Azərbaycanın prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.
Qaynarinfo xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.
Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini deyib. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd edib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirib, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd edib.
Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı "Qızıl Ordeni” dövlətimizin başçısına təqdim edib.
Şərhlər