Orxan Saffari

Blogger
Yazılar
15
İlahi! Belə də gözəl olarmı?..

İlahi! Belə də gözəl olarmı?..

Orxan Saffari

Düzü, özümün ədəbi kriteriyam, sərhədlərim qoşma, təcnis, gəraylı, aşıq şeirlərindən bir xeyli heca uzaqdır. Oldum olalı, yazdım yazalı sevmədim. Sevmədim deyəndə, gündəlik şeir ruhumun qidası bu kimi şeirlərlə doymur, ona görə deyirəm. Amma bir də gördün bədən elə tələb edir ki...

Aşıq Ələsgəri, Şücaəti... və ilaxır.

Hazırkı ədəbi proseslərin, cərəyanların, modernizmin, postmoderinizmin və.s izmlərin içində davamlı bu cür şeirlər yazmağı da qəbul etmirəm heç. Bu müstəvidən şeirə yanaşmam daha "sərbəstdir". Amma, lakin, fəqət bu, o demək deyil ki, sadaladıqlarım şeir deyil və heçə sayılmalıdır. Əsla. Onsuz da zamanla, ruh halı ilə bağlı bu cür şeirlərə müraciət də edirəm.

Və hazırkı dövrdə də bu janrlarda yazan istedadlı şairlər və gözəl şeirlər mövcud.

Əl-qərəz.

Xüsusi ilə də bu şeirlərin yurdu sayılan Qazaxda.

*
Bir dəfə bir dostum 10 yaşlı bir uşağı göstərib dedi ki, qazaxlıdır, yaxşı qoşma-gəraylı yazır. Dostum uşağın yaşına eyham vururdu burda ki, yəni, bax da, 10 yaşında yazır. Dedim, burda təəccüblü heç nə yoxdur. Qazaxda şeir yazmaq hadisə deyil. Hadisə, qazaxlı olub şeir yazmamaqdır, anlayışları qarışdırma.
*
İndi mənim qoşma-gəraylı yazan sevdiyim şairlər də nə çox. Birincilərindən biri də Məmməd İlqar.

"Gözəl çəkir"

İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.
  
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən -
Gör gülün nazını nə gözəl çəkir?...
 
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən, gözəl -
Nə bir könül doyur, nə göz əl çəkir! - deyən Məmməd İlqar da qoşmanı, gəraylını, təcnisi gözəl çəkə bilən şairlərdəndir. Elə bu şeirdən göründüyü kimi.

Məmməd İlqar təcnisi, qoşması gəraylısı hardasa mənə standartlardan kənar, onlarla belə şeirdən fərqli gəlir nədənsə. Şirinliyi, duzu-istiotu öz yerində.

Elə bil, həm də adın enerjisindəndir. Ədəbiyyatda olan bütün Məmmədindən - Aslanından, Arazından, İsmayılından,.. bir sözlə, hamısı biri-birindən gözəl şairlərdir. 

Məsələn, bu şeir kimi gözəl.

PANTOMİM TƏCNİS

Dərdini dərdimin qardaşı sandım,
Yaş oldum yanaqda mən, belə-belə.
Bezdim yalanından qardaş, usandım,
Heç səni bilməzdim mən belə, belə...

Kimik bundan sonra, - elə beləyik...
Qıyıb can vermədik elə, beləyik...
Burda ikimiz də elə beləyik -
Sən elə beləsən, mən belə belə!..

Dil tökdün Məmmədə - ay belə... filan...
Göydə Günəş belə, Ay belə, filan...
Məni sən yanıltdın ay belə-filan -
Sənə neyləmişdim mən belə belə!!.

Məmməd İlqar şeirini özəl edən nəsə varmı? Var əlbəttə. Sözünün ruhu, enerjisi, təbiiliyi və sairəsi.

Və s.-yə çox sayda məsələ aid edə bilərik. Uzatmamaq üçün belə etdim. Bəzən bir kitablıq sözü bir cümlə, bir-iki misrayla demək də mümkün və lazımdır.

Məsələn, Məmməd İlqar kimi, belə.

Köhnə dostdur!
– təzə kədər
Ömür nədir? –
Qəza–qədər.
Bir də gələn yaza qədər
Dağlar, Məmməd amanatı…

Ol səbəbdən şeir də Məmməd İlqar amanatıdır. O, yeni klassik ruhlu şeirlər, el-oba, xalq şeirləri.

Pafosdan uzaq bir təbiilikdən gedir söhbət. Hansı ki, tribuna belə olsa, sözü sakitcə "yeritmək" kimi təbii pafossuz. Təbii ki, baxır, hansı mövzuda. Məsələn, vətən. Aşağı-yuxarı quru pafosdan ibarət vətən şeirləri nə çox. Hər şairə nəsib olmaz məncə vətən haqqında standartlardan kənar danışmaq.

Məmməd İlqar nəsibidir amma.

Vətən

Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.

Ümumiyyətlə, çox danışmaq və yazmaq olar. Həm Məmməd İlqardan, həm də şeirdən - Məmməd İlqar şeirindən. Gərək şair də şair olub yazsın. Yazsın ki, danışmağa bir söz olsun. İndi isə daha çox oxumaq lazım. Şeiri, Məmməd İlqar şeiri. Az yazıb, saz yazan, saz şeirlərini.

OXŞAR XƏBƏRLƏR