Xəbər lenti

İran Aşıqlar Birliyinin sədrindən azərbaycanlı həmkarına cavab - NAZİRƏ MƏKTUB
Sənət 13:27 23.06.2018

İran Aşıqlar Birliyinin sədrindən azərbaycanlı həmkarına cavab - NAZİRƏ MƏKTUB

İran İslam Respublikasında fəaliyyət göstərən Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi Qaynarinfo-ya məktub ünvanlayıb. Məktub Azərbaycan Mədəniyyət naziri Əbülfəz Qarayevə və Xarici işlər naizri Elmar Məmmədyarova ünvanlanıb. Məktub əsasən Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının 2017-ci ilin sonlarında mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlərə cavab verilib. Həmin məktubu olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının 
Xarici İşlər naziri cənab Elmar Məmmədyarova
İran İslam Respublikasında fəaliyyət göstərən
Aşıqlar Birliyinin sədri 
Aşıq Səlcuq Şahbazidən

ƏRİZƏ

Çox hörmətli cənab nazir, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı 2017-ci ilin oktyabr ayında modern.az saytına verdiyi müsahibədə mənim və İran Aşıqlar Birliyinin ünvanına şər-böhtan danışıb. İranda Aşıqlar Birliyinin yaranmasına sevinmək əvəzinə bu adam həmin sayta deyir ki, guya mən yalançıyam, İranda heç bir Aşıqlar Birliyi yoxdur. 2017-ci il oktyabr ayının 5-də saytda gedən "Dədə Ədalətə görə Azərbaycan və İran aşıqları arasında QALMAQAL” adlı müsahibədə o, məni yalançı adlandırır, aşıqların gözündən salmağa çalışır. Mən bilmirəm Məhərrəm Qasımlı bu sözlərin altından necə çıxacaq və nəyin də əsasında belə söyləyib. O, deyir: "...Əvvəla, İranda Aşıqlar Birliyi adında rəsmi təşkilat yoxdur. Orada 20-yə yaxın belə adam özündən təşkilat uydurub. Səlcuq Şahbazi də həvəskar adamlardan biridir”. 

Hətta o, əlavə edərək deyir ki, "Düşünün, İran kimi bir dövlət, İran Aşıqlar Birliyi adında təşkilatın yaradılmasına izn verərmi? Bu adam sadəcə vəziyyətdən sui-istifadə edir. Səlcuq Şahbazi adında adam tanımıram və qəbul da etmirəm”. 

Əvvəla, doğrudan da bu M.Qasımlı İranda Aşıqlar Birliyinin olmasına belə şübhə ilə yanaşırdısa, o zaman ölkənizin Tehrandakı səfirinə məktubla müraciət edib bu haqda bir rəsmi cavab ala bilərdi. Amma görünən odur ki, bu adamın niyyəti tamam başqadır və onun üçün də deyir ki: "İran kimi bir dövlət İran Aşıqlar Birliyi adına təşkilatın yaradılmasına icazə verərmi?” O, belə deməklə nə istəyir? Niyə yalan danışır və dövlətimizə böhtan atır? Düşünmürmü ki, bu artıq tək Şahbaziyə yox, İran dövlətinə qarşı böhtan deməkdir? Məhərrəm Qasımlı deyir ki "Azərbaycanda Aşıqlar Birliyi dövlətin rəsmən tanıdığı yaradıcılıq təşkilatıdır”. Bunu düz deyir və mən də bunu çox yaxşı bilirəm. Amma görəsən İranda Aşıqlar Birliyi yoxdur deməklə elə onu himayə edən Mədəniyyət Nazirliyini də aşağıladığını düşünürmü? Axı İran Aşıqlar Birliyinin Tehranda keçirilən möhtəşəm açılış tədbirinə bizim rəsmi dəvətimiz əsasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi və Azərbaycanın Tehrandakı o vaxtkı səfiri də gəlmişdi. Belə çıxır ki, onlar hara və nəyə getdiklərini bilməyiblər? Ya da ki, İranın dövlət adamları o tədbirdə niyə iştirak etdiklərini bilmirdilər? Ya da ki bizim rəsmi dəvətimiz əsasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə bizim tədbirlərə nümayəndə göndərəndə səhv edib? 

Məhərrəm Qasımlının dediyindən belə çıxır ki, nə Azərbaycanın İrandakı səfiri, nə də Azərbaycanın Mədəniyyət naziriliyi onun qədər bir şey bilmirlər ki, bizim tədbirlərdə iştirak edirdilər. Məhərrəm Qasımlı deyir: "Səlcuq Şahbazi adında adam tanımıram və qəbul da etmirəm”. 

O məni şəxsən öz adından qəbul etməyə bilər və dediyi kimi "həvəskar” da saya bilər. Amma necə olur ki, onu himayə edən nazirlik məni qəbul edir, rəsmi yazışmalarımız olur, festivalda iştirakıma görə mənə Fəxri diplom verir, amma bu adam məni qəbul eləmir? O məni necə tanımır ki, mən Bakıda keçirilən iki aşıq festivalında iştirak etmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin diiplomu ilə də təltif olunmuşam (2010 və 2014)?! Belə çıxır ki onun heç o festivallardan xəbəri olmayıb? Bəs deyirdi mən Zəlimxan Yaqubun vaxtında da Aşıqlar Birliyində işləyirdim, onun birinci müaviniydim. Necə məni tanımır ki, Bakıda aparıcısı olduğu tədbirlərdə mənim adımı elan edib, çıxış üçün söz verib (bunları təsdiq edəcək videolar var əlimdə). 

Cənab nazir! Belə tədbirlərdən tək birini deyim: 2015-ci ildə Aşıq Ulduzun yubileyində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev və həmin nazirliyin şöbə müdiri Fikrət Babayevin də iştirak etdiyi tədbirin aparıcısı yenə Məhərrəm Qasımlı idi və mənə də çıxış üçün söz vermişdi. Yaddaşı beləmi xarab olub? 

Cənab nazir, mən 2016-cı ildə istədim Tehranda Dədə Ədalətin adına bir festival keçirim. Bu haqda Bakıda onun öz evində söhbətimiz olub, o da razılaşıb. Həmin söhbətdə mənimlə birlikdə böyük şairimiz Şəhriyarın oğlu da olub. Dediklərimi sübut edəcək səs yazısı da var əlimdə. Amma elə ki bu xəbər Məhərrəmə çatdı, rəhmətlik Ədaləti cürbəcür bəhanələrlə qoymadı Tehrana gəlməyə. Aşıq Ələsgərin adına keçirmək istədyim festivala da böyük maneçilik törətməyə çalışdı.

Cənab nazir, bəlkə də Sizə bunları yazmazdım, amma Azərbaycan Aşıqlar Birliyinin sədrliyi Məhərrəm Qasımlıya tapşırılandan sonra İran Aşıqlar Birliyini hər addımında ləkələməyə çalışır, düşünmür ki, axı başqa dövlətlərdə yaşasaq da bir mədəniyyətin daşıyıcılarıyıq və İranda aşıqlar daha çoxdur. Dövlətlər arasında mədəni körpüləri yandırmaq olmaz. Soruşun görək, onun niyyəti və istəyi nədir, kimə xidmət edir? Niyə unudur ki, bu sənət UNESCO-da Azərbaycan Respublikasının deyil, Azərbaycan millətinin mədəni sərvəti kimi qeydə alınıb və bundan bəhrələnmək həm də İranda yaşayan 30 milyondan çox azərbaycanlının haqqıdır. Yoxsa Məhərrəm Qasımlıya görə indi biz də UNESCO-ya ayrıca müraciətmi etməliyik ki, bizim də haqqımız tanınsın? 

Cənab nazir, eyni məzmunlu ərizə ilə 2017-ci ilin sonlarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevə də müraciət etmişdim. Həmin məktuba nazirliyin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin izası ilə aldığım 06 dekabr 2017-ci il 425/02-18/12 saylı cavab məktubunda belə yazılmışdı: "Bildiririk ki, professor Məhərrəm Qasımlı və digər aşıq sənəti tədqiqatçılarının səsləndirdikləri fikir və mülahizələr Mədəniyyət və Turizm nazirliyinin mövqeyini əks etdirmir”. 

Əgər cavab məktubunda deyildiyi kimi, M.Qasımlının söylədikləri Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmirsə, o zaman bu adam kimə və nəyə xidmət edir? M.Qasımlının mövqeyi hazırda rəhbərliyi ona tapşırılmış (məhz tapşırılmış) Aşıqlar Birlyini maliyyələşdirən, daim dəstək olan bir nazirliyin mövqeyi ilə üst-üstə düşmürsə, o zaman bu adam kimin mövqeyinin ifadəçəsidir? 

Niyə Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri olan vaxt İran Aşıqlar Birliyi və ümumiyyətlə, İran aşıqları ilə olan yaradıcılıq əlaqələri tamamilə kəsildi? 

Məhərrəm Qasımlı özümün və başçılıq etdiyim qurumun ünvanına bu şər-böhtanları niyə yığışdırmır? Yoxsa istəyir ki, sizdəki aşıqlardan eşitdiyim bəzi şeyləri də mən səsləndirim: məsələn, Birliyə rəhbərliyə başlayandan aşıqlara fəxri ad verilməsini şəxsi biznesə çevirməsindən (deyilənə görə, 2016-cı ildə 6 aşığa fəxri ad verdirməsindən heç mədəniyət nazirliyinin də xəbəri olmayıb), sənət bilicilərini Aşıqlar Birliyindən didərgin salmasından və s. Təbii ki, mən bunları etmərəm. Əvvəla ona görə ki, əlimdə buna dair tutarlı sübut yoxdur, ikincisi də M.Qasımlıdan fərqli olaraq düşünürəm ki, başqa dövlətdə fəaliyyət göstərən bir təşkilatın işinə qarışmağa mənim haqqım yoxdur. 

Cənab nazir, əgər Məhərrəm Qasımlının bu əməllərinə qarşı bir ölçü götürülməzsə və Məhərrəm Qasımlı dediklərinə görə mətbuatda İran aşıqlarından üzr istəməzsə, mən məcbur qalıb məhkəməyə müraciət edim gərək. İstəməzdim belə olsun, amma başqa yol qoymadı Məhərrəm Qasımlı. Məktubuma rəsmi cavab verəcəyinizə ümid bəsləyir və Sizə təşəkkürümü bildirirəm. 

Aşıq Səlcuq Şahbazi, 
İran Aşıqlar Birliyinin sədri 
İran, Tehran şəhəri



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->