıza bələd olanda, onu dəyişirlər. Əslində, bizim yığma Proçinenskinin dövründə düzəldi, sistemə düşdü. Bir də danmaq olmaz ki, "Qarabağ"nın 6 il ardıcıl Avropada çıxış etməsi ölkə futbolunun inkişafına, təkmilləşməsinə ciddi şəkildə təsir göstərib. Hazırda olan 1 xal bizim haqqımız olan deyil, azı 8-9 xalımız ola bilərdi. Futbolçular psixoloji cəhətdən tam hazır deyildilər. Amma Xorvatiya ilə oyunda bunun əksini gördük. Əslində milli komanda Xorvatiyaya yox, öz qorxularına qalib gəldilər. Yəni, Dünya çempionatının finalçısı fərqli bir şey deyil, oynamaq olar, qol vurmaq olar.

Milli komandamızın hər bir üzvü bilməlidir ki, azarkeşlər onların yanındadır, onları dəstəkləyir və onlardan qələbə gözləyirlər. Futbolçuların azarkeşlərə qələbə borcu var. Amma qələbə olmasa da, heç olmasa sonuna qədər mübarizə, oyun, əzmkarlıq istəyirik".

Vüsal Murtuzəliyev (Aktyor): "Çəkilişdə olduğum üçün matçı izləyə bilmədim. Ancaq eşitdiyimə görə, millimiz əzmkarlıq nümayiş etdirib. Xüsusilə də qapıçımız Emil Balayev. Düzü, mən xorvatların böyük hesablı qələbəsini gözləyirdim. Amma bu heç-heçə heç nəyi dəyişmir. Mən futbol mütəxəssisi deyiləm deyə, dediklərim yalnış anlaşılmasın. Sadəcə, futbol azarkeşi olaraq fikir bildirirəm. 2 gün ərzində potensialın yüksəlməsi mümkün deyil. Bir oyunçuda potensial varsa, bu özünü hər oyunda göstərməlidir. Demək ki, bu cür oyunu daha əvvəllər də oynaya bilərdilər. Ya da digər oyunlarda məşqçinin hansısa taktiki səhvləri olub. Mənə elə gəlir ki, bu dəfə ya Yurçeviç doğru taktikanı qurmuşdu, ya doğma meydan amili avantaj oldu, azarkeşlər önündə əzmkarlıq nümayiş etdirdilər". 

Röya Kərimli
Qaynarinfo

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->