Azərbaycan vətəndaşlarının saxlanılma səbəbləri və harada saxlandığı isə hələlik açıqlanmır.
İranın müvafiq orqanları iki Azərbaycan vətəndaşının saxlanılması xəbərini təsdiqləyib. Azərbaycanın Təbrizdəki konsulluğundan APA-ya verilən məlumata görə, göndərilən yazılı sorğuya cavab olaraq İranın müvafiq orqanları iki nəfərin saxlanılması faktını şifahi şəkildə təsdiqləyiblər.
Konsulluqda qeyd ediblər ki, Azərbaycan vətəndaşlarının saxlanılma səbəbləri və onların harada saxlanılması barədə məlumat yoxdur və bu məsələ araşdırılır.
Xatırladaq ki, APA-nın “Oyannews”a istinadən məlumatına görə, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin yardımçısı, adının isə Şamxal olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.
Qaynar.info
Şərhlər