Ekonomiks 17:15 13.01.2020

Çindən Azərbaycana “kitayski” maraq: böyük investisiyalar gəlir

Azərbaycan müxtəlif ölkələrdən sərmayə cəlb etməkdə maraqlıdır. Həm ABŞ, həm Avropa Birliyi, həm də Çin investisiyalarının ölkəmizə axını iqtisadiyyatın daha da inkişafına səbəb olar. Əlbəttə, çox yaxşı olardı ki, innovasiyaların tətbiqi baxımından ABŞ və Avropa Birliyi investisiyaları daha çox cəlb olunsun. Lakin ekspertlərin fikrincə, bu, Çin sərmayəsinin də cəlbini istisna etmir. Çin həm də Azərbaycanın regional tranzit qovşağına çevrilməsində mühüm əhəmiyyət kəsb edən ölkədir. Bu baxımdan, Çinlə iqtisadi əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nöqteyi-nəzərindən zəruri investisiyaların cəlbi üçün vacib və zəruridir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin yanvar-oktyabrında Çinlə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard 788 milyon 845,45 min dollar təşkil edib. Bunun 710,1 milyon dolları Çinə ixracın, 1 milyard 78,7 milyon dolları idxalın payına düşüb. Qarşılıqlı ticarətin həcminə görə Çin 4-cü yerdə gəlir. 2018-ci ilin eyni dövründə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 984,5 milyon dollar təşkil edib. Bunun 948 milyon 699.20 min dolları Çindən idxalın payına düşüb. Ticarət dövriyyəsinin həcminə görə Çin 6-cı yerdə olub. Rəqəmlərdən də göründüyü kimi, Çinlə ticarət əlaqələrində Azərbaycandan bu ölkəyə ixracın həcmindəki artım xüsusilə böyük həcmdədir. Belə ki, ötən ilin 10 ayında 35,8 milyon dollar olan ixracımız bu ilin eyni dövründə 710,1 milyon dollar təşkil etməklə 20 dəfəlik artım nümayiş etdirib. 

Azərbaycan Çindən çoxsaylı və çeşidli mallar alır. Bura iynə-sapdan tutmuş, rezin şinlərə qədər çox geniş çeşidli məhsullar aiddir. Çinə ixracımızda isə əsas yeri xam neft tutur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 9 ayında Çinə 693 milyon 741,59 min dollar təşkil edən ixracımızın 667 milyon 55,12 min dollarını xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları təşkil edib. Çinə ixracımızın daha 23 milyon 731,34 min dolları xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilendəndir. Çinə satdığımız belə məhsullar arasında biyanın şirəsi və ekstraktı(768,55 min dollar), mis və sink əsaslı ərintilərdən çubuqlar və profillər (755,3 min dollar), digər yer qazan və tunel qazan maşınlar(1 milyon 825,46 min dollar), iribuynuzlu heyvan gönündən aşılanmış dəri, nəm halda, haçalanmamış cilalanmamış üzlük, haçalanmış üzlük(428,75 min dollar) tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərabları(204,78 min dollar) əsas yerləri tutur.

Çin investisiyasına Azərbaycan marağı

Prezidenti İlham Əliyev ötən il Çinin Sinxua agentliyinə müsahibəsində dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə Azərbaycan arasındakı əlaqələrdən bəhs edib. Bildirib ki, Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub: "Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik”.

Proseslər göstərir ki, bu il Azərbaycanda Çin investorları fəallaşacaq. Başqa sözlə desək, 2020-ci il Çin investisiyasının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi üçün əsas il ola bilər. Yaxın vaxtlarda Sumqayıt Texnologiyalar Parkında "China National Electric Engineering” (CNEEC) tərəfindən 500 milyon dollar sərmayə qoyulan avtomobil şin istehsalı zavodunun inşası üzrə hazırlıq işlərinə başlanacaq. "CNEEC” şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusuna əldə edəcək. Layihədə pay iştirakı aşağıdakı kimi nəzərdə tutulur: CNEEC – 90%, Azərbaycan İnvestisiya Şirkəti – 10%. Zavodun istehsal gücü illik 3,3 mln. avtomobil şin təşkil edəcək. Bunlardan 3 mln.-u minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. Göründüyü kimi, müəssisənin illik gücü yalnız yerli bazar üçün nəzərdə tutulmur. Şinlər qonşu ölkələrə ixrac olunacaq, bu da təbii olaraq Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək. Müəssisədə 800 yeni iş yeri yaradılacaq.

Bundan başqa, "CAMC Engineering” nəhəng Çin dövlət holdinqi ölkəmizdə polad zavodunun inşasında iştirak edir. Bakı və Pekin Azərbaycan-Çin Sənaye Zonası yaratmaq üzərində də danışıqlar aparır. Artıq ötən ildən Azərbaycanda ASK məhsullarının istehsalı və emalı ilə məşğul olmağı planlaşdıran Çin şirkətlərindən biri ilə bu ölkəyə ixracın təşkilinə dair danışıqlara başlanıb. 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ASK sahəsində layihələrin reallaşdırılması üzrə sazişlər imzalanıb. Sazişlər Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair məsələləri əhatə edir. Rəsmi məlumatlara görə, Çin şirkətlərinin bu layihələrə mərhələli şəkildə sərmayələri 300 milyon manat səviyyəsind qiymətləndirilir. Ümumilikdə isə ötən ilin aprel ayında Azərbaycan və Çin şirkətləri Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində $821 mln. məbləğində sənədlər imzalayıb.

Çin sərmayəsi Azərbaycana nə verə bilər?

İstənilən ölkənin Azərbaycan iqtisadiyyatında iştiraka maraq göstərməsi ölkəmizin investisiya nöqteyi-nəzərdən cazibədar olmasının göstəricisidir. Bu cazibədarlıq isə o halda əldə edilir ki, ölkədə həm siyasi, həm də iqtisadi sabitlik olur. Eyni zamanda ölkənin xarici siyasəti elə qurulur ki, o, tarazlığı təmin edir, digər ölkələrin Azərbaycana marağını artırır. Azərbaycan buna nail olub və bu səbəbdən Çin şirkətlərinin ölkəmizdə sənaye müəssisələri yaratmaq marağı var. Nəzərə alsaq ki, Çin iqtisadiyyatı dünyada ən sürətlə inkiaş edən və modernləşən iqtisadiyyatlardan biridir, bu baxımdan Çinin Azərbaycanda sənaye tipli, əsasən iri müəssisələr yaratmaq məqsədilə sərmayə qoyması müsbət haldır. Mütəxəssislər hesab edirlər ki, Çin şirkətlərinin sərmayəsi ilə sənaye müəssisələrinin yaradılması Azərbaycanın qeyri-neft ixracının artımına ciddi töhvə verəcək. Burada istehsal edilən məhsulların ixrac imkanları daha yaxşı olacaq. İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "Azərbaycana Çindən əsasən geyim, gündəlik tələbat malları, yüngül sənaye məhsulları idxal olunur. Azərbaycan Çindən məhsul idxalı ilə yanaşı, investisiya idxalını da artırmağa çalışır. Bundan əlavə, Çin dünyanın ən böyük istehlak bazarıdır. Azərbaycan öz məhsullarını bu bazara getdikcə daha çox həcmdə çıxarmaqda maraqlıdır. Xüsusilə aqrar və qeyri-neft məhsullarının ixracı baxımından Çin Azərbaycan üçün əsas prioritet bazarlardan biridir”.

Ekspertin fikrincə, Çin investisiyalarının Azərbaycanın yüngün sənaye sektoruna cəlb olunması daha məqsədəuyğun olardı: "Bu gün Çin yüngül sənayenin inkişafı baxımından öndə gedən ölkələrdən biridir. Yüngül sənaye məhsullarının da əsas ixracatçılarındandır. Azərbaycan ildə xaricdən 400 milyon dollardan yuxarı yüngül sənaye məhsulları alır. Bu idxalın azaldılması mühüm vəzifələrdən biridir. Azərbaycanda pambıqçılığın inkişaf etdirildiyini nəzərə alsaq, toxuculuq, trikotaj və digər sahələrdə Çin investisiyası hesabına müəssisələrin yaradılması mümkündür. Bundan əlavə, xidmət sektorunda da Çin kapitalının cəlb edilməsi imkanları mövcuddur. Eyni zamanda avtomobil ehtiyat hissələrinin istehsalının təşkil olunması sahəsində də Çin təcrübəsinin və investisiyasının tətbiqi ciddi nəticələr əldə etməyə imkan verə bilər”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi