İran müxtəlif etnik qruplardan ibarətdir və hər birinin öz dili və ya ləhcəsi var. İranda 40 milyona yaxın vətəndaşın danışdığı əsas dil isə, əlbəttə, Azərbaycan türkcəsidir.
İranda Azərbaycan türkcəsində bədii filmin çəkilişi ilk dəfə 2001-ci ildə Ərk qardaşlarının rejissorluğu ilə çəkilmiş "Soyuq” adlı film ilə başlayıb. Bu film Beynəlxalq Uşaq və Yeniyetmələr Festivalının ilk nümayişində üç əsas mükafata layiq görülüb: rejissoru "Qızıl Kəpənək”, Nəsrin Moradi filmdə ən yaxşı qadın roluna görə "özəl mükafat" və film olaraq Münsiflər Heyətinin Xüsusi Mükafatı.
Bu film çəkilməzdən əvvəl yerli və xarici festivallarda da uğurla iştirak edən İran kinosunda Azərbaycan türkcəsində qısametrajlı və sənədli filmlər çəkilsə də, türk bədii filmlərinin Azərbaycan dilində çəkilməsi daha az kinorejissorların marağındaydı.
Amma son illərdə İranla Azərbaycan və Türkiyə kimi türkdilli ölkələr arasında daha çox mədəniyyət və sənət mübadiləsindən sonra iranlı kuratorlar və kinorejissorlar türkdilli filmlər çəkməyə daha çox həvəsləndilər, o çümlədən, Həsən Fəthinin rejissorluğu ilə Türkiyə-İran birgə filmi olan "Eşqdən sərxoş” kimi ortaq əsərlər çəkməklə yanaşı, bu günlərdə ekranlara çıxan "Mənə romantik bir mahnı oxu” filmi də başqa bir yanaşmanı mənimsədi - o da İran filmlərinin Azərbaycan türkcəsində istehsalı oldu.
İranda bu yeni yanaşma tədricən iranlı kinorejissorlar və təbii ki, tamaşaçılar tərəfindən müsbət qarşılandı. Nəticədə son bir neçə ildə Azərbaycan türkcəsində filmlərin çəkildiyinin şahidi olduq.
Məsələn, 2020-ci ildə kinoteatrlarda iki Azərbaycan dilində bədii film - "Atabəy” və "Dəri” nümayiş etdirilib ki, bu filmlər azərbaycandilli soydaşlarımızla yanaşı, azərbaycanlı olmayan iranlı tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.
Həmçinin 40-cı "Fəcr" Film Festivalında İran-İraq savaşının azərbaycanlı şəhid generalı Mehdi Bəkrinin həyatından bəhs edən "Mehdinin məkanı” (Mogheyate Mehdi) filmi nümayiş etdirilib. Filmin rejissoru və yazarı Hadi Hicazifər, prodüseri Həbibullah Vəli Nejaddır. Mehdi Bəkiri Urmiyanın Aşura ordusunun komandanı olub və müharibəyə Qərbi Azərbaycan vilayətindən göndərildiyi üçün film Azərbaycan dilində çəkilib.
2021-ci ilin Novruzunda ekranlara çıxan "Mehdinin məkanı” filmi bu festivalın ən yaxşı və seçilmiş əsərlərindən biri olub, təkcə tənqidçilər tərəfindən deyil, farsdilli tamaşaçılar tərəfindən də bəyənilib.
Lakin bütün bu diqqətəlayiq münasibət və türk filmlərinin İran kinosunda qazandığı uğurlar İran kino sənayesində türk və hətta türk olmayan İran vətəndaşları tərəfindən qəbul edilsə də, təəssüf ki, hələ də türkcə filmlərə qarşı ayrıseçkilik İran kinosunda geniş şəkildə görünür.
İrandakı türk kinematoqrafçıları türk filmlərinin çəkilişi və istehsalı prosesində istehsal lisenziyasından tutmuş yayım lisenziyasına qədər müxtəlif çətinliklər və ayrıseçkilik, eləcə də min cür maneələrdən əziyyət çəkirlər.
Çox vaxt televiziyalarda, bəzən də İran kinoteatrlarında nümayişinə icazə verilməyən türkcə filmlərin "Fəcr” film festivalı kimi ölkədaxili festivallarda nümayişinə belə icazə verilmir. Verilsə belə, onlar adı çəkilən bu festivallarda sistematik ədalətsizliyə, ayrıseçkilik və haqsızlığa məruz qalırlar. Mükafatlandırılma prosesində isə münsiflər heyəti bu filmlərə qarşı çıxır, mükafatlandırma bölməsində onlara məhəl qoyulmur və haqsızlıq edilir.
Bu çərçivədə əslən İranın tanınmış türk rejissoru və eyni zamanda İranın Fəcr Film Festivalının münsiflər heyətinin üzvü olan Behruz Əfxəmi İran kinosunda türk filmlərinə qarşı qərəz və ayrıseçkilikdən dəfələrlə danışıb.
Məsələn, o, "möcüzə” kimi dəyərləndirdirdiyi "Qolçaq” filminin "Fəcr” festivalından kənarda qalmasının səbəbini belə izah edib:
"Film türk dilində olduğu və Azərbaycan dəyərləri daşıdığı üçün festivalın seçim komissiyası tərəfindən "Fəcr” festivalından kənarlaşdırıldı. Filmin antik və maraqlı mövzusuna fikir vermədilər və bu bəhanə ilə bu dəyərli və güclü filmi festival prosesindən kənarlaşdırdılar”.
Əfxəmi əlavə edib: "Bu hadisədən sonra "Qolçağ”ın rejissoruna zəng vurub dedim ki, çox yaxşı film çəkmisən, amma bəzi həssaslıqlar var ki, bu film festivalda nümayişə buraxılmır”.
Əfxami deyir ki, bir neçə il əvvəl Əsgər Yusefinejadın başqa bir türk filmi olan "Ev” də türkcə olduğu üçün münsiflər heyəti tərəfindən "Fəcr" film festivalından kənarlaşdırılıb.
Lakin İran kinosunda Azərbaycan türkcəsində çəkilən filmlərə qarşı ayrı-seçkiliklərə və haqsızlıqlara baxmayaraq, biz hələ də İran kinosunda bu cür istehsalın keyfiyyətcə və kəmiyyətcə artdığını, türk filmlərinin parladığının davam etdiyini görürük.
Müsbət dinamikaya baxsaq, tam əminliklə demək olar ki, yerli və xarici festivallar, eləcə də İran kino sənayesi gələcəkdə türk filmlərinin uğurlarının daha çox şahidi olacaqlar.
Aydın
Şərhlər