Prezident İlham Əliyev Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransda çıxış edib.
Qaynar.info xəbər verir ki, dövlət başçısı terrorizmə qarşı mübarizənin həmişə aktual olduğunu bildirərək Azərbaycanın terrorizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayıb. Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, həmin hadisələr zamanı iki minə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını deyən prezident erməni terrorizminin hər zaman təcavüzkar separatçılıqla müşayiət olunduğunu və bunun Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə nəticələndiyini diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışan dövlət başçısı bu münaqişənin beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid olduğunu vurğuladı, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qaldığını bildirdi. Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirdiyini qeyd edən İlham Əliyev Ermənistanın bu məsələdə “status-kvo”nu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırdı.Terrorizmin ölkələrin tərəqqisinə ən böyük maneə olduğunu söyləyən dövlət başçısı ilk növbədə onun yaranma səbəbləri və inkişafının qarşısının alınması vacibliyinə toxundu. Bəzi hallarda terrorizmi islamla bağlamaq cəhdlərinin, islamofobiya meyillərinin narahatlıq doğurduğunu deyən İlham Əliyev bunun dünyada milyonlarla insanın hisslərinə toxunduğunu və bu meyillərin qəbuledilməz olduğunu qeyd etdi.
Ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc və dostluq şəraitində yaşadığını diqqətə çatdıran dövlət başçısı Azərbaycanda mövcud olan multikulturalizmin alternativi olmadığını dedi.
Şərhlər