İnvestorlar Azərbaycanın qeyri-neft sektoruna niyə maraq göstərmir?

İnvestorlar Azərbaycanın qeyri-neft sektoruna niyə maraq göstərmir?

"İnvestisiya adətən sahibkarlıq mühitinin daha şəffaf, rəqabətin mövcud olduğu yerlərə gəlir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Nazim Bəydəmirli özəl investorların hələ də Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa ciddi maraq göstərməməsinin səbəblərindən danışarkən deyib. Ekspertin sözlərinə görə, ölkədə mövcud olan vergi və gömrük rüsumları da investorların bu sahəyə marağını azaldır:

"Lisenziya və icazələrin qeydiyyatının aparılması sadələşdirilməlidir. Həmçinin vergi və gömrük rüsumları normal olmalıdır. Cənubi Qafqazda bu parametrlər üzrə xarici investorlar üçün daha cəlbedici ölkələr Gürcüstanla Ermənistandır, nəinki Azərbaycan. Azərbaycanda məmur sahibkarlığı daha çox inkişaf edib, monopoliya mövcuddur. Biznesdə dözümlülük reytinqinə görə də Azərbaycan çox geridə qalıb”. 

İqtisadçı xarici investorların qeyri-neft sahəsinə pul yatırmaq üçün nələrə xüsusi diqqət yetirdiklərini də deyib: 


 
"Xarici investorlar adətən beynəlxalq reytinq agentliklərinin bu və ya digər ölkələrdə iqtisadiyyatın vəziyyəti, biznes mühitinin şəffaflığı, korrupsiyanın həcmi, mülkiyyət hüququnun qorunması, azad məhkəmənin olub-olmaması ilə bağlı reytinqlərə xüsusi diqqət yetirir. Yalnız bu parametrləri araşdırdıqdan sonra uyğun gələn ölkələrin qeyri-neft sektoruna investisiya yatırmağa meyil edirlər. Təəssüf ki, sadaladığım bu parametrlər üzrə Azərbaycanda münbit şərait yoxdur. Yəni qarantiya olmadığından ölkəmizin qeyri-neft sektoruna az investisiya gəlir. Neft sahəsinə investisiyanı adətən böyük şirkətlər qoyur ki, onların da investisiyası qorunur. Azərbaycanda investisiyaların qorunması barədə qanun olsa da, təəssüf ki, reallıqda hətta xarici investorlar məhkəmələrdə öz hüquqlarını müdafiə edə bilmir”.

N. Bəydəmirli qeyd edir ki, bank resurslarına əlçatanlıq da bu məsələdə öz sözünü deyir:

"Azərbaycanda bank resurslarına əlçatanlıq aşağı səviyyədədir. Azərbaycanda bank faizləri yüksək olaraq qalır. Bunun nəticəsidir ki, Azərbaycanın qeyri-neft sektoruna investisiya axını çox zəifdir”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X