Xəbər lenti

Hərbi hissələr üçün yeni komplekslər istifadəyə verilib (VİDEO)
Video 22:50 31.12.2018

Hərbi hissələr üçün yeni komplekslər istifadəyə verilib (VİDEO)

Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib.

Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Bu birlik və həmrəylik ordumuzun gücünü artırır. Bayram günlərində hərbi hissələrdə yeni xidmət və yaşayış binalarının istifadəyə verilməsi, əsgər və zabitlərlə görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. 

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsib. 

Ali Məclisin Sədri əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı, eləcə də yeni əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzu güclü ordular sırasına çıxarmışdır. O ordu güclüdür ki, onun müasir silahları, texnikaları var, əsgəri-məişət kompleksləri müasir tələblər səviyyəsindədir və şəxsi heyətinin yüksək döyüş ruhu vardır. Bunları Azərbaycan ordusunun, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə, hissə və bölmələrinin timsalında görmək mümkündür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri həm müasir silah və sursata, həm də peşəkar və yüksək döyüş ruhu olan şəxsi heyətə malikdir. 

Ali Məclisin Sədri deyib: Güclü ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Bu gün Azərbaycan ordusu dövlətimizin və müstəqilliyimizin qarantıdır. Çünki ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülür. Ölkə Prezidentinin ordunun inkişafına göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan ordusu müasir tələblər səviyyəsindədir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması ordumuzun qarşısında duran əsas vəzifələrdir. Gərməçataq kəndindəki hərbi hissə üçün yaradılan şərait də xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir. Əsgərlərin xidməti və istirahəti hərtərəfli təşkil olunacaq, qarşıya qoyulan vəzifələr isə layiqincə yerinə yetiriləcəkdir. 

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və xidmətin təşkilində məsuliyyətin artırılacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb. 

Əsgər Elnar Vəliyev minnətdarlıq edərək deyib: Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Ali Məclis Sədrinin bayram günündə ön xətdə yerləşən hərbi hissədə əsgəri-məişət yaşayış kompleksini açılışında iştirak etməsi, şəxsi heyətlə görüşməsi bunun daha bir ifadəsidir. Yaradılan şəraiti, göstərilən qayğını dərindən dərk edir, hərbi sirlərə yiyələnir, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməyə çalışırıq. Əmin edirik ki, zirvəsində dayandığımız bu dağlar qədər mətin, vüqarlı və yenilməzik. 

Əsgər Qasım Bağırov deyib: Böyük əminliklə deyirik ki, torpaqlarımız etibarlı müdafiə olunur. Müstəqil Azərbaycanın inkişafı ordumuzun qüdrətini, şəxsi heyətin birliyini, döyüş ruhunu və qələbə əzmini daha da artır. Yüksək dağlıq şəraitdə, düşmənlə təmas xəttində Vətənin müdafiəsində ayıq-sayıq dayanmışıq. Əsgərlərimiz dövlət qayğısını daim üzərlərində hiss edirlər. Bayram günündə Ali Məclis Sədri ilə görüşümüz bizi ruhlandırır, əzm və iradəmizi artırır. 

Əsgərlər Elnar Vəliyev və Qasım Bağırov yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdırıblar. 

Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndiriblər. 

Ali Məclisin Sədri binada yaradılan şəraitlə və xidmətin təşkili ilə maraqlanıb. Məlumat verilib ki, ikimərtəbəli əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, əsgərlər üçün ləvazimatların satışı mağazası, hamam-camaşırxana və qazanxana yerləşir. Binada xidmətin günün nizam qaydalarına uyğun təşkili, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb. 

Həyətdə sıra meydanı və idman şəhərciyi salınıb, texnika saxlancı tikilib. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də döyüş növbətçiliyinin düzgün təşkili üçün hərtərəfli şərait vardır. Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədi ilə istirahət guşəsi istifadəyə verilib, ərazidə abadlıq işləri görülərək yeni asfalt yol salınıb. 

Ali Məclisin Sədri ön xətdə xidmətin təşkili və döyüş növbətçilyinin aparılması ilə bağlı tapşırıqlar verib. 
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksinin də açılışında iştirak edib. 

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib. 

Ali Məclisin Sədri şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı, o cümlədən əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilir. Ordu quruculuğu sahəsində görülən işlər onun silah təminatı və döyüş qabiliyyətinin artırılması ilə yanaşı, həm də şəxsi heyət üçün müasir əsgəri-məişət komplekslərinin tikilməsi ilə ölçülür. Bu gün muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Muxtar respublikanın ərazisi etibarlı qorunur, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinin döyüş qabiliyyətini artırmaq üçün tədbirlər görülür, hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər keçirilir, əsgərlərin yaşayış şəraiti yaxşılaşdırılır. Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. 
Ali Məclisin Sədri deyib: Yaradılan şərait xidmətin nümunəvi təşkilində əsas amildir. Əgər əsgər, gizir və zabitlərin xidməti üçün lazımi şərait varsa, onda xidmət də nümunəvi təşkil olunacaqdır. Ona görə də yaradılan şəraitdən xidmətin səviyyəsini yüksəltmək üçün istifadə edilməli, bu ərazilər etibarlı qorunmalıdır. Gərməçataq və Buzqov kəndlərində geniş abadlıq-quruculuq işləri aparılmış, məktəb binaları tikilmiş, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Sərhəd yaşayış məntəqələrində bu işlər ordumuza güvənilərək həyata keçirilmişdir. Yeni əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi ordumuz üçün lazımi şərait yaradılması və xidmətin səviyyəsinin yüksəldilməsi deməkdir. 

Ali Məclisin Sədri şəxsi heyəti bir daha bayramlar münasibətilə təbrik edib. 

Əsgərlərdən Tural Rufullayev, Əşrəf Cəfərzadə və Cavanşir Məmmədov minnətdarlıq ediblər. Qeyd olunub ki, bu gün muxtar respublikanın bütün döyüş mövqelərində xidmət birlik və həmrəylik əsasında qurulub. Torpaqlarımız etibarlı müdafiə olunur. Yaradılan şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir. Bütün bunlar şəxsi heyəti daha da ruhlandırır. Şəxsi heyət hərbi sirlərə dərindən yiyələnir, qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirirlər. 

Əsgərlər "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndiriblər. 

Yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, əsgəri-məişət kompleksində silah otağı, növbətçi otağı, tibb məntəqəsi, ideoloji sinif, zabitlər üçün iş otaqları, mətbəx, yeməkxana və mağaza mövcuddur. Binanın ikinci mərtəbəsində əsgər və zabit yataqxanaları istifadəyə verilib. Kompleksin ərzaq və əşya anbarları da müasir səviyyədə qurulub, soyuducu kameralar və digər zəruri avadanlıqlarla təchiz edilib. Binada hamam-camaşırxana və qazanxana da yerləşir. 

Ərazidə geniş abadlıq işləri görülüb, sıra meydanı, idman sahəsi və istirahət guşəsi yaradılıb, texnika saxlancı tikilib. 

Kapitan Əziz Qəfərov xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq edib. 

Ali Məclisin Sədri xidmətin nümunəvi təşkilində komandir heyətinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, şəxsi heyət arasındakı birliyin daha da möhkəmləndirilməsi və yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib. 

Hər iki əsgəri-məişət kompleksi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunub, binalar daimi işıq, su və istilik sistemi ilə təchiz edilib. 

Gətirilmiş ərzaq məhsulları Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələrin anbarlarına təhvil verilib. 

*** 
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->