Xəbər lenti

İlham Əliyev:
Siyasət 17:31 19.09.2020

İlham Əliyev: "Xalqımızın cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı"

"Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı”.

Qayanrinfo xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

"O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə verib: 

"Həm burada – arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası – "Rossiya-1” kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən.

O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->