Çindən qaçan virusoloq: Çin COVID-19 yaradıb bilə-bilə yaydı (VİDEO)
COVID-19 virusu Çin hökumətinin əmri ilə yaradılıb və laboratoriyadan məqsədli şəkildə buraxılıb.
Qaynarinfo "Fox News”a istinadla xəbər verir ki, bunu viroloq Li-Men Yan deyib.
"Bəli, əlbəttə ki, məqsədli şəkildə edildi", - Yan Çin Kommunist Partiyasının virusu laboratoriyadan "qəsdən" çıxardığına inanıb-inanmadığı soruşularkən deyib. Mütəxəssisin dediyinə görə, o, virusun yayıldığı andan bəri virusla bağlı vəziyyətin araşdırılmasında dərindən iştirak edib.
"Əlimdə Çin Xəstəxanasındakı mənbələrimdən əldə etdiyim məlumat və sübutlar var, bundan başqa mən dünyanın aparıcı viroloqları ilə də işləyirəm", - Yan mətbuata bildirib.
"Virus laboratoriyada yaradıldı, sonra bütün dünyaya yayıldı və bütün bu ziyanlara səbəb oldu". Medianın yazdığına görə, Li-Men Yan ÜST-ün Honq Konq laboratoriyasında koronavirusu öyrənməklə məşğul olub. Sonra isə Çindən qaçıb.
Son məlumatlara görə, dünyada 29,7 milyondan çox insan koronavirusa yoluxub, onlardan 939 min nəfərdən çoxu ölüb. İlk dəfə 2019-cu ilin dekabrında infeksiya barədə danışmağa başlanılıb - sonra Çinin Vuhan şəhərində insanlar kütləvi şəkildə naməlum bir virusa yoluxmağa başlayıb. Xəstəliyin insanlara ekzotik heyvanlar satan Vuhan bazarından yayıldığı bildirilib. Ardınca virus Çindən sürətlə bütün dünyaya yayılmağa başlayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər