Xəbər lenti

Heyif ki, bilmədilər Seyyidi-rüsva kim idi... - Ağı
Pərviz CƏBRAYIL
Sənət 17:57 21.07.2021

Heyif ki, bilmədilər Seyyidi-rüsva kim idi... - Ağı

Pərviz Cəbrayıl

(Ağı)

1995-ci il. Avqustun 12-si. Toy idi. Həyət toyu. Ancaq ənənəvi "palatka” – mağar toylarından sayılmazdı. Kəndlərdə olduğu kimi, yemək ayrı çadırda, aşıqlar ayrı çadırda deyildi. Kənddə ilk dəfə indiki şadlıq evləri üslubunda məclis idi. Muğan elində avqustun 12-də toy nə deməkdi, bunu təsəvvür etmək üçün sırf bu günün, bu yazının yazıldığı günlərin istisində açıq havada toy təsəvvür etmək gərəkdi. 

Mərasim günün şaxı sınandan sonra, daha doğrusu, həyətə kölgə düşəndə başlayacaqdı. Başladı da. Dəvətlilər yığışdı, Bakıdan iş yoldaşlarım gəldi, məclisi canlandırdılar, yedilər-içdilər o istidə, getdilər, axşam 10 oldu, günün şaxı da sınmışdı, beli də qırılmışdı, başı da batmışdı, kölgə də çəkilib yerini qaranlığa vermişdi, ancaq o, heç cür gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Mən isə usanmadan Onu gözləyirdim. 

Bəy-gəlin masası düz darvazaya baxırdı; gözüm qapıya zillənib qalmışdı, küsmüşdüm, niyə axı o gəlib çıxmamışdı? Niyə də, niyə?..

Gümanlarla özümə toy tutumuşdum, çalınan toyu unutmuşdum. Mənim toyum Onsuz ola bilərdimi? Nişan mərasimində məclisin başında oturmuşdu, indi heç ayağında da görünmürdü...

Aramızda bəzi incikliklər olmuşdu - əlbəttə, bizi söz birləşdirmişdi, sözlə nəfəs alırdıq (mən həm də onunla nəfəs alırdım), təbii ki, söz üstündə də davalarımız olacaqdı. Özü lap binadan da demişdi: "Vaxt gələcək, bəlkə də ədəbiyyata baxışlarımız dəyişəcək, bəlkə sən başqa dostlar da tapacaqsan söz aləmində, ancaq bunlar təbii şeylərdi”. Elə də oldu, mənim üslubum dəyişdi; yazmağa 6-cı sinifdən nəsrlə başlamışdım, sonra şeir özünü araya salmışdı, ancaq yenidən əvvəlimə qayıdırdım. Əlbəttə ki, ilk oxucum o idi. Ancaq mənə həyatda ən böyük qol-qanad verən adam artıq ancaq qol-qanadımı qırırdı, heç cür nəsrimi qəbul etmirdi ki, etmirdi...

Di gəl, bizim bağlılığımız sözü adlamışdı. Bəlkə də iki bədən, bir insan olmuşduq. Mən artıq ona öz sabahım kimi baxır və səmimi deyim ki, bu sabahdan həmişə üşənir, diksinir, bəzən də ümidsizlik içində az qala oturub ağlayırdım. "İç-içə” novellamda da onu prototip seçsəm də, öz sabahımı yazmışdım. Onun 47 yaşı vardı, mənim 25. 47 elə 50 kimi bir şeydi, 2-3 ilə nəyi dəyişmək olar ki? Və mən onu o yaşda, özümü 50 yaşda təsəvvür edib yazmışdım. İndi mənim 50 yaşım var. Demək ki, bu günümü yazmışdım. 

O, iyulun 18-də dünyasını dəyişdi. Yəni mən öldüm... "İç-içə”dəki müəllim, fotoqraf, o fəsillər, o gizli və pəncərələri mıxlanmış 4 qatlı ev öldü!
Yox, aramızdakı söz incikliyi, söz bağının incəldikcə incəlməsi fakt idi, ama biz üzülə bilməzdik!

Dostlar yan-yörəmdə oynayır, məni şənləndirməyə çalışır, mən isə sadəcə rol oynayırdım, ancaq həm gözlərim, həm ürəyimin gözü qapıdaydı. Və qəfildən hiss etdim. Hiss etdim ki, bu adam selinin içində bir cüt divarı dəlib keçən gözlər mənə millənib. Darvazaya sarı çevrildim. Gözüm saniyənin mində biri içində fotoaparat obyektivi kimi yığılıb-açıldı, fokuslanmağa başladı və mən o gözləri gözlər içindən seçdim: darvazadan bir addım içəri girib adamların arxasında dayanmışdı, yenə də sınaq aparırmış: görsün, mən onu bu qaranlıqda bu qədər adamın arxasından seçə biləcəyəmmi?

Sınaqdan çıxmışdım. Oyunu kəsib bir başa ona sarı yüyrdüm, adamları yara-yara, aralaya-aralaya ona çatdım və bağrıma basıb, var gücümlə sıxdım... O gəlmişdi! Mənimçün toy onda başladı. Mənim sevincim yalan oldu, bacılarımın, indi özü də mərhum olan atamın, gözləri bütün günü ayaq üstə qalmaqdan yorulub əldən düşüb kölgələnmiş anamın üzü güldü. O bizim ailənin uşaqdan böyüyə hər birinin sevinc mənbəyi, qürur yeriydi. Onsuz heç bir sevincimiz tam ola bilməzdi...



***

Moskvada hərbi xidmətdə məni – 18 yaşlı adamı yaşadan evdən aldığım məktublarda şeirlərimlə bağlı yazılan xəbərlər idi. Şeirlərimi radioda Hamlet Xanızadə, Əminə Yusifqızı kimi mənimçün əlçatmaz sənətkarların səsləndirməsi xidmətdə yaşadığım bütün ağrı-acını unutdururdu. Bir gün aldığım bir məktub isə məni əməlli-başlı heyrətləndirdi. AzTV-nin Ədəbi-dram verilişləri şöbəsinin redaktoru bizə xəbər yollayıb ki, bu uşaq qayıdan kimi Bakıya gəlsin, məni görsün! Ola bilməzdi, mümkün deyildi bu! 

Axı mənim ölüm fərmanımı yazmışdı bir müəllimim! İlk dəfə "Məhsul” adlı rayon qəzetində iki şeirim çap olunanda əlində qəzet sinfə girən oğluyla adaş olduğum kimya-biologiya müəllimim dərsə başlamamış məni ayağa qaldırdı, sanki qəzetə inanmırmış kimi bir də sual verdi ki, ədə, qəzetdə şeirlərin çap olunub? Təsdiqlədim. Bütün sinfin içində bu, mənimçün ayrı bir şey idi. İndi məni tərifləyəcək, öyəcək, əlaçı olmağım belə bunun kölgəsində qalacaq, sevdiyim qız da mənə sinifdə daha ayrı gözlə baxacaqdı. Dünyanın bütün məmnunluğu üzümdə onun sualına təsdiqləyici cavab verib ardıyca gələcək o xoş anı gözləyirdim ki...

- Ədə, bilürsən nə var? – soruşdu və dərin fikrə getdi.

Üzümdə perspektiv xoşbəxtliyin təbəssümü "yox, müəllim”, - dedim. Və o yenə fikirli-fikirli davam elədi. Sanki gəmiləri dəryada qərq olmuşdu:

- Bülürsən, ədə, şair anadan şair doğulur. Səndən şair olmaz!

Hətta sinif yoldaşlarım belə bu qədərini gözləmirmiş ki, kimsə şaqqanaq çəkib gülmədi. Gəl ki, uşaqlar bu müəllimin dərsində həmişə araya bir söz atardılar ki, aləm qarışsın, şaqqanaq çəksinlər, müəllim də dil boğaza qoymadan dərsin sonuna kimi danışıb, 45 dəqiqəni öldürsün, dərsə hazır olmayanlar da xilas olsun. Buna görə bəzən biz "dərsoxuyanlar” da susurduq ki, o uşaqlar danlanmasın...

Elə həmin gün axşam rayonda iri idarələrdən birinə rəhbərlik edən bir qohumumuz da bizə xüsusi missiya ilə gəlib mənə eyni şeyi dedi: "Səndən şair olmaz, şair anadan şair doğulur”. Axı anam niyə məni anadan şair doğmamışdı? Ah zalım ana! 

Lap sonralar çalışdığım qəzetdə də eşitdim bu sözü – varlığı petit-çiyinlik tipli terminlər qədər qurğuşun rəngli quru, nəfəskəsən, boğucu olan, hətta qatıq ağdır fikrinə belə qarşı çıxıb əksini dediyinə görə iş yoldaşları arasında "anti-tema” adlandırdığımız, qəzetçilik peşəkarlığı yüksək səviyyədə, iç dünyası küllüklərdə dincələn bir redaktorum da çiynini çəkə-çəkə dedi bunu: "Səninki cavanlıq həvəsidi, ötüb keçəcək. Vaxtını yelə vermə. Səndən şair olmaz”. Həmin redaktor yoldaş bu gün də eyni xasiyyətdə qalır...  

Buna görə də aldığım xəbərdən Moskvada heyrət içindəydim. Axı məndən şair olmaz, o adam niyə mənim haqqımda elə yekə sözlər deyib? Yeri gəlmişkən, sonralar "Öləngi”yə ön söz yazan əziz Rafiq Tağı mənə dediyi inanılmaz təriflərə şübhəylə yanaşdığımı görüb inamsızlığımdan heyrətlənmişdi. İnamımı çoxdan qırmışdılar. Moskvaya ismarışı gəlib çatan o adam sonralar illərlə inam-immun çatışmazlığımı aradan qaldırmaq üçün mənə inam sistemləri köçürtdükcə, köçürtdü. Süni inamla yaşadım və hələ də sağalmış deyiləm. Üstəlik də ayın 18-də o özü də öldü...

***

Əsgərlikdən qayıdanda AzTV-yə gedib, Ədəbi-dram verilişləri redaksiyasının qapısını döyüb görməzə-bilməzə, başı qarışıq dörd adamdan da birbaşa təkcə adını bildiyim o adamın masasına yanaşıb, həmin dövrün yanaşma etiketlərinə uyğun şəkildə, utana-utana, sıxıla-sıxıla (axı orada işləyənlər allah kimi məxluqlardı) elə onun özünü özündən soruşmuşdum: "Filankəs müəllim burda oturur?” "Mənəm”, - deyən o adam bir neçə görüşümüzdən sonra mənə özünün ilk və son hekayələr kitabını bağışlayanda iç səhifəyə bunları yazmışdı: "Dəli olacağına dəli-dahiyanə ümid bəslədiyim Pərviz üçün...” Ancaq bu ilk tanışlıqdan sonra onu işini bitirib dəhlizə çıxmasını gözləyəndə o zamanlar tanımadığım İlyas Ərnəfəs adlı şairlə qarşılaşdım, məni sorğu suala tutdu, nəhayət soruşdu: "Nəşə çəkirsən?” "Yox”, - dedim. O da məni həmin biologiya dərsinə qaytardı: "Nəşə çəkməyəndən şair-yazıçı olmaz!..”

***

Hələ bu ilk görüşə kimi Azərbaycanın ədəbiyyat adamları, jurnalistlər, redaktorlar haqda çox şeyi bilirdim. Onlar ac olur, daim qonaqlıqlar axtarır, rayondan gələn şair-yazıçıların puluyla yaxşı yeyib-içir, sonra onların bir-iki yazısını ya çap edir, ya da bilmərrə ubudurlar. Ta ki növbəti qonaqlığa kimi. Düzdü, məni ora çap, ya efir həvəsi aparmamışdı, günü bu günəcən çapdan da, efirdən də qaçıram, bacarsam, bəlkə də heç yazmaram da, əslində, elə "İç-içə”dəki kimi heç yazdığım da sayılmaz. Mənimki içində yazıb, yazıların həzzini almaqdı. Yazdıqlarım da sırf imperativdən doğub, yenə də doğacaqmı, bilmirəm. Məni ora Moskvada aldığım o söz aparmışdı: "Gələndə mənə dəysin...”

Çap istəməyəndə nə olar, yenə də bir jurnalsitə baş çəkibsənsə, onu "xoşbəxt” etməlisən. Yemək-içmək, araq... "Bəy, bəlkə düşək bir tikə çörək yeyək, söhbətləşək?” – pörtərək dedim. O vaxt təklif şifrəsi beləydi və hələ günü bu gün də bu forma dəyişməz qalır. Adam mənə həyatın ilk dərsini onda verib, təsəvvürlərimi alt-üst etdi: 

- Düzü, mən nahar etmişəm, ancaq sizin aclığınız varsa (utandığım üçün bir az "sırtıq” olan dayıoğluyla getmişdim), sizi qonaq edə bilərəm. Hə, qalmağa yeriniz yoxdusa, axşam bizim evdə qalarsınız...”

Xəbər başlıqlarında adamın ürəyini bulandıran o ŞOK sözünü burda tam ürəklə yaza bilərəm. Pərviz şok, dayıoğlu şok! Yox, burda nəsə bir yanlışlıq var, yoxsa Azərbaycanda deyilik, ya bu adam Azərbaycan jurnalisti, ölkənin tək televiziyasının böyük bir redaksiyasının redaktoru deyil?..

"...bizim evdə qalarsınız...”

Ev də nə ev! Sonradan biz birevli kimi olanda gördüm. Öz kiçik ailəsinin güclə sığışdığı yarım sotluq torpaqda qaralanmış gecəqondu yuva. Hələ rayondan gələn doğmalar, qonaqlar... Nə bilim, bəlkə də, xırda bir ziyarətgah, ümid yeri... Sonralar böyük bir studiyanın direktoru oldu. Saray təklifləri üst-üstə gəldi məmurlardan. Kimisi rüşvət kimi təklif etdi, kimisi onun o böyük dərvişliyinin heyranı kimi hədiyyə etmək istədi... Birincilərə sərt cavabla zəhər yağdırdı, ikincilərə utancdan qızara-qızara sadəcə təşəkkür etdi və "yox”  dedi. Və eləcə mən də dərsimi almış olmalıyam ki, bu gün də bir siçan yuvasında yaşayıram. O da atamın borc-xərclə aldığı... Mürşidini kölgədə qoymasan, ta o nə mürşid oldu ki! Əlbəttə, bunu ev əhlinə anlatmaq çox zor...
Şokun davamı da oldu!

Redaktoru olduğu "Dünyamıza misra-misra baxıram” adlı verilişdəki üç gəncdən biri oldum. Üstəlik kəndə qapımıza çəkiliş qrupu gəldi, məni, ailəmi çəkdilər. 45 dəqiqəlik verilişin dörddə üçü məndən oldu. Və bu boyda mərəkə bir qəpik tərləmədən olmuşdu!  



***

Bir gün qələmini Alatavada onunla qonşuluqda kirayədə qaldığım evdə unutmuşdu. Şeir yazanda əlimə keçdi. Qəşəng yağlı yazırdı. Uşaqlıqdan ölürdüm o cür qələm üçün. Ona bu ithaf şeirini yazdım o qələmlə:

İÇİMDƏ ÜZƏN GƏMİ

Dünyanın dərdini çəkir,
Tanrının yerinə çəkir.
Nə çəkir, dərinə çəkir,
içimdə üzən bu gəmi.

Tufanın yarıb içimin,
dalğasın qırıb içimin,
üzüb apardı içimi
içimdə üzən bu gəmi.

Yatmışdım, oyatdı məni,
qırıb-qırıb çatdı məni.
İçindən boşaltdı məni 
içimdə üzən bu gəmi.

Can verməyə, can almağa,
üz tutmağa, yön almağa,
liman tapmaz yan almağa
içimdə üzən bu gəmi.

Bu dünyanı ələr gedər,
yüklərdən yüksələr gedər.
Gedər-gələr, gələr-gedər
içimdə üzən bu gəmi...

***

2000-ci il. Elçibəyin dəfn günü. İlk kitabım "Öləngi”nin siqnal nüsxəsindən iki ədəd göndərmişdilər. Axşamtərəfiydi. Kitabın birini atama, birini ona ayırdım. Həmin an ona çatdırmaq istədim, araya bir məclis düşdü. Getdim. Həmkarlarımdı. Tanınmış ər-arvad yazıçı-jurnalist dostumuz da o məclisdəydi. Təbrik etdilər. TV-də çalışan xanım jurnalist dostumuz kitabı hədiyyə verməyimi istədi. Dedim, mümkün deyil. Biri atamın, biri filankəsindi. İncidi. Hələ də incikdi... 

Çox gec dağılan məclisdən dərhal sonra maşını olan bir ortaq dostumuzu aradım, dedim, neynirsən elə, məni ustadgilə apar. Ona sürprizim var. Onda ustad çoxdan TV-dən uzaqlaşmış, işsiz qalmışdı. Ona sonsuz sevinc bağışlayacağımı xəyal edir, özümdən razı-razı gülümsəyirdim. Evdə olmadı. Başqa bir ortaq dostumuzun evində tapdıq onu. Sevincdən ürəyim ağzıma gələ-gələ kitabı ona bağışladım. Bu kitab onunçün çox şey ifadə etməliydi mənə görə...

***

Əlində nə qədər jurnalist yetişdi. Sonralar fələyin çərxi tərsinə dövran edəndə o AzTV-dən getdi. Studiya bağlandı. Onu ata kimi sevən, ondan həyat dərsi almış jurnalistlər pərən-pərən düşdü. Kimisi yeni dövranla barışdı, irəli getdi, kimisi jurnalistikadan büsbütün imtina etdi, iş adamı oldu. Ondan həmişə sevgiylə danışdılar, ancaq onun yolundan çıxanlar daha onun yoluna çıxmaq istəmədilər. Utandılar. Xeyli sonra sanki o da nə üçünsə utanmağa başladı. Həyat bizim çoxumuza "Sergi ata” taleyi yaşatdı. Onun çox sevdiyi, sonradan küsdüyü Əkrəm Əylislinin hansısa bir povestində bir Tahir müəllim obrazı vardı, onun atalıq etdiyi tələbələr vardı, onlara "Tahir müəllimin uşaqları” deyirdilər. Bizim adam haqda da eyni şeyi düşünürdüm həmişə...

***

Nəsr işində son günə kimi barışa bilmədik. Artıq ilk toqquşmamızdan 30 ilə kimi zaman ötdü, görüşlərimiz seyrəkləşdi, bir-birimizə təşnə olduq, görüşəndə ancaq dərədən-təpədən danışdıq, bircə sözdən danışmadıq. Bilmədim, o yenə də "dəli-dahiyanə” ümid bəsləyirdi mənə, ya kimya müəllimim kimi fikirləşirdi?.. 

***

İnsan ölümlü olduğunu bilir, ancaq öləcəyinə inanmır. Hər yaşda elə bilir ki, hələ xeyli vaxt qalıb. Mən 1990-dan bəri onun ikinci kitabını gözlədim, həmişə "artıq hazırdı” deyirdi, ancaq o kitabı görə bilmədik. "Bir imkan edən kimi yazıların əl-ayağını bir yerə yığıb kitabı çıxaracağam”, - dedi, durdu. Vaxt getdi, imkan gəlmədi ki, gəlmədi. "İç-içə”də olduğu kimi bütün pəncərələr bağlandı...

İlk kitabım "Öləngi” çıxandan 7 il keçmiş, Sibirdən qayıdandan sonra, onu yoluxmaq üçün evinə getdim. Yeri gəlmişkən, qəribə şeydi, Sibirdə darıxdığım iki varlıq vardı - biri Alatavada kirayədə yaşadığım evdən 20 Yanvara gedən yolda Kinostudiyanı keçəndən sonra hər gün iki dəfə altından keçdiyim bir söyüd, bir də O adam idi. Həmin gün də o ağacın altından keçib onu ziyarət etməyə getmişdim... 

Həyətdə onun məşhur tutunun altında oturmuşduq. Birdən kitabımı orda bir pəncərənin ağzında taleyin ixtiyarına atılmış şəkildə, cildi solmuş gördüm. Oxunacağı günü gözləyə-gözləyə gözləri saralmışdı. Sanki pəncərədən baxıb mənə şikayətlənirdi talesizim..

O gün onun kitablardan küsdüyünü başa düşdüm. O, daha heç bir kitabı əlinə almırdı...

***



Bir gün yamanca zəhərlənmişdim. Bəlkə də içkidən olmuşdu. Gecə yarıdan keçmiş, qaliba can verirdim. Bacılarım qaçıb qonşuluqda ona xəbər verdilər. Özünü ildırım kimi yetirdi. İl 91-mi, 92-miyidi. Hər yan, dükan-bazar bağlıydı; o çağlar 12-dən sonra hər yer bağlanardı. Elə gecəylə harasa getdi, bir saat sonra axtardığı qatığı tapıb qayıtmışdı. Səhərəcən başımın üstündə oldu, məni zəhərlənmədən xilas edib həyata qaytardı. 

O məni zəhərdən xilas edib həyata qaytardı və məni əbədi zəhərləyib həyatdan ayırdı. Bəzən mənə elə gəlir, o hamını beləcə bir zəhərlənmədən xilas edib, başqa cür zəhərləmək istəyirdi – vicdan adlı, mərdlik adlı, qürur adlı, əxlaq adlı zəhələrlə. Tez-tez bunu deyirdi: "Könlünü yücə tutan ərdə dövlət olmaz”. Ancaq düşünürəm ki, mən onun zəhərlənmədən xilas edib zəhərləyə bildiyi tək insan oldum. Bütün yaxınları, doğmaları, şəyirdləri arasında tək adam! Yücə könül və dövlət... Mən sözün gözəlini seçdim. 

O, məni xilas edib məndə əl üzdüyü özünü, ölən ümidlərini böyüdürdü, sevinirdi, xoşhal idi, mən isə getdikcə onda itib batdığımı görürdüm, çrıpınırdım, çapalayırdım. Sonucda mən o olmadım, ama özüm də ola bilmədim. Onunla öz aramda körpü oldum. Bəlkə aramızda bir çay oldum. Daim həm ikimizin kəsilməyən arası oldum, həm də bir yerdə durmadım, axıb getdim; bir yandan gəldim, bir yandan getdim... Mən məcradan çıxmışdım!
İkimizdən birinin üsyanı labüd idi... 

"Öləngi”nin pəncərə taxçasında günün qabağında saralmasının səbəbi də bəlkə buydu...

***

Atam üç gün komada qaldı. Ağsaqqal, ağbirçək qohumlarım nə üçünsə onu taxtından düşürüb yerdə üzü qibləyə uzatmaq, çənəsini bağlamaq istəyirdilər. İmkan vermirdim. Tez-tez təzyiqini ölçür, şəkərini yoxlayır, bitişməyən qida borusundan axan çirki bədəndən kənar edən şlanqı dəyişir, yarasını silib-təmizləyirdim. Həkimin dediyi bahalı dərmanları almaq üçün tez-tez apteklərə qaçır, ildırım sürətiylə tapıb həkimə çatdırırdım ki, tez atama vursun, onu komadan çıxarsın. Yox, o ölə bilməzdi. Axı dəfələrlə demişdi ki, azı yüz il yaşayacağam. 64 nəydi ki! 

Halbuki həkim mənə deməsə də, hamıya hər şeyin bitdiyini çoxdan demişdi. Birdən-birə mənə nə oldu, nə baş verdi, bilmirəm, onu üzü qibləyə uzatmağa izn verdim, evi, onun kitab rəfini key kimi səliqəyə salmağa başladım. Hələ də içimdə şübhə var ki, onun çənəsini diri-diri bağladılar... Ən azı o hələ də mənimçün komadadır! 

Tabutuna çiyin vermədim, məzarına torpaq tökmədim! Heç məzarına gözücu baxmadım da. Sinə daşına yazdığım şeir də eləydi, sanki işdən gəlib yatıb, hamı sakit olsun, ata oyanıb əsəbiləşər...

Qəbrinin üstünə də anamı ora aparandan-aparana gedirəm, getməsəm ondan yaxşı...

***

Qardaşdan artıq bildiyim dostum, xalam oğlu Rusiyaya insan kimi gedib, Gömrüyün yük terminalından əşya kimi qayıdanda da elə oldu... Vidalaşmaq üçün sink tabutu yuyatxanada açılanda hamı içəri girib vidalaşdı, mən keçib baxmadım. Mən onu öldürə bilməzdim! Mən sevdiklərimi öldürə bilmərəm! Hələ də məzarının üstünə getməmişəm...

Mikayıl Müşfiqin məzarı yoxdu. Adamları ən çox yandıran da budur. Biz mütləq ölənin yerini bilmək istəyirik. Niyə axı? Nəyə əmin olmaq istəyirik?..

***

Adam var, ölür, ondan sonra Vətən torpağının bir parçasına çevrilir. O isə bir parça Vətən torpağı idi. Yeriyən torpaq! Vətən torpağı işğal oluna, əldən-ələ keçə bilər, ama o, bütün hallarda kiminsə vətəni olaraq qalır. Mənimçün belə adamların vətənin torpağına çevrildiyi bir-iki kvadratlıq yer heç nə ifadə etmir, vətənin harasına baxsam, onları ziyarət etmiş oluram... O, mənim ürəyimdəki vətən torpağıdı!

***

"Dəli-dahiyanə” ümid yiyəsinin ölüm xəbərini rayonda, eynən toyumdakı kimi məhşər istisindən nəfəsi kəsiləndə aldım. Oğlu yazmışdı mənə. Rayona ağır vəziyyətdə olan bir doğmamı görməyə, bəzi yasları götürməyə getmişdim. Yazılan mesajı gec aldım. Dostlarla danışdım. Dəfn yerini soruşdum. Halbuki mənə lazım deyildi o yer. Halı xarablaşan doğmama da dəymədim, yaslara da getmədim! 

***

O, özünə hədsiz vurğunluğu içində özünü zərrəcə reklam etmədi. Kimsəyə ağız açmadı, kimsəyə əyilmədi, zamanın bütün inkişaflarına belə təslim olmadı bir zamanlardakı şöhrətini yeniləmək üçün – sosial şəbəkələr belə onu öz əsirinə çevirə bilmədi. Bəlkə ona görə elə çoxları onun varlığından xəbərdar olmadı və heyif ki, bilmədilər, Seyyidi-rüsva kim idi...

***

8 ay əvvəl zəng vurmuşdu. Onda biz ailəlikcə karonaya yoluxmuşduq. Vəziyyət çincəydi. Dedi, sağal, görüşək. Dərddən-bəladan-problemdən açılmayan başımın bir gün açılacağını, onunla görüşəcəyimi düşünə-düşünə zaman keçdi. İçimdə bir hiss sırtıqcasına mənə bir gün o qara xəbəri alacağımı deyirdi, inanmırdım. Bəlkə ona görə də başım açılmırdı, o görüşü ona görə uzadırdım bəlkə. 

Komaya düşdüyünü də bir ortaq dostumuz yazdı mənə. Mən də əl-ayağa düşdüm, əlimdən gələni etməyə çalışdım, əlimdən gələni etdim, ancaq çox yaxşı bilirəm ki, mənim əlimdən heç nə gəlmir...

İndi mən onun ölüm gününə qədər olduğu kimi, yenə də onunla dəm-dəsgahlı görüşəcəyimiz günü eləcə gözləyəcəyəm. Elə biləcəm, hələ macalımız yoxdu. Xalaoğluyla da elə gözləyirəm. Elə bilirəm Rusiyadadı, bir gün gələcək, gedib onu aeroportda qarşılayacam adam kimi. Və başım açılacaq, o "dəli-dahiyanə” ümidi olan Tahir Abbaslıyla da eləcə görüşəcəyik. Qoy hələ karantin bitsin, qoy hələ dəm-dəsgahlı görüşə biləcək qədər cibimdə para olsun, qoy hələ onun, ya mənim görüş üçün bəhanə olacaq kitabımız çıxsın, qoy hələ onun 80 illik yubileyi gəlsin, qoy hələ mən ölüm...
Ən azı yenə də tilisimi o qırıb bir zəng edəcək və həmişəki kimi salam-kəlamsız bir uzun "əfəndimmm” deyəcək... 

21.07.2021

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->