İnam Kərimov 250-dən çox fermerin iştirakı ilə respublika müşavirəsi keçirdi (FOTOLAR)

İnam Kərimov 250-dən çox fermerin iştirakı ilə respublika müşavirəsi keçirdi (FOTOLAR)

Saatlı rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə "Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Saatlı Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıqçılıqla məşğul olan 250-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.

Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən İnam Kərimov əlavə edib ki, bu sahə məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynayır. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının, qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkədə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib: "Ötən ili pambıqçılıq sahəsində sürətli inkişaf ili hesab etmək olar. Ötən il pambıq əkilən sahələr 32,5 min hektar azalsa da məhsuldarlıq 2018-ci ilə nisbətən 61 min ton daha çox olub. Ötən il pambıqçılıqda hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edib ki, bu da 2018-ci illə müqayisədə hektardan 11,9 sentner artım deməkdir". 

Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.

İ.Kərimov 2019-cu ilin dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə dövlət başçısı tərəfindən qarşıya mühüm vəzifələrin qoyulduğunu vurğulayıb. 

Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, qabaqcıl fermerlərin və dövlətlərin təcrübələrinin, eləcə də intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Müşavirə iştirakçıları "Azərbaycanda pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
XƏBƏRLƏR
BLOGLAR