"İbadulla müəllim bu şeyləri açıq etiraf edə bilməyib" - Reaksiya

"İbadulla müəllimi qınamaqda əsas görmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Tibb Universiteti epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevin mətbuata verdiyi "Heç nədən xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var" fikirlərinin ictimai qınağa səbəb olmasından danışarkən deyib. Adil Qeybulla bildirib ki, İbadulla müəllim Tibb Universitetinin müəllimidir, çox mədəni də insandır:

"İbadulla müəllim rəsmi adamdır, ölkənin epidemioloqudur. Ona səlahiyyət verilməyib, özü də təşəbbüs göstərə bilməz. Sadəcə, İbadulla müəllim bu şeyləri açıq etiraf edə bilməyib, vəssalam. Biz özümüz müstəqil adamlarıq, danışırıq, sözümüzu deyirik".
Adil Qeybulla qeyd edib ki, əgər ona hər hansı bir səlahiyyət tapşırılsaydı, cəmiyyətin ondan nəsə ummağa haqqı da çatardı:

"Onu qınamaq üçün əsas görmürəm. Düzdür, gərək vəziyyətlə bağlı açıqlama verəydi, özünü kənara çəkməməli idi. Amma hər halda ona kim səlahiyyət verib ki, biz də ondan nəsə tələb edək".

Qeyd edək ki, Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin mətbuata verdiyi açıqlama cəmiyyətdə böyük narazılıq yaradıb. Epidemioloqun "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”, - dediyi bu fikirlər qınağa səbəb olub. 
 
Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR