Xəbər lenti

İcra başçısı Bakıda 300 it saxlayan şəxsi məhkəməyə verdi
Ölkə 16:49 24.09.2018

İcra başçısı Bakıda 300 it saxlayan şəxsi məhkəməyə verdi

Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, G.İslamov iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib.

O ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək Eldar Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.

İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: "İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis idarəsinin, Mərdəkan Bələdiyyəsinin, rayonun Gigeyana və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyasının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyi aşkar edilib”.

G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan "Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq, sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: "Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər rayon Polis idaərsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.

G.İslamov Xəzər rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

İddia üzrə məhkəmənin hazırlıq iclasına hakim Əkrəm Qəhrəmanovun sədrlik edib.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->