"Əgər müqaviləsiz və işsiz kimi rəsmi qeydiyyatda olmayanlara dövlət sosial paket yardımı etməsə, bu, böyük problemə səbəb olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli koronavirus pandemiyası ilə əlaqədar dövlətin vətəndaşlara ayırdığı yardım proqramını şərh edərkən deyib. O, qeyd edib ki, bu yardımdan bütün əhali faydalanmalıdır:
"Dəfələrlə təklif elədik. Dedik ki, yardım paketi hamıya şamil olunsun. İndiki vəziyyətdə qəliz qərarların qəbul olunması o qədər də effektiv deyil. Çünki ölkədə ən yaxşı hesablamara görə, 1, 5 milyon insan müqaviləsiz, gündəlik çörək puluna işləyir. Düzdür, onların arasında aylıq maas alanlar da var. Onların əlində harda işləməklərinə dair heç bir sənəd yoxdur, bu insanlar qeydiyyatda deyilər. Əgər bu insanlara yardım paketi ayrılmasa, gələcəkdə kifayət qədər ciddi problemlər yarana bilər. Tərslikdən də həmin şəxslər əhalinin ən aztəminatlı hissəsinə aiddir. Ona görə də daha sadə üsulla bu məsələnin həlində addımlar atılmalı idi. Amerika kimi ölkədə əhalinin hamısına paket yardımı edildi. Belə sadə addımlarım atılması daha doğru olardı".
Natiq Cəfərli ancaq rəsmi işsiz kimi qeydiyyata düşən vətəndaşlara sosial paket veriləcəyini qeyd edib:
"Azərbaycanda rəsmi işsizlərin sayı çox azdır. Əhali işsiz kimi rəsmən qeydiyyata durmalıdır. Belə olan təqdirdə onlar müəyyən sosial paket ala bilər. Bu məsələ asanlaşdırılmalıdır. Belə olarsa, Azərbaycanda rəsmi işsizlərin sayı ortaya çıxacaq. Hökümətin əlində rəsmi istinad yeri olmalıdır. İndiki halda açıqlanan yardım paketi əhalinin hamısına şamil ediləcək bir paket deyil".
Bahar Rüstəmli
Şərhlər