Xəbər lenti

İlham Əliyev Aşqabadda memorial kompleksi və Olimpiya Kompleksini ziyarət edib (FOTOLAR)
Foto 18:41 21.11.2018

İlham Əliyev Aşqabadda memorial kompleksi və Olimpiya Kompleksini ziyarət edib (FOTOLAR)

Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Aşqabadda "Xalq xatirəsi” memorial kompleksini ziyarət edib. Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Qaynarinfo xəbər verir ki, İlham Əliyev "Əbədi şöhrət” abidəsinin önünə əklil qoyub. Sonra dövlət başçısı "Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.

Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur. 

İlham Əliyev 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxıb. 

Muzeydə, eyni zamanda, II Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir. Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir. Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə də tanış olub. 2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu Kompleksin ərazisində yerləşir.

Ümumi ərazisi 157 hektar olan Olimpiya Kompleksində qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimləri, bütün yarışlar, o cümlədən mükafatlandırma tədbirləri təşkil olunub. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu, paralimpiya kompleksi və tibbi bərpa mərkəzi yerləşir.

Ərazidə, eyni zamanda, üzgüçülük arenası, voleybol, basketbol, futbol meydançaları, Olimpiya kəndi, qapalı velotrek, döyüş sənəti üzrə idman kompleksi, yüngül atletika arenası və tennis kortu, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün çoxfunksiyalı zal inşa olunub.

Aşqabad Olimpiya Kompleksində, həmçinin biznes-mərkəz, mehmanxanalar və sağlamlıq mərkəzi də fəaliyyət göstərir.

Daha sonra İlham Əliyev Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub.

Bu muzey Türkmənistan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur.

Burada muzeylə yanaşı, "Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da var. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur.

Bu muzeydə 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Burada miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi Ginnesin rekordlar kitabına düşmüş ümumi sahəsi 301 kvadratmetr olan "Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub. Muzeydə köhnə xalçaların bərpası da həyata keçirilir.

Burada, həmçinin müxtəlif səpkili mədəni tədbirlər, sərgilər, beynəlxalq forumlar və konfranslar da təşkil olunur. Bu muzey Türkmənistanın mühüm mədəniyyət mərkəzlərindən biri hesab edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->