Xəbər lenti

“Hürriyet” nazir oğlu haqda təkzibi dərc etmədi
Ölkə 13:39 25.08.2013

“Hürriyet” nazir oğlu haqda təkzibi dərc etmədi


Anar Məmmədovun vəkili: “Yay qurtarsın, hamı istirahətdən qayıtsın, dərc edəcəklər...”

İyulun 17-də Türkiyənin “Hürriyet” qəzetində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyə vətəndaşı olan cangüdəni İsmayıl Gençin güllələnməsi barəsində sensasiyalı məlumat dərc edilib. Məlumatı qəzetin köşə yazarı Yalçın Bayer köşəsində paylaşıb. Köşə Türkiyədə olduğu kimi Azərbaycan ictimaiyyətinin də diqqətini cəlb edib.

Lakin xəbər yayılandan sonra nazir oğlunun rəhbərlik etdiyi “Garant Holding”in hüquqşünası Ruslan Məmmədov yerli mətbuata bildirib ki, “Hürriyet” qəzetində gedən məlumatlar həqiqətə uyğun deyil və tam yanlışdır. Hüquqşünas Anar Məmmədovun “Çırağan” Sarayında milyon dollarlıq ziyafət verməsi, eləcə də Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir adanı satın alması barədə yazılanların da həqiqətə uyğun olmadığını vurğulayıb.
Bu köşənin dərcindən 2 gün sonra “Hürriyet” A.Məmmədovun rəhbəri olduğu digər qurumun - Azərbaycan Amerika Alyansının mövqeyini dərc edib. Həmin yazıda A.Məmmədov haqda əvvəl yazılan məlumatlar təkzib olunmayıb.

İyulun 20-də və sonrakı tarixlərdə “Yeni Müsavat”a açıqlama verən R.Məmmədov məlumatların təkzib olunacağını deyib. “Onu da yazacaqlar, narahat olmayın. Biz danışdıq ki, onlar mövqeyimizi dərc edəcəklər. Allah qoysa, bir yazı da çıxacaq. Bu, onların ilkin yazısıdır. Biz istədiyimiz şəkildə təkzib verilməsinə nail olacağıq”, - deyə nazir oğlunun vəkili söyləmişdi.

R.Məmmədov həmçinin “Hürriyet”ə verdikləri təkzib mətni olduğu kimi dərc olunmayacağı təqdirdə qanunda nəzərdə tutulduğu kimi addımlar atacaqlarını vurğulamışdı.

Dünən, avqustun 24-də Ruslan Məmmədovla yenidən əlaqə saxlayıb gözlənilən təkzib mətninin niyə dərc olunmamasının səbəbləri ilə maraqlandıq. Vəkilin cavabı belə oldu: “Dərc edəcəklər. Özləri də qəbul ediblər ki, səhv gedib. Müəyyən vaxt istəyiblər. Bu məsələ yerini tapacaq. Ümumi razılıq əldə edilib. Yay qurtarsın, hamı istirahətdən qayıtsın, dərc edəcəklər. Allah qoysa dərc oluncaq”.

Hüquqşünas təkzibin sentyabr ayında dərc olunacağına ümidli olduqlarını gizlətməyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->