Bakıda Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, Danimarkanın "Novo Nordisk” şirkətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etməkdir. Tədbirdə İtaliya, Danimarka, İran və digər ölkələrdən qonaqlar iştirak ediblər.
Xatırladaq ki, Heydər Əliyev Fondu ictimaiyyətin diqqətini şəkərli diabetə yönəltmək və onun qarşısını almaq səylərinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Xüsusilə də şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına dəstək göstərilir. 2007-ci ildən başlayaraq isə Fond Dünya şəkərli diabetlə mübarizə kampaniyasına qoşulub.
"Novo Nordisk" şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixi olan şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara dəstək göstərir. Dərman istehsalında qabaqcıl şirkətlərdən olan "Novo Nordisk" eyni zamanda şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da töhfə verir.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov Fondun ötən müddət ərzində mütəmadi olaraq sosial layihələr həyata keçirdiyini diqqətə çatdıraraq bildirib ki, 2004-cü ildən etibarən diabetli uşaqlara qayğı ilə bağlı layihə çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları və şpris qələmlərlə təmin olunması istiqamətində mütəmadi yardım göstərilib. Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün həmçinin psixososial reabilitasiya təşkil olunur. "Sevindirici haldır ki, bu gün ölkəmizdə uğurla həyata keçirilən iqtisadi və sosial siyasətin nəticəsi olaraq, diabet xəstəliyindən əziyyət çəkən hər bir şəxs tələb olunan xidməti alır və bu da bir daha ölkəmizin öz vətəndaşına göstərdiyi qayğının sübutudur"-deyə Soltan Məmmədov bildirib.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Beynəlxalq Diabet Günü 1991-ci ildən dünyanın 145 ölkəsində qeyd edilir.
2007-ci ildən BMT-nin xüsusi qətnaməsi ilə Beynəlxalq Diabet Gününə dəstək verdiyini deyən nazir müavininin fikrincə, bu günün belə geniş qeyd edilməsi, cəmiyyətin nəzərinə çatdırılması təsadüfi deyil.
E.Ağayev qeyd edib ki, dünyada əlilliyə və ölümə səbəb olan xəstəliklər arasında diabet ürək-damar və onkoloji xəstəliklərdən sonra 3-cü yeri tutur: "Biz buna nə qədər "həyat tərzi” desək də, görürük ki, diabet xəstəliyinin çox ciddi fəsadları olur. Diabet xəstəliyi dünyada çox sürətlə artan xəstəliklər arasındadır”.
Post Sovet məkanında Azərbaycanın şəkərli diabetlə mübarizə üzrə qanun qəbul edən ilk ölkə olduğunu nəzərə çatdıran nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda bır sıra xəstəliklərin müalicəsi dövlət proqramı ilə maliyyələşdirilir. Bu proqramlardan biri də şəkərli diabet xəstəliyi ilə bağlıdır.
E.Ağayev qeyd edib ki, 2006-cı ildən sonra şəkərli diabetlə bağlı 3 dövlət proqramı qəbul edilib. Sonuncu dövlət proqramı 2016-2020-ci illəri əhatə edir. Bu proqram çərçivəsində Azərbaycanda olan şəkərli diabet xəstələrinə dövlət qayğısı həyata keçirilir.
Nazir müavini qeyd edib ki, 1600-dən çox uşaq insulindən asılıdır: "Uzun illərdir ki, bu uşaqlara Heydər Əliyev Fondu tərəfindən qayğı göstərilir. Mən Azərbaycanda bu proqramların həyata keçirilməsində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna, onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya səhiyyə ictimaiyyəti adından təşəkkür edirəm”.
Milli Məclsiin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, birgə fəaliyyət şəkərli diabetə qalib gəlməyə və insanların daha sağlam həyat tərzi keçirməsinə imkan yaradacaq.
Azərbaycan dövlətinin Azərbaycan əhalisinin sağlamlığına xüsusi önəm verdiyini vurğulayan deputat bildirib ki, sosial-ictimai əhəmiyyət kəsb edən xəstəliklərin müalicəsi 16 proqram üzrə dövlət büdcəsindən maliyyələşdirilir.
M.Quliyev əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra səhiyyəyə ayrılan büdcə vəsaitinin gələn il ən yüksək səviyyədə olması nəzərdə tutulub.
2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur:
"Burada çox böyük pay şəkərli diabet xəstələrinin müalicəsi və xəstəliyin profilaktikasına yönəlib. 2018-ci illə müqayisədə büdcədə 8,5 milyon manatlıq artım nəzərdə tutulur. Biz hesab edirik ki, bu, kifayət deyil, növbəti illərdə bu artım olacaq. Amma ötən illərlə müqayisədə təxminən 30 faiz artımın olması bizim birgə fəaliyyətimizin uğurudur”.
Şərhlər