Ölkə 10:45 06.03.2021

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olundu

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbut Xidmətinin Lənkəran regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev və Abşeron rayon sakini Q.Əliyev sonuncunun idarə etdiyi "Nexia” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan R.Əliyeva məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 4 kiloqram 670 qram narkotik vasitə heroin, 270 qram psixotop maddə metamfetamin və 2 kiloqram 870 qram həşiş qətranı aşkarlanaraq götürülüb. R.Əliyevin həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib Ə.İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

O, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.