Xəbər lenti

Naməlum Kapitanın xatirəsinə
Məmməd SÜLEYMANOV
Ölkə 12:27 11.01.2025

Naməlum Kapitanın xatirəsinə

Gözəl olmayan günlərin birində - 2024-cü ilin 23 sentyabrında ən məşhur pulsuz internet-kitabxanalardan Flibustanın səhifəsində onun yaradıcısı Stiverin lakonik mətni peyda oldu:

"Son. Mən əcaib ölçülü qlioblastoma ilə xəstəxanadayam. Təəssüf ki, bu, həm Flibustanın, həm də mənim sonumdur. Hamıya təşəkkür, şən idi. Serverlər daha bir neçə həftəlik ödənilib”.

Bu gözlənilməz məlumatın milyonlarla bibliofildə, "flibustyerlər ordusu”nda hansı dəhşət və çarəsizlik hissini, emosiyaların vülkanını yaratdığını təsvir etmək çətindir. Qlioblastoma - beyin şişinin ən aqressiv formalarından biridir, müalicə alanların belə əksəriyyəti bir il ərzində vəfat edir. Deməli, Stiverin diaqnozu ölüm hökmüdür.

Elə də oldu. Oktyabrın 19-da Stiver Flibustanın bağlanmayacağını, ödənişlərin olunduğunu yazdı. Ayın 22-sində isə 2 gün əvvəl yazılmış, ancaq təxirə salınmış qeyd peyda oldu: "Əgər hər şey planla getsə, ayın 20-si ölümcül dozanı alacağam. Sabah bu qeydi silməsəm, deməli, hər şey alındı. Xahiş edirəm, bu təqdirdə məlumatı oktyabrın 22-si dərc edin - həm tarix üçün, həm də ona görə ki, heç kim "Stiverə kömək məqsədilə” vəsait toplamasın”.

Beləliklə, əfsanəvi kitabxananın naməlum yaradıcısı evtanaziya yolu ilə çıxıb getdi. Ondan sonraya isə adı ətrafında sirlər və prinsipial olaraq kitabdan pul qazanmağı istisna edən entuziastların səyi ilə yaranmış zəngin kitabxana qaldı.

Stiver çıxıb gedərkən kitabxanadakı mətnlərin sayı 640 mini ötürdü (hər gün yeni əsərlər əlavə olunur), qeydiyyatdan keçən istifadəçilər isə 1,4 milyona çatırdı (Buraya qeydiyyatdan keçməyən çoxsaylı "flibustyerlər”i də əlavə etsək, yəqin ki, rəqəm ən azı 2-3 dəfə böyüyər).

Nə deməkdir Flibusta? Reklamı, istənilən monetizasiyanı (kitabı pula çevirməyi) rədd edən ideyalı insanların yaratdığı və zənginləşdirdiyi ucsuz-bucaqsız pulsuz kitabxana. Oxucu üçün cənnət. Burada kitab yükləməyin məhdudiyyəti yoxdur. Klassikadan tutmuş ən son nəşrlərə qədər tapmaq olar. Uşaqlıqda oxuduğum, yaxud çoxdan axtardığım nə qədər kitabı məhz "piratların gəmisi”ndə tapdım (Vladimir Levinin "Fikir ardınca”sı, Daniil Daninin "Bu nisbi dünya”sı, Sepulveda, Qaleano, Mixail Trofimenkov... Hətta İqor Mojeykonun (məşhur fantast Kir Bulıçevin) elmi-kütləvi mətnlərini də). 

Və Flibusta həm də yarandığı 2009-cu ildən bəri fasiləsiz olaraq "bilik feodalları”nın, kitab dəllallarının, naşirlərin təqibi altında mövcudluq deməkdir. Əks tərəfin ixtiyarında kapitalizmin qanuna çevirdiyi qadağalar, məhkəmələr, bloklama var. Naşirlər ondan hətta Putinə şikayət etmişdilər. Və sayt 2015-ci ildən Rusiyada "əbədi blok”dadır.

Stiverin ölümü isə bir daha iki mühüm problemi - biliyin azad yayılmasının məhdudlaşdırılmasını və Adsız Qəhrəman mövzusunu aktuallaşdırdı. Və biz də bu iki məsələyə nəzər salaq.
 


***   

Başlanğıcda Librusek vardı - serveri Ekvadorda yerləşər pirat kitabxana. Onun yaradıcıları hər cür kopiraytın əleyhinə idi, reklamdan imtina edirdi, məntiqləri də bu cürdü: "Bəli, mən piratam, ancaq uzaqdayam, əliniz mənə çatmaz”. 2000-ci illərdə Librusek runetin əsas pulsuz kitabxanasına çevrildi.

İllər keçdi, Librusek naşirlərin, kopirayterlərin, kitaba biznes layihəsi, biliyə isə yalnız satışa çıxarılan əmtəə kimi baxanların ciddi baş ağrısına çevrildi. Librusekin yaradıcısı təzyiqlərə davam gətirmədi, dəllallarla kompromisə getdi, kitab yükləmək pullu oldu, sayt reklamdan gəlir götürmək yolunu seçdi, bir çox kitab silindi. Və bu, komandanı parçaladı. Kopiraytın ideoloji əleyhdarları, biliyin yayılmasının pulsuz olmasını prinsipial şəkildə qəbul edənlər Librusekdən ayrıldı. Çünki, pullu kitab heç də hamı üçün əlçatan kitab demək deyil.

Beləliklə, 2009-cu ildə Flibusta yarandı. Şüar da sadə idi - İnsanların oxumaq hüququ var, vəssalam. Yetərincə sinizmə aludə piratlar arasında Flibusta əvvəlindən tamamilə fərqlənirdi. Bu "kitab qardaşlığı”nda heç bir reklam və məhdudiyyət yoxdur, heç vaxt da olmayacaq. Sadəcə kitablar, müəlliflərin tərcümeyi-halı, biblioqrafiya. İstənilən oxucu üçün bu, cənnətdir. Onu naşirlər niyə sevməliydi ki?!

Əleyhdarların bəziləri prinsipdən dəm vururdu ("Kitablar oğurluqdur”), digərləri isə çaşıb qalmışdılar ("Pul təklif edirik - razılığa gəlmirlər!”). Mədəniyyətlə topdansatış və pərakəndə alver edənlər ən çox kimlərə nifrət bəsləyir? - Əlbəttə, təmənnasız idealistlərə. Və onların nəzərində, bu cür "kommunistlər” sadəcə mövcud olmamalıdır. Milyonlarla elmi məqaləni pulsuz yerləşdirmiş amerikalı gənc Aaron Şvartsı elm dəllalları məhkəmələrin və FTB-nin vasitəsilə o qədər təqib etdilər ki, 2013-cü ilin 11 yanvarında həyatına intiharla son qoydu (Öldürəndən sonra isə adını İnternetin şöhrət Zalına həkk etdilər). Belələrinin nəzərində Stiverin Aaron Şvartsdan elə də fərqi yoxdur - hər ikisi biznesə və obskurantizmin təntənəsinə mane olur.

Və Flibusta Rusiyada bloklanan ilk saytlardan biri oldu. 2013-cü ildə "Eksmo” nəşriyyatı saytı müəlliflik hüququnu pozduğuna görə məhkəməyə verdi. İroniya ondadır ki, nəşriyyat saytdan Rey Bredberinin kitablarını, o cümlədən "451 dərəcə Farengeyt”i silməyi tələb edirdi. Həmin kitabı ki, orada Bredberi "Kitabları yandırmaqdan daha ağır cinayət var - onları oxumamaq” yazırdı. İndi həmin kitabın pulsuz oxunmasını istəməyən, buna qanun vasitəsilə nail olanlar əslində Bredberinin ən böyük qorxusunu gerçəkləşdirirdilər. Həmin Bredberinin ki, avtobioqrafiyasında yazırdı: "19 yaşım olanda, kollecə qəbul ola bilmədim, çünki yoxsul ailədəndim. Pulumuz yox idi və mən pulsuz kitabxanaya getməyə başladım. Həftədə 3 gün kitab oxudum, 27 yaşımda universiteti yox, kitabxananı bitirdim. Jül Vern mənim atamdır, Herbert Uells - müdrik əmim, Allan Po - əmim oğlu, Fleş Qordon və Bak Rocers - dostlarım və qardaşlarımdır”.

Pulsuz kitabxana olmasaydı, bizim tanıdığımız Rey Bredberi də olmayacaqdı...

***

2015-ci ildə Flibusta Rusiyada rəsmən "əbədi blok” olundu. Elə həmin il Stiverin axtarışına başladılar, beynəlxalq məhkəmə ilə hədələdilər, onun kimliyinin müəyyən edildiyi (ancaq ad açıqlanmadı), Almaniyada yaşadığı bildirildi. Flibusta isə saytı İslandiya domeninə daşıdı. Sonunda bəlli oldu ki, kopirayterlərin də, dövlətin də piratlığa qarşı güclü təqiblərinə baxmayaraq, rusdilli oxucuları ədəbiyyatla ilk növbədə təmin edən məhz Flibusta və onun tipli kitabxanalardır.

Məlumatlara görə, Stiveri 2019-cu ildə Almaniyada saxladılar, Rusiya onun təhvil verilməsini tələb etdi, ancaq almanlar onun fəaliyyətində cinayət tərkibi tapmadılar və sərbəst buraxdılar.

Beləliklə, mədəniyyətin kommersiyaya xidmət etdiyi dövrümüzdə Stiver nə qədər Don Kixota bənzəsə də, məğlub olmadı. Əksinə, maarifçilik uğrunda bu qeyri-bərabər savaşdan qalib çıxdı. Onun ölümündən sonra da Flibustanın fəaliyyətini davam etdirməsi ən böyük qələbədir...

***

Stiver kimliyini sonadək məxfi saxladı. Əslində bu da onun insani keyfiyyətlərinin göstəricisidir. Nə pul üçün yaşadı, nə ad üçün. Sərvət və ad-sanın hər şey sayıldığı hazırkı "sivilizasiya”ya bundan bərk sillə ola bilərmi?!

Belə bir ehtimal var ki, Stiverin əsl adı Dmitri Karaçdır. SSRİ-nin son nəslinin nümayəndəsidir, Moskva Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsini bitirib, sonra Almaniyaya köçüb, orada proqramçı kimi çalışıb. Qazancını, enerjisini və vaxtını varlanmağa yox, Flibustaya sərf edib. Ancaq bu da fərziyyədir, fakt deyil.

Mənim nəzərlərimdə Stiven 18-ci əsrin fransız ensiklopedistləri (Bilik yayılmalıdır və hamı üçün olmalıdır) ilə 19-cu əsrin nəcib inqilabçılarının (Bu yolla Sistemi dəyişmək mümkün deyil, əvəzində fiziki azadlığını itirə bilərsən, ancaq kimlərsə cığırı açmalıdır) xüsusiyyətlərini özündə birləşdirən qəhrəmandır.

Onun öz ölümünü necə qarşılamasında da haradasa "Narodnaya Volya”çı Xalturini (anonimliyini saxlayaraq adını söyləməməsi) və eser Kalyayevi (edamını soyuqqanlı qarşılaması) görürəm.

Və bir də - Stiver sübut etdi ki, gələcəyə tuşlanmış, mütərəqqi ideya, təmənnasız fəaliyyət heç də illüziya deyil. Və bu ideya varsa, ona xidmət edənlər mütləq tapılacaq.

Bu da nəticə: Stiver yoxdur, onu yeni Stiverlər əvəzləyib. Bu dünyada təkcə dəllallar yox, Flibusta da yoluna davam edir...     

Məmməd Süleymanov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->