Sentyabrın 19-da iş adamı Etimad İsmayılovun Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilməsinin 1 ili tamam olacaq.
Etimad İsmayılov Azərbaycanda fəaliyyət göstərən Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.
Modern.az saytı ötən bir il ərzində aparılan istintaqın gedişi barədə məlumat öyrənmək üçün İlyas İsmayılovla əlaqə saxlamağa çalışsa da, bu, alınmayıb.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirib ki, Etimad İsmayılovun cinayət işi ilə bağlı hələ ki yenilik yoxdur:
"İstintaq davam edir. Cinayət işinin bu qədər uzadılması barədə istintaq Etimad İsmayılovun ailəsinə heç bir məlumat verməyib. Görünür, istintaq orqanları işin təfərrüatlarını araşdırmağa çalışırlar”.
Partiyanın sədr müavini bildirib ki, Etimad İsmayılovun ailəsi qətl hadisəsinin bütün təfərrüatlarının açılmasını istəyir:
"Hər halda, istintaqın bu qədər müddətdə davam etməsi onu göstərir ki, iş dərindən araşdırılır. Ümid edirik ki, bütün detallar çılpaqlığı ilə üzə çıxacaq”.
İş adamı Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq, dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.
E.İsmayılov Ədalət Partiyası sədrinin birinci müavini idi.
Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.
Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.
Şərhlər