İpotekanın faizinin azaldılacağı, məbləğinin isə artırılacağı gözlənilir

İpotekanın faizinin azaldılacağı, məbləğinin isə artırılacağı gözlənilir

Azərbaycan Parlamentinin ipoteka şərtlərinə təklif etdiyi dəyişiklər açıqlanıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli Trend-ə bildirib ki, "İpoteka haqqında" qanuna təklif olunan dəyişiklər faiz dərəcəsinə və məbləğinə aid olacaq.

Məsimli bildirib ki, dəyişikliklər, ilk növbədə ipoteka kreditlərinin faiz dərəcəsinə aiddir.

"Dünyanın bir sıra inkişaf etmiş ölkələrində ipoteka kreditləri illik 4 faizlə, sosial ipotekalar isə 2 faizlə verilir. Biz də təklif edirik ki, adi ipotekalar indiki 8 faizdən 5 faizə, sosial ipotekalar isə 4 faizdən 1-2 faizədək endirilsin",- Məsimli vurğulayıb.

Eyni zamanda millət vəkili qeyd edib ki, 20 faiz ilkin ödəniş də vətəndaşlar üçün bir sıra hallarda əlavə çətinliklər törədir və bu ya ləğv olunmalı, ya azaldılmalıdır.

İqtisadi siyasət komitəsinin üzvü, həmçinin ipoteka üçün ayrılan məbləğin həcminə də toxunub. O qeyd edib ki, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi 50 min manatdan 70 min manata qədər artırılmalıdır.

"Düzdür, Azərbaycan Prezidenti İlham Əliyevin bu il "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərmanına əsasən, sosial ipoteka çərçivəsində kreditin maksimum məbləği 35 min manatdan 50 min manatadək artırılıb. Lakin mənzil bazarına baxanda görürük ki, 50 min manata da Bakıda normal 2-3 otaqlı mənzil almaq çətindir. Bu səbəbdən ayrılan məbləğin 70 min manatadək artırılmasını təklif edirik", - Əli Məsimli vurğulayıb.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.

Qaynar.info

XƏBƏRLƏR
BLOGLAR