Siyasət 00:34 16.04.2013

İlham Əliyevdən məmurlara növbəti xəbərdarlıq

“Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident Azərbaycanın inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsini öyrənib, tətbiq etməli olduğunu bildirib: “Yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcək.

Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaq. Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır”.

Prezident bu istiqamətdə məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməli olduğunu bildirib: “Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcək”.

Şəffaflığın təmin edilməsi sahəsində aparılan işlər sırasında “ASAN xidmət”inin fəaliyyətini qeyd edən ölkə başçısı artıq minlərlə vətəndaşın xidmətə müraciət etdiyini deyib: “Biz “ASAN xidmət”in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcək. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcək. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcək. Artıq avtobuslar alınıb. Yaxın həftələrdə Azərbaycanda olacaq. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaq”.

Prezident deyib ki, güclü siyasi iradə var: “Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik”.

Dövlət məmurlarının məsuliyyətinin də artmalı olduğunu deyən dövlət başçısı  bildirib: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular var, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcək”.

Prezident deyib ki, cəmiyyətdə sosial ədalət prinsipləri tam tətbiq edilməlidir: “ Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz”.

Qaynar.info