Çinin CCTV-4 beynəlxalq telekanalı Azərbaycanla bağlı çoxseriyalı sənədli film çəkib. Hər seriyası 40 dəqiqə olan səkkiz hissəli film "Bir kəmər, bir yol” layihəsi çərçivəsində təqdim olunub.
Azərbaycanın bir sıra şəhərlərində çəkilişlər edən telekanal ölkənin iqtisadiyyatı, tarixi, mədəniyyəti, turizmi haqqında geniş məlumat verib. Müəlliflər bildirirlər ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib, 1992-ci ildə Çin ilə diplomatik əlaqələr qurub.
Filmdə qeyd olunur ki, qədim sivilizasiyalar arasında yerləşən Azərbaycan böyük İpək Yolu ticarətində Şərqlə Qərb arasında əsas körpü rolunu oynayıb. Televiziya filmində deyilir ki, qədim İpək Yolunun izləri Bakının hər bir küncündə hələ də sezilir. Filmdə Qobustan, Atəşgah, Yanardağ və digər tarixi abidələr, palçıq vulkanları, Azərbaycan nefti barədə də maraqlı faktlar yer alıb.
İpək Yolunun izləri ilə çəkiliş qrupu Şəkiyə də səfər edib, məşhur Şəki ipəyi istehsal olunan fabrikdə olub, bu bölgənin adət-ənənələri və mətbəxinin şah təamı - pitinin hazırlanmasını lentə alıb.
Telekanal bir neçə seriyanı isə Naxçıvana həsr edib. Müəlliflər Duzdağ Fizioterapiya Mərkəzi, Əlincəqala, Uşaq Bərpa Mərkəzi, Naxçıvan Dövlət Universitetində də çəkilişlər aparıb.
Filmdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə müsahibələr yer alıb. (AzərTAc)
Şərhlər