Siyasət 12:57 02.11.2022

İran Paşinyana niyə qucaq açdı? (ŞƏRH)

Ermənistan baş naziri Nikol Paşinyan Soçi görüşündən dərhal sonra İrana uçaraq burada ölkənin prezidenti İbrahim Rəisi ilə görüşüb. Görüş zamanı kitərəfli əlaqələrin müzakirə edildiyi bildirilir. Rəisi bildirib ki, Paşinyanın Tehrana səfəri iki ölkənin inkişafında dönüş nöqtəsi olacaq. O bəyan edib ki, İran Qafqaz regionuna həssas yanaşır, çünki Qafqaz İranın tarixi və sivilizasiyasının bir hissəsidir. Rəisi onu da vurğulayıb ki, regional məsələlərin həlli bu bölgənin rəsmilərinin əlində olmalıdır.

Bu yaxınlarda İran Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirib. Bu, İranın Azərbaycan torpaqlarının işğaldan azad edildiyi iki il ərzində sərhəddə keçirdiyi artıq üçüncü hərbi təlimdir. Ermənistanın torpaqlarımızı 28 il ərzində işğalda saxladığı dövrdə isə Tehran bir dəfə də olsun sərhədin həmin hissəsində hərbi təlimlər keçirməyib. Bu hadisə, ardınca Paşinyanın İrana dəvət olunması bir daha onu göstərir ki, Tehran rejimi bölgədə sülh və əmin-amanlığa sadiq Azərbaycana deyil, qarmaqarışıqlıq yaratmağa meylli olan Ermənistana "stavka” etməkdə davam edir. Bu isə bir daha onu göstərir ki, Tehran regionda sülhün, sabitliyin olmasında maraqlı deyil. Onun üçün regionun əvvəlki tək münaqişə ocağı olaraq qalması daha məqbuldir. 

Digər tərəfdən, çox güman ki, molla rejimi Paşinyanın bu səfərindən sonra İranda etnik azlıq kimi yaşayan ermənilərə milli-mədəni inkişafı yolunda yeni-yeni güzəştlər edəcək. Bunun müqabilində 30 milyonluq Azərbaycan əsilli İran vətəndaşlarına düşmən münasibət isə əvvəlki kimi dəyişməyərək qalacaq. İranı narahat edən başlıca məqam Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərdən sonra regionda yaranmış yeni situasiyadır. Belə ki, işğal dövründə İran nəzarətdən kənar qalan bu ərazilərdə istədiyi qanunsuzluqları edə bilirdi. Həmin dövrdə dəfələrlə bəyan edilirdi ki, işğal edilmiş Azərbaycan torpaqlarında İranlı narkotacirlər narkotik becərilməsilə məşğul olurlar. İndi isə bu imkanlardan məhrum olduqlarından Tehran artıq iki ildir ki, öz aqressivliyini açıq şəkildə göstərməyə başlayıb. Tehranı bu xüsusda əsasən də Zəngəzur dəhlizinin açılması perspektivi qıcıqlandırır.
 
Güman ki, Paşinyanla görüşdə də sözügedən dəhlizin açılmaması üçün Tehran İrəvana bacardığı dəstəyi verəcəyini bəyan edib. Digər tərəfdən, regional məsələlərin həllinin bölgə rəsmilərinin əlində olmasını istəyən İran özü bölgə ölkələrinə münasibətdə ikili standartdan çıxış etməkdədir. Belə ki, İran Azərbaycana münasibətdə sözdə mehriban qonşuluqdan danışsa da, reallıqda bütün siyasəti ölkəmizə qarşı yönəlib. İran Azərbycanın regiona kənar dövlətləri gətirə biləcəyindən ehtiyatlanır.
 
Dəfələrlə rəsmi Bakı bəyan edib ki, Azərbaycan üçüncü ölkələrin İrana qarşı mübarizədə öz ərazisindən istifadəsinə heç zaman imkan verməyəcək. Ermənistan isə son zamanlar açıq şəkildə İrana qarşı olan Qərbi öz ərazisinə gətirməyə çalışır. Avropa İttifaqının mülki missiyası məhz Ermənistan ərazisində yaradılıb. İrəvan ATƏT missiyasını da ərazisinə cəlb etmək istəyir. Buna baxmayaraq, Tehran bir dəfə də olsun Paşinyandan niyə bu addıma getdiyini soruşmayıb. Bu da onu göstərir ki, İranın narahat olduğu məqam heç də kənar ölkələrin bölgəyə gəlməsi deyil. Onu əndişələndirən, qorxuya salan Azərbaycanın güclənməsidir. Molla rejimi rəsmi şəkildə bəyan edir ki, dünyada müsəlmanların qoruyucusu qismində çıxış edir. Amma reallıqda onun hərəkət və əməlləri bunun əksini etdiyini deməyə əsas verir. İran islam ölkəsi olan Azərbaycanın deyil, xristian Ermənistanın yanında olmaqla bir daha göstərir ki, onun özü barədə islamın keşikçisi obrazını yaratması əslində həqiqəti əks etdirmir və müsəlman dünyasını aldatmaqdan başqa bir şey deyil. 

Rüfət Sultan