Xəbər lenti

Hər şey hökumət deyən kimi olsaydı...
Hüseynbala Səlimov
Ölkə 11:11 14.03.2017

Hər şey hökumət deyən kimi olsaydı...

Hüseynbala Səlimov

VAXT VARDI...

Elə məsələlər var ki, onlardan yazmaq çox, olduqca çətindir. Ha çalışırsan ki, əsl həqiqəti yazasan, yenə də bacarmırsan, çünki tənqid edə bilmirsən, azacıq da olsun, ironiya etməyə ürəyin gəlmir. 

Azərbaycanda belə problemlərdən biri, bəlkə də elə ən birincisi Qarabağdır. Bəli, Qarabağ ümumi dərddir, lap bizim qocalar demişkən, göz dağıdır. Buna söz yox.... 

Di gəl, Qarabağ həm də bir siyasət məsələsidir. O üzdən də ən azı bu problemə münasibətdə hakimiyyət özünü daha məsuliyyətli və hesabatlı sanmalı və özündə bir cavabdehlik duymalıdır,- axı on illərdir, problemi həll edə bilmirlər. 

Bəli, on illər, daha doğrusu, düz 24 il keçibdir, amma hələ heç nə yoxdur. Halbuki bir vaxtlar elə həmin bu hakimiyyətin üzvləri özlərindən əvvəlkilərini “ciddi Qarabağ konsepsiyasının olmamasında” və problemi həll edə bilməməkdə qınayırdılar.
İndi nə alınır, əzizlərim? O vaxt deyilənlər tamam-kamal yaddan çıxıbdırmı? Yoxsa Dağlıq Qarabağ problemi yalnız müxalifət ritorikasının predmetidir? 

Bəli, daha əvvəlki hakimiyyətlər yoxdur və əgər hesab sorulası bir hakimyyət, bir siyasi vektor varsa, o da elə indiki hakimiyyətdir və bu səbəbdən də hakimiyyət təmsilçiləri heç olmasa, müxalifətçilik vaxtları dedikləri sözləri yada salmalıdırlar.

YOX, BUNA BÖYÜK QAYIDIŞ DEMƏZLƏR...

Ona görə də nə qədər çalışıramsa, nə qədər cəhd edirimsə bu hakimiyyəti Qarabağ problemini indiyədək həll edə bilmədiyinə görə heç cür bağışlaya bilmirəm. On illərdir ki, hakimiyyətdədirlər, di gəl, hələ bircə rayonu belə azad edə bilməyiblər. Əvəzində isə çox kiçik bir Cocuq Mərcanlı kəndinin bərpasını “böyük qayıdış” və “ böyük qələbə” kimi qələmə verirlər. 

Mən isə bir vətəndaş kimi bununla heç barışa bilmirəm, ona görə ki, işğal olunmuş ərazilər bir kiçik kənddən ibarət deyil, yüzlərlə və bəlkə də minlərlə kənddən ibarətdir. Cocuq Mərcanlı da belə kəndlərdən yalnız və yalnız biridir...

Hətta onu da başa düşürəm ki, kiçik bir uğurla olsa da, insanlara nikbinlik və qələbə ruhu aşılanmalıdır. Bunu da başa düşürəm. Amma adam bunun davamını gözləyir. Axı, bir gör, nə qədər vaxt keçibdir! Nə az, nə də çox – düz 24 il... 

Bu 24 ildə nə qədər vəd eşitdik? Nə qədər “Qarabağ bu gün-sabah qaytarılacaq!” dedilər. Biz də səbr etdik və gözlədik. Amma əvəzində nə gördük? Kiçik kəndin bərpasının böyük qayıdış kimi qələmə verilməsini!

HƏTTA YUXULARIMIZDA DA...

İllərlə deyilən sözləri, verilən vədləri bir tərəfə qoyuram. Ötən yaz dedilər ki, artıq məsələ həll olunub, bu dəfə hər şey həll olunacaq. Hətta o qədər “Lavrov– Putin planı” dedilər ki, yatanda yuxumuzda da V.Putini  və S.Lavrovu görürdük.

Amma tez bir zamanda bəlli oldu ki, bütün bunlar sabun köpüyü imiş. Hətta “böyük sülh planı”nın “memar”ı kimi qələmə verilən S.Lavrov bir gün bildirdi ki, Qarabağ problemi heç də Bakının daxili işi deyildir!.. 

Bəs rəsmi Bakının buna siyasi – diplomatik münasibəti necə oldu? Nə dedilər, nə etdilər? Təsəvvür edin, Rusiyanın xarici işlər naziri S.Lavrovdan daha çox ona mətbuat konfransında sual verən jurnalisti qınadılar! Guya ki, məhz o, Rusiyanın baş diplomatını bu sözləri deməyə vadar edibmiş...

Qərəz, beləcə daha bir siyasi serial başa çatdı. Daha “böyük sülh planı”ndan danışan yoxdur. Əvəzində hər gün Qarabağda, ümumiyyətlə, Ermənistanla sərhəddə gərginlik yaşanması, döyüşlərin getdiyi bəlli olur. Tamamilə mücərrəd, qəliz vəziyyət yaranıb. Azərbaycan Ermənistanın danışıqları dayandırdığını bildirir, Rusiya isə gah “danışıqların gedişindən” razı qaldığını deyir, gah da münaqişə tərəfləri arasında bir neçə razılaşdırılmamış məqamın olduğunu dilə gətirir.

Qəribədir, Rusiya təkcə dostumuz deyil, həm də dostumuzun – Türkiyənin dostudur. Amma heç bir nəticə yoxdur. Türkiyə prezidneti R.T.Ərdoğanın da son Rusiya səfərindən bir şey çıxmadı deyəsən. Təbii ki, Ərdoğan Qarabağ məsələsinə toxundu, bir daha Qarabağ problemini çözmək üçün Azərbaycan–Rusiya–Türkiyə üçlüyünün yaradılması təklifilə çıxış etdi. Amma deyəsən məhəl qoyan olmadı onun sözlərinə... 

Qərəz, heç nə yoxdur. Düzdür, həmsədrlər yenə də tənbəl – tənbəl Bakıya və Yerevana səfərlər etməyə başlayıblar. Amma konkret bir söz deyilmir. 

Hökumətimizə gəldikdə isə, o, daha bir Dağlıq Qarabağ vədinin sabun köpüyünə çevrilməsini qətiyyən özünün uğursuzluğu kimi yozmur. Hətta səlahiyyət sferasını genişləndirməkdə və özünü bir az da möhkəmləndirməkdə davam edir. Sanki bütün problemləri həll ediblər, Qarabağı da qaytarıblar... 

24 İLİN DAHA BİR NƏTİCƏSİ...

Bu da azmış kimi, Rusiya ilə münasibətlərinin ən yüksək səviyyədə olduğunu deyirlər. Yox, buna da şübhə etmirik, Rusiya həqiqətən də “dost” və “strateji müttəfiq”dir. Amma kimin dostudur? Kimin müttəfiqidir? Məsələ də elə bundadır ki, Azərbaycanın dostu deyil bu ölkə, daha çox bizim iqtidarının dostudur...

Təbii ki, insanları bir məsələ çox düşündürür: görən, bütün bunların sonu necə olacaqdır? Lap əvvəlki illərdə olduğu kimi olmasa da, bir azca seyrəlsə də, hər halda, əsgər itkiləri hələ də davam edir. Ermənistan tez – tez döyüş bölgələrində vəziyyəti gərginləşdirir və Azərbaycan da cavab tədbirləri həyata keçirməli olur. Prinsipcə, bu cür cavab tədbirləri torpaqların qaytarılması üçün ciddi bir fürsət ola bilərdi. Amma ötən ilin aprel döyüşlərindəki ilk kiçik, fəqət, olduqca önəmli hərbi uğuru nəzərə almasaq, torpaqlar qayıtmır...
Təəssüf ki, sakitləşdirici, təskinlik verə bilən hər hansı söz də deyə bilmirik. Ona görə ki, indi Ermənistanda parlament seçkisi ilidir. Bu isə o deməkdir ki, qeyri – müəyyən vəziyyətdir və Yerevanla Bakını sülh masası arxasında oturtmaq haqqında düşünməyə belə dəyməz. Üstəlik, belə qeyri–müəyyənlik hələ bir müddət də qalacaqdır. 

Həm də indiki Ermənistan rəhbərliyi öz cəmiyyətinin gözündə xal qazanmaq üçün mütəmadi olaraq hərbi təxribatlara əl atır və bu yolla  cəmiyyətin diqqətini digər daxili problemlərdən yayındırmağa cəhd edir.  

Yaxın gələcəkdə də ciddi perspektiv görünmür. Təəssüf ki, Rusiya üçün geniş meydan açılması hələ də davam edir və indiyədək Qərb dediyimiz “siyasi areal” da hazırda qınına çəkilmiş, öz problemlərinə qapılmış kimi görünür. Rusiyanı, azacıq da olsa, cilovlamaq istəyi sezilmir. 

Düzdür, bu yaxınlarda ABŞ-ın dövlət katibi R.Tillerson Ukrayna xarici işlər nazirilə görüşündə Rusiyaya qarşı sanksiyaların götürülməyəcəyini demişdi. Amma böyük hesabla D.Trampın Rusiya ilə bağlı siyasəti hələ də aydınlaşmamış qalır.
  
Belə bir vəziyyətdə nə ola bilər? Təbii ki, yaxşı heç nə... Amma bütün bunlar Azərbaycan hakimiyyətinə haqq qazandırmır. Düzdür, on illərdir digər bölgələrdəki – Gürcüstandakı və Moldovodakı problemlər də həll olunmayıb. Amma gəl, Gürcüstanda və yaxud da Moldovoda indiyədək siyasi palitra nə qədər dəyişibdir!.. 

Azərbaycan hakimiyyəti isə özünü elə aparır ki, sanki Qarabağ probleminin həll edilməməsi heç bir halda siyasət məsələsi deyildir və cəmiyyət bunun hesabını ondan sormamalıdır...

Elə bu səbəbdən də vəziyyət gərgin və bir az da ümidsiz olaraq qalır. Düşünürsən ki, bəlkə hansısa təsadüf nəticəsində nəsə ola bilər. Amma dərhal da ağlına gəlir ki, təsadüfən heç dovşanlar da doğulmur. Düzdür, ötən 24 ilin daha bir nəticəsi də var – azərbaycanlılar daha inamlı, bir az da əzmli və nikbin olublar. Bu isə heç də az deyil...

Qaynar.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->