Ekonomiks 10:00 10.04.2020

İqtisadiyyatı, yoxsa insanları xilas etmək... - Tədbirlər planı vəziyyətə nə dərəcədə adekvatdır?

Dövlətlərdə koronavirus pandemiyasından zərər çəkən iqtisadiyyat sahələri və əhali üçün müxtəlif həcmdə, müxtəlif istiqamətli dəstək proqramları həyata keçirilir. 

Azərbaycanda da hökumət müxtəlif istiqamətləri əhatə edən 9 proqram hazırlayıb, hazırda həmin proqramların icrası istiqamətində tədbirlər reallaşdırılır. Təbii ki, iş varsa, nöqsan da var, müəyyən narazılıqlar, çatışmazlıqlar mövcuddur. Pandemiyanın bitəcəyi tarix dəqiq deyil, bu səbəbdən vəziyyətin nə vaxt düzələcəyi də bilinmir. Elə bu səbəbdən də hökumətin açıqladığı Tədbirlər Planında hər şey axıracan nəzərə alınmayıb. Bəs proqram özü yaranmış duruma adekvatdırmı?

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, proqramlar bir sıra maraqlı istiqamətləri əhatə edir: 


Rəşad Həsənov

"Zərərçəkən sahələrdə vergi tətillərinin verilməsi, müəyyən vergi növləri üzrə azadolmaların təklif edilməsi, yaxud əmək haqqı fonduna birbaşa maliyyə dəstəyinin verilməsi, kredit faizlərinin bir qisminin kompensasiya edilməsi məsələləri öz əksini tapıb. Təəssüflə qeyd edim ki, qeyri-rəsmi əmək bazarının iştirakçıları ilə bağlı heç bir dəstək proqramında bənd yoxdur. Həmçinin biznes üçün sabit xərc yükü formalaşdıran icarə və kommunal xərclərə güzəştlər nəzərdə tutulmayıb, məcburi sosial sığorta haqları üçün ciddi güzəştlər təqdim edilmir. Kirayə mənzillərdə yaşayan 10 minlərlə ailə sosial karantin tədbirlərindən əziyyət çəkir ki, bu məqam nəzərə alınmayıb, bütün bunlar dəstək proqramlarının zəif tərəfləridir”. 

Ekspertin fikrincə, tədbirlər planında əksini tapan güzəştlər və dəstəklər gözləntilərin xeyli altındadır. R.Həsənov deyir ki, həm vətəndaş, həm də biznes daha ciddi və daha əhatəli dəstək gözləyirdi. Hətta bəzi güzəştlər şərtlidir, məsələn, işçilərin işdən çıxarılmaması, 2019-cu il üçün fiskal və vergi öhdəliklərinin tam icrası və s.: 

"Açıqlanan dəstək tədbirləri pandemiyadan daha çox zərər çəkən 20 fəaliyyət sahəsini, o cümlədən turistlərin yerləşdirilməsi, səyahətin təşkili, ictimai iaşə, yəni restoranlar, kafelər və s. bu kimi fəaliyyət sahələrini, sərnişindaşıma seqmentini əhatə etməklə yanaşı, ölkədə ərzaq və dərman təminatına yaranan riskləri nəzərə alaraq bu sahələr üzrə müəyyən fəaliyyətləri, məsələn, hazır məhsulların, yaxud xammal və materialların idxalını əhatə edir. Bundan başqa, iqtisadi resesiyanın miqyasını azaltmaq məqsədi ilə tikinti sektoru da müəyyən mənada dəstəklənəcək. Bu sahəyə dəstək daha çox tələbin təşviqi yolu ilə ediləcək. Bir sıra sosial xarakterli tədbirlər də planda əksini tapıb ki, bunlara ÜSY alan və müddəti başa çatan ailələlərə, yaxud işsiz kimi qeydiyyatdan keçmiş şəsxlərə müavinətlərin ödənilməsi, aztəminatlı ailələrə təhsil haqqı xərclərində dəstək və s. aiddir”. 

R.Həsənovun sözlərinə görə, bu tədbirlər planının əsas zərər çəkən sahələr üzrə nəzərdə tutulması əhatəliliyi zəiflədən amillərdən biridir. İkincisi, gizli əmək bazarının iştirakçısı olan, ailə büdcəsinin gəlirlərini günəmuzd işlərdən çıxaran, bununla belə, dövlətə bu günə qədər əlavə xərc yaratmayan milyonlarla vətəndaşın bu proqramlardan yararlanmaq imkanı olmayacaq: 

"Mediada dəstək məqsədi ilə 2.5 milyard, hətta 3 milyard manat pul ayrıldığı yayılır. Əslində isə proqramlar cəmi 1 milyard 343.6 milyon manat vəsiatin hesabına maliyyələşdiriləcək. Bu vəsaitin 1 milyard manatı dövlət büdcəsi, 343.6 milyon manatı isə digər mənbələrin (dövlət resursları, BMT, Dünya Bankı və s.) hesabına təmin ediləcək. Banklar tərəfindən verilmiş bir milyard manat və gələcəkdə verilməsi təşviq olunacaq 500 milyon manat kreditlər də dövlətin ayırdığı vəsait olaraq qiymətləndirilir. Lakin nəzərə almaq lazımdır ki, bu vəsaitlər banklarındır. Dövlət bu proqramların maliyyələşdirilməsi məqsədi ilə cəmi 70 milyon manat xərcləməyi nəzərdə tutur ki, bu da 1 milyard 343.6 milyon manata daxildir”. 

Daha bir mübahisəli məsələ işsizlərin sayı ilə bağlıdır. Dövlət Statistika Komitəsi 2020-ci ilin mart ayına olan və məşğulluq orqanlarında qeydiyyatdan keçən işsizlərin sayının 90 min 800 nəfər olduğunu açıqlayıb. R.Həsənov deyir ki, bu, işsizlik səviyyəsini göstərən rəqəm deyil: 

"Normal iştisadi şəraitdə işsizlərin sayı təxminən 250-300 min nəfər arasında dəyişir. Amma metodologiya işaxtaranı işsiz kimi qəbul etməyə üstünlük verir. Bununla yanaşı, digər məsələ də ondan ibarətdir ki, pandemiya Azərbaycanda aktiv fazaya mart ayında daxil olub. Bununla əlaqədar mart ayında işsizlərin sayının kəskin artması qaçılmazdır. Yaxud da cari müraciətlərin kəskin artacağı ehtimalı nəzərə alınıb. Çünki 2 aylıq 190 manatlıq birdəfəlik müavinətlərin verilməsi insanları bu müraciətə təşviq edəcək. Artıq minlərlə vətəndaş bu imkandan yararlanmaq üçün sistemdə qeydiyyatdan keçməyə başlayıb. Düşünürəm ki, bu, qismən də təxmin edilən rəqəmdir”. 

İqtisadçı alim, parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini Əli Məsimli məsələyə münasibət bildirərkən koronavirus pandemiyasının artıq bir tibbi-bioloji problem çərçivəsindən çıxaraq dünya iqtisadiyyatını sarsıtmağa başladığını dedi: 


Əli Məsimli

"Birjaları çökdürüb, bir sıra ciddi sosial və psixoloji problemlər yaradıb. Təcrübədən məlumdur ki, bu cür virus təhdidləri zamanı ən aktual suallardan biri "iqtisadiyyatı, yoxsa insanları xilas etmək” olur. Müxtəlif ölkələr öz spesifik xüsusiyyətlərindən çıxış edərək bu suala müxtəlif cür reaksiya sərgiləyir.
Azərbaycanda koronavirusun vurduğu zərərə görə hazırlanan dəstək paketində bu sualın hər iki komponenti nəzərə alınıb. Fikrimizcə, bu suala cavabda insan amili əsas götürülməlidir. Çünki zəifləyən iqtisadiyyatı yenidən bərpa etmək olar, amma koronavirusun qurbanlarını yenidən dünyaya gətirmək mümkünsüzdür. Məsələyə bu baxımdan yanaşanda, hökumətin tədbirlər planı xeyli dərəcədə geniş və əhatəlidir. Həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin təsiri ilə iqtisadiyyatda və sosial sferada yaranan problem və gərginliyin səngidilməsi məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən koronavirusun və onun ətrafında gedən proseslərin Azərbaycan iqtisadiyyatına, sahibkarlara vurduğu ziyanın təsirinin aradan qaldırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı maliyyə tutumu 2,5 milyard manat olan tədbirlər planı hazırlanıb. Təbirlər planında biznesi ayaqda saxlamaq və ixtisarların qarşını almaqdan ötrü özəl sektorda 600 mindən artıq işçının maaşının bir hissəssinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Vergi güzəştləri, tətilləri nəzərdə tutulur. Kredit almaq istəyən sahibkarlara faizlərin 10 faizlik bir hissəsini ödəməklə dəstək veriləcək. Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan şəxslərə 2 ay müddətində yaşayış minimumu həcmində - 190 manat pul ödənilməsi nəzərdə tutulub. Ünvanlı sosial yardım alanların dairəsi genişləndiriləcək. Aztəminatlı ailələrdən çıxan tələbələrin təhsil haqqını dövlət ödəyəcək. İşıq limiti 100 kvt saat artırılıb 300 kvt-dan 400 kvt-a çatdırıalcaq və sair. Bununla belə, tədbirlər proqramında nəzərə alınması zəruri olan amillər də az deyil”.

Millət vəkilinin sözlərinə görə, hökumətin Sosial Paketində nəzərdə tutulanların əhaliyə çatdırılmasının sürətləndirilməsi və bundan ötrü səmərəli fəaliyyət göstərən sadə və işlək mexanizmin hazırlanıb həyata keçirilməsi vacib məsələdir: 

"Bundan başqa, hökumət hazırda fəliyyətdə olan işçilərin ixtisar edilməməsi üçün özəl sektora kifayət qədır böyük pul ayırıb. Amma proses uzansa, özünə gələ bilməyən bir sıra sahələrdə ixtisarlar baş verəcək. Ona görə də bu ciddi amili də nəzərə almaqla, sosial paketə düşən işsizlərlə yanaşı, həmin paketdən kənarda qalanların da üçotu aparılmalı və ümumiyyətlə, bu sahədəki uçot-hesabat işi real vəziyyətə adekvat surətdə yenidən qurulmalı və zəruri dəstək tədbirləri həyata keçirilməlidir.

Hökumətin sosial paketi şəhərdə yaşayan yoxsul və işsizin bir hissəsini nəzərə alsa da, kəndlərdə yaşayan yoxsulların mütləq əksəriyyətini nəzərə almır. 0,2-0,5 hektar pay torpağı olmaq, hələ həmin kəndlinin işləyib özünü və ailəsini dolandırmaq üçün gəlir əldə etməsi demək deyil. Ümumiyyətlə, bu pay torpağı məsələsi həmin vəziyyətdə olan yoxsul kəndlilərin ünvanlı sosial yardımdan faydalanmasına imkan vermədiyi kimi, indi də 190 manatlıq müavinətdən yararlanmağa imkan vermir. Əgər insanın heç bir gəliri yoxsa, şəhərdə, yoxsa kəndə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur... Hesab edirik ki, ünvanlı sosial yardım və hazırkı 190 manatlıq müavinət təyin edilərkən bu ciddi amil nəzərə alınmalıdıır.
Sosial paketdə nəzərdə tutulanlar işə düşənə qədər, evdə qalmağa məcbur olan, gündəlik çörəkpuluna işləyən xeyli sayda ac insana və ailəyə yardım məsələsi ləngidilmədən həyata keçirilməli, evində pul və ərzaq ehtiyatı olmayan bu cür insanlara başlanan yardımın dairəsi genişləndirilməlidir ki, heç kim ac, çıxılmaz vəziyyətdə qalmasın.

Sahibkarlara bundan sonra alacaqları kreditlərə görə güzəştlər olunacaq. Amma indiki vəziyyətdə aldıqları kreditləri ödəyə bilməyən sahibkarlara və əhali kateqoriyasına güzəştlər ətrafında hələ danışıqlar gedir. Sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə, həm də mövcud kreditlərin ödənilmə müddətində güzəştlərin də əlavə edilməsini, o cümlədən əhalinin kredit borcları və faizlərin ödənilmsində bir neçə aylıq güzəştin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyaların dayandırılmasını, bunun əvəzində isə dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstək verməsini zəruri hesab edirik”.

Ə.Məsimli onu da qeyd etdi ki, proqramda kommunal xərclərlə bağlı yalnız elektrik enerjisindən istifadə limitinin 300 kvt saatdan 400 kvt saata çatdırılmsı öz əksini tapsa da, əhalinin əksəriyyəti bu dəyişiklikdən faydalanmayacaq, faydalananın isə qənaət etdiyi pul bir neçə manatdan artıq olmayacaq: 

"Tətbiq olunan xüsusi rejim şəraitində əhalinin evlərdə qalması, insanların təkcə işıq yox, bütün kommunal xidmətlərdən daha intensiv istifadə etməsinə gətirib çıxarıb. Buna görə də əhaliyə təkcə elektrik enerjisi sahəsində yox, bütün kommunal ödənişlərdə, xüsusilə də qaz və su xidmətlərinə görə ödənişlərdə güzəştlərin edilməsini zəruri hesab edirik.

Rəsmi proqnozlara görə, bu il 4,6 faiz inflyasiya gözləntisi nəzərdə tutulub. Bu ilin iki ayında inflyasiyanın 2,8 faiz olması göstərir ki, bu sahədə proseslər proqnozda göstərildiyindən də yaxşı meyil götürmüşdü. Amma koronavirus və onun ətrafında gedən proseslər qiymətlərin də artmasına təsir edir. Bunun bazar münasibətlərinin qanunauyğunluğundan doğan təbii tərəfinin baş verməsi labüddür… Amma qiymətin süni surətdə artımının hər faizi ailə büdcəsinə ildə 370 milyon manat ziyan vurur. Koronovirusun yaratdığı şəraitdən istifadə edib saxtakarlıq edən ünsürləri durdurmaq mümkün olmasa, bir sıra məhsulların qiymətləri sürətlə artmaqda davam edər ki, bu da əhalinin güzəranına ciddi zərbə vurar. Əhalinin qiymət artımından itkilərinin müəyyən hissəsini qarşılamaqdan ötrü minimum əmək haqqının 250 manatdan 300 manata çatdırılması Vahid Tarif Cədvəlinin bütün 19 kateqoriyası üzrə maaş alan işçilərin əmək haqlarını artmasına müsbət təsir edər. Eyni zamanda minimum pensiyaların da 200 manatdan 250 manata qaldırılması hazırkı durumda vəziyyəti pisləşən aşağı pensiya alan yaşlı insanların durumuna bir qədər təsir etmiş olar”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi